Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:32

Gürcüstanın növbəti prezidenti çox gərgin durumda seçilir


Mixeil Kavelaşvili
Mixeil Kavelaşvili

Dekabrın 14-də hakim "Gürcü Arzusu"nun çoxluqda olduğu Seçici Kollegiyası 53 yaşlı keçmiş futbolçu və sağçı populist Mixeil Kavelaşvilini Gürcüstanın növbəti prezidenti seçəcək. Onun təntənəli andiçmə mərasimi dekabrın 29-da keçirilməlidir.

Bu da var ki, Gürcüstanda hökumət əleyhinə etirazlar dağıdılsa da, yetkili müddəti başa çatan 72 yaşlı prezident Salome Zurabişvilinin vəzifəsindən getmək fikri yoxdur. "Andiçmə olmayacaq, mandatım qüvvədədir," – o, hələ noyabrın 30-da belə deyib.

Diplomatla futbolçunun qarşıdurması

İki namizədin tərcümeyi-halı və siyasi baxışları tam fərqlidir. Zurabişvili 1921-ci ildə Qızıl Ordunun təcavüzü nəticəsində mühacirətə üz tutan bir ailədə dünyaya göz açıb. O, 2004-cü ildə Gürcüstanın Xarici işlər naziri təyin olunanadək, uzun illər Fransanın diplomatik xidmətində çalışıb. Karyerasında irəliləyərkən Zurabişvili Gürcüstan cəmiyyətinin daha çox şəhər sakinlərinə və öncül kəsimlərinə üz tutub. O, üz tutduğu insanları Gürcüstanın Avropa İttifaqıyla bütünləşməsinə inandırmaq istəyib.

2018-ci ildə prezident olmaq üçün “Gürcü Arzusu"nun dəstəyini qazanan Zurabişvili indi hakim partiyanı get-gedə avtoritarlaşan siyasi xəttinə görə tənqiq edir.

“Demokratiyaya sadiq qalan” Zurabişvilidən fərqli olaraq, Kavelaşvili özünü "xalqa sadiq" biri kimi gələmə verir. İşveç, İngiltərə və Rusiyada futbol oynamış Kavelaşvilinin uğurlu idmançı karyerası olub.

O, deputat seçiləndən sonra 2016-cı ildə “Xalqın gücü” partiyasını qurub. “Gürcü Arzusu”nun daha radikal və antiqərb qanadı sayılan bu siyasi birliyin seçiciləri mühafizəkar kənd sakinləridir. Kavelaşvili immiqrasiya və milli suverenlik, eləcə də ənənəvi gürcü dəyərlərinin qorunması məsələsində barışmaz mövqe tutur.

Böyük ehtimalla müxalifət və vətəndaş cəmiyyətinin üzvləri prezident seçkilərinin nəticələrini tanımayacaq. Kavelaşviliyə, hakim partiyaya ölkədəki son etirazlara qatılmayan kəsimlər rəğbət bəsləyir, Zurabişvili isə etirazçıların dəstəyinə arxalanır.

Gərginlik səngimir

Minlərcə gürcü polisinin qəddar davranışına baxmayaraq, paytaxt Tbilisidə etiraz aksiyaları ara vermir. Zurabişvilinin prezident sarayında qapanıb qalacağıyla bağlı əsassız şayiələr də dolaşır. Bir çox etirazçı polisin seçkilərdən qabaq nümayişlərin keçirildiyi Rustaveli küçəsinin "təmizlənməsindən" çəkinir.

Dekabrın 14-də yerli vaxtla saat 9-da başlayan səsəvermənin nəticələri həmin gün açıqlanacaq. Seçici Kollegiyasında müxalifət üzvləri olsa da, onlar səsverməyə qatılmayacaqlar. Bu seçkidə yalnız bir namizəd olduğundan, ikinci turun keçirilməsi mümkün deyil.

Gürcüstanın çağdaş tarixində bənzər bir hadisə 1991-ci ildə baş verib. O vaxt prezident seçilən Zviad Qamsaxurdiya dövlət çevirilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb. Sürgündə olan Qamsaxurdiya SSRİ-nin keçmiş Xarici işlər naziri Eduard Şevarnadzenin başçılıq etiyi yeni höküməti tanımaqdan boyun qaçırıb.

1993-cü ildə Gürcüstana qayıdan Qamsaxurdiya uğursuz silahlı dirənişə başçılıq edib və həmin ilin sonunda bilinməz bir ortamda dünyasını dəyişib.

Bu məqaləni AzadlıqRadiosunun jurnalistləri Eka Kevanişvili, Lela Kunçuliani və Lük Allnutt hazırlayıblar.

XS
SM
MD
LG