Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:40

Müdafiə nazirinin keçmiş müavini əsgər ölümünə görə məhkəməyə çağrıla bilər


Kərəm Mustafayev
Kərəm Mustafayev

Müdafiə nazirinin keçmiş müavini, Əlahiddə Ümumqoşun Ordu Komandanı olmuş Kərəm Mustafayevin məhkəmədə dindirilməsi tələb edilir. General-polkovniklə bağlı bu vəsatət Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində qaldırılıb.

Bu məhkəmədə ötən il iyunun 9-da itkin düşən, iki gün sonra meyiti tapılan əsgər Ceyhun Hüseynovun ölümüylə əlaqədar məsuliyyətə cəlb olunan iki nəfərin işinə baxılır. Bunlar əsgərin xidmət etdiyi N saylı hərbi hissənin komandiri, polkovnik Samir Həziyev və hərbi hissədə tibb xidmətinin rəisi Aydın Quliyevdir. Onların hər ikisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və səlahiyyət həddini aşmaqda suçlanır.

Təqsirləndirilən şəxslərdən polkovnik S.Həziyev həbsdədir, A.Quliyev haqqında isə həm istintaq, həm də məhkəmə dövrü üçün alternativ qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında iddia olunur ki, hərbi hissə komandiri S.Həziyev əsgər C.Hüseynovun itkin düşməsi haqda yuxarı komandanlığa vaxtında məlumat verməyib və onun axtarışlarından ötrü gərəkli tədbirləri görməyib.

Tibb xidmətinin rəisinə gəlincə, o, əsgərin sağlamlığı, onun hərtərəfli müayinə edilməməsi və bu istiqamətdə vacib olan addımları atmamaqda suçlanır.

Dindirilsələr də, məhkəməyə çağrılan şahidlər siyahısında adları yoxdur

Azərbaycan Diplomatiya Akademiyasının (ADA) tələbəsi olmuş C.Hüseynovun ölümüylə bağlı cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunda aparılıb. İşin məhkəmə araşdırması isə hadisənin baş verdiyi ərazi üzrə Naxçıvanda gedir. Ayyarıma yaxındır ki, Naxçıvan MR Hərbi Məhkəməsində araşdırmalar davam edir.

S.Həziyev və A.Quliyev məhkəmədə dindirilərkən özlərini təqsirli bilmədiklərini deyiblər.

Məhkəmədə vəkil vəsatət qaldırıb ki, müdafiə nazirinin keçmiş müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı olmuş Kərəm Mustafayev, eləcə də onun müavini vəzifəsində işləmiş Rəhim Cəfərov gəlib məhkəmədə ifadə versinlər.

Məlum olub ki, adları çəkilən generalların hər ikisi istintaq dövründə dindirilsə də, iş məhkəməyə göndəriləndə ittiham tərəfi onların adlarını məhkəmədə dindirilməli şahidlər siyahısına daxil etməyib. Ona görə də müdafiə tərəfi general-polkovnik K.Mustafayev və keçmiş müavininin əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldıraraq bildirib ki, onlara veriləsi sualları var.

Hakim İlham İbrahimov general-mayor R.Cəfərovun dindirilməsi haqda vəsatəti təmin edib. Onu məhkəməyə çağıracaqlar. K.Mustafayevə gəlincə, onunla bağlı məsələ, hələlik, baxılmamış saxlanılıb.

Bu iş üzrə məhkəmə araşdırmaları davam edir.

Əsgərin ölümüylə əlaqədar məsuliyyətə cəlb edilən şəxslərə ittiham verilmiş 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddədə 7 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG