Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:24

Seçkiyə görə istefa verən diplomat


Emin İbrahimov
Emin İbrahimov

Bir azərbaycanlı diplomat təsəvvür edin ki, "seçki institutunun dağılması"na etiraz olaraq XİN-dəki işindən istefa verir. Azərbaycanın diplomatik korpusundan daha öncə də etirazçı səslər çıxıb, ancaq onlar, əsasən, xaricdə qalmağa, tənqidi fikirlərini ölkədən kənardan səsləndirməyə üstünlük veriblər.

Emin İbrahimov isə 2020-ci ilin fevralındakı parlament seçkilərini özü üçün "son damcı" sayaraq martın 13-də ovaxtkı xarici işlər naziri Elmar Məmmədyarova istefa ərizəsində yazıb. Bu həftə E.İbrahimovun saxlanmasından sonra onun yazdığı bildirilən ərizənin fotosu sosial şəbəkələrdə yayılıb.

ATƏT DTİHB 2020-ci il seçkilərində həqiqi rəqabətin qarşısının alındığını, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilərə "mənalı" seçim imkanı verilmədiyini bildirib. Eyni qurum 2018-ci il prezident seçkisinin beynəlxalq standartlara cavab vermədiyini, saxtakarlıqlarla keçirildiyini açıqlamışdı.

Bu ilin fevralında növbədənkənar prezident seçkisindən sonra isə ATƏT bildirib ki, fundamental azadlıqlara məhdudiyyətlər əsl demokratik seçki standartlarına ziddir.

Hakim də "maşa siyasəti" ilə maraqlanıb

Keçmiş diplomat E.İbrahimov iyulun 23-də, sentyabrın 1-nə təyin olunmuş, yenə növbədənkənar parlament seçkisi ərəfəsində saxlanıldı. O, xuliqanlıqda ittiham olunsa da, cinayət işini qondarma sayır, izlənildiyini deyir.

E.İbrahimov son illər AzadlıqRadiosu ("Dövlət babanın bildiyi": Putini əslində Azərbaycanda niyə canlı yayımladılar?), ToplumTV-yə müsahibələri ilə yadda qalıb, hakimiyyətin rusiyayönlü "maşa siyasəti" yürütdüyünü iddia edib. 2023-cü il Qarabağda 19-20 sentyabr əməliyyatından sonra bir aylıq inzibati cəza çəkib. Həbsdən çıxandan sonra sosial şəbəkədə yazıb: "Maşa siyasəti məsələsində mənə indiyə kimi iki yerdən hücum olub. Biri hakimiyyətdən. Bunu ittiham aktına da salmışdılar, hakim də soruşdu ki, niyə "maşa əməliyyatı" deyirsən və s".

Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunun açılışında
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunun açılışında

Maraqlıdır ki, keçmiş diplomat hakimiyyətin iyulun 20-22-də Şuşada təşkil etdiyi 2-ci Qlobal Media Forumundan bir gün sonra saxlanıb. Əsasən hökumətyönlü medianın, eləcə də bəzi xarici qonaqların dəvət olunduğu forum təbliğat platforması təsiri bağışlayıb. Tədbirdəki media mənsublarının ölkədə azı 10 jurnalistin, hökuməti tənqid edən bir sıra fəalların həbsdə olduğunu yada salmaması, ölkə başçısına bu haqda heç bir sual verməməsi belə düşünməyə əsas verir. Əvəzində hakimiyyətin bəzi keçmiş tənqidçiləri prezident Əliyevə dəvətə görə təşəkkür bildiriblər.

Qərb mediası diqqətlə izlənirmiş

Bir neçə il öncə ABŞ-nin Azərbaycan hakimiyyəti ilə müzakirələrindən agah bir mənbə AzadlıqRadiosuna deyirdi ki, "sizin ölkənin rəhbərliyi tənqidi vecinə almır". Amma İlham Əliyevin forumda səsləndirdiyi bir fikir xarici medianın, beynəlxalq hüquq-müdafiə qurumlarının tənqidlərinin ölkənin hakim eşelonunda diqqətlə izlənildiyini göstərir.

""Vaşinqton Post", təsəvvür edin ki, redaktorlar səviyyəsində onlarla məqalə dərc edir. Məni diktator, satrap adlandırırlar. (Prezidentin müşaviri) Hikmət Hacıyev bunu bilir", - Əliyev sözügedən forumda belə deyirdi.

Ölkədə fundamental azadlıqların pozulması bir sıra beynəlxalq hesabatlarda da əksini tapır, Azərbaycan "qeyri-azad" ölkələr sırasında yer alır. Hakimiyyət bu tənqidlərdən nəticə çıxarırmı, demək, çətindir. Görünən odur ki, ötən ilin noyabrından bəri ölkədə tənqidçi jurnalistlər, fəalların həbsi xəbərləri intensivləşib. Müşahidəçilər bu "təmizləmə" əməliyyatının seçkilərlə paralel aparıldığını, ölkədə alternativ səslərin susdurulduğunu deyirlər. Hakimiyyət təmsilçiləri isə ölkədə heç kəsin siyasi baxışlarına görə təqib olunmadığında israr edirlər.

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Nyu-Yorkda təşkil etdiyi ziyafətdə. 2017
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Nyu-Yorkda təşkil etdiyi ziyafətdə. 2017

Əliyev niyə respublikaçıları sevir

Bu həftə bütün dünyanın diqqəti Atlantik okeanının o tayına yönəldi. ABŞ prezidenti Co Bayden seçki yarışından çəkildi, vitse-prezident Kamala Harrisə dəstək bildirdi. Hələlik, demokrat partiyasından respublikaçı Donald Trampın rəqibinin kim olacağı qətiləşməyib. İndilik bəlli olan Harrisin bəzi rəy sorğularında Trampla arasındakı fərqi azaltmasıdır.

Prezident Əliyev isə Şuşadakı forumda açıq şəkildə dedi ki, Trampın prezidentliyi dövründə onunla çox səmərəli əməkdaşlıq olub. Prezident ABŞ-nin indiki administrasiyasından məyusluğunu gizlətməyib, ABŞ və Aİ-nin Ermənistanı hərbi baxımdan maliyyələşdirməyi müzakirə etməsinə toxunub.

Amerikalı politoloq Pol Qobl (Paul Goble)AzadlıqRadiosuna Bakının məyusluğunu "Azərbaycanın avtoritarizmə qucaq açaraq Rusiya ilə əlaqələri genişləndirdiyi bir vaxtda Qərbin Ermənistana meyllənməsi" ilə izah edir. "Prezident İlham Əliyev ABŞ-nin keçmiş və indiki prezidenti ilə əlaqələrinə bu prizmadan baxır", - təhlilçi vurğulayıb.

XS
SM
MD
LG