Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:58

Famil Xəlilov ailəsi ilə danışıb


Famil Xəlilov
Famil Xəlilov

Ötən il İsveçdən readmissiya qaydasında Azərbaycana qaytarılan və mayın 2-də həbs olunan I qrup əlil Famil Xəlilov bu gün, mayın 23-də evi ilə telefonla danışıb.

Həyat yoldaşı Kiçikxanım Xəlilovanın sözlərinə görə, əri ona mayın 22-dən aclıq aksiyasına başladığını söyləyib: "Mənə dedi ki, dünəndən aclığa başlayıb. Famil su içir, amma qida qəbul etmir. Həyat yoldaşım qanunsuz həbsinə və məhkəmə qərarına etiraz edir".

K.Xəlilova bildirib ki, həyat yoldaşı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılır: "Famil bütün dərmanlarla təchiz olunur. Amma ona baxmaq üçün xüsusi personal ayrılmayıb. Ona digər dustaqlar kömək edir".

F.Xəlilovun qolları hərəkət qabiliyyətində deyil.

Xanımının bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

10 may 2024

İsveçin qaytardığı Azərbaycan vətəndaşı ev dustaqlığına buraxılmayıb

Məhkəmə ötən il İsveçdən readmissiya qaydasında Azərbaycana qaytarılan və mayın 2-də həbs olunan I qrup əlil Famil Xəlilovu ev dustaqlığına buraxmaqdan imtina edib.

Mayın 10-da Bakı Apellyasiya Məhkəməsində onun haqqında həbs qərarından verilmiş şikayətə baxılıb.

Məhkəməyə F.Xəlilovu da gətiriblər. Hər iki qolu iflic olan F.Xəlilov cibindən narkotik tapılması barədə ittihamı yalan adlandırıb. Onun sözlərinə görə, heç vaxt narkotikə hər hansı bağlılığı olmayıb və şərlənərək həbs edilib.

Vəkil Bəhruz Bayramov F.Xəlilov haqqında cinayət işinin qanunsuz və əsassız olduğunu bildirərək deyib ki, əllərinin hərəkət qabiliyyəti olmayan şəxsin cibindən narkotik tapılması ittihamı absurddur.

Vəkil: "Dəhşətə gəldim…"

"Mən Famil Xəlilovu bu vəziyyətdə həbsdə görəndə dəhşətə gəldim. Bu adam başqasının köməyi olmadan yemək yeyə, geyinə, yuyuna bilmir. Belə vəziyyətdə onu həbsdə saxlamaq olmaz", - bu sözləri dilə gətirən vəkil müvəkkili barədə həbs qərarının başqa növ qətimkan tədbiri ilə əvəzlənməsini, onun ev dustaqlığına buraxılmasını istəyib.

Müdafiəçi F.Xəlilovun tutulmasında iştirakı olan polislər haqqında da xüsusi qərar çıxarılmasını tələb edib.

Müstəntiq F.Xəlilovun ev dustaqlığına buraxılmasına etirazını bildirərək deyib ki, o, həbsdən buraxılsa, istintaqdan yayına, prosesin gedişinə təsir göstərə bilər.

Apellyasiya məhkəməsi şikayəti təmin etməyib. F.Xəlilov haqqında istintaq dövrü üçün seçilmiş 4 aylıq həbs qərarı qüvvədə saxlanıb.

Vəkil B.Bayramov AzadlıqRadiosuna bildirib ki, F.Xəlilovun ev dustaqlığına buraxılmasından ötrü yenidən vəsatət verəcək.

Almaniyada Əliyevi tənqid edənlərə narkotik ittihamı
Gözlə

No media source currently available

0:00 0:12:09 0:00

"Bizdən israrla Familin kompüter parolunu istədilər"

Mayın 2-də saxlanılan F.Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.

"Həmin gün 10 nəfərdən çox polis evimizə gələrək məni və üç azyaşlı uşağımı da 40-cı polis bölməsinə apardılar. Orada biz həyətdə gözlədik. Bizdən israrla Familin kompüter parolunu istədilər. Sonra bizi buraxdılar, amma bir neçə gün yoldaşımdan xəbərim olmadı, sadəcə, gəlib dərmanlarını apardılar. İki gün sonra məlum oldu ki, yoldaşım barəsində artıq həbs-qətimkan tədbiri seçilib", - həyat yoldaşı Kiçikxanım Xəlilovanın sözləridir.

Xatırlatma

Son illər Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfər narkotik və başqa ittihamlarla həbs edilib. Onların yaxınları həmin şəxslərin həbsini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları ilə izah edib. Yaxınları onların həbs zamanı işgəncə ilə üzləşdiyini də açıqlayıblar. Rəsmi qurumlar bu iddiaları qəbul etməyib.

Readmissiya – dövlət tərəfindən digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin geri qəbul edilməsidir.

Bu saziş vətəndaşını geri qəbul edən ölkənin üzərinə müəyyən öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək verməlidir.

XS
SM
MD
LG