Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:33

İcra başçısının keçmiş müavini dələduzluq ittihamıyla məhkəmə qarşısında


Vəfa Allahverdiyeva 12 il Gədəbəydə icra başçısının müavini çalışıb və iki ay öncə bu vəzifədən çıxarılıb. O, yaxın günlərdə məhkəmədə müttəhimlər kürsüsündə əyləşəcək. V. Allahverdiyeva barədə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

O, icra başçısının müavini işlədiyi dövrdə Gədəbəyin Soyuqbulaq kənd sakini Cavanşir Məmmədəliyevi aldadıb, pulunu ələ keçirməkdə - külli miqdarda dələduzluqda ittiham olunur.

Cinayət işinin materiallarında iddia edilir ki, rayon təhsil şöbəsinin müdiri təyin olunmasını istəyən C. Məmmədəliyev 40 min bir, 10 min bir, min manat da bir – üç dəfəyə toplam 51 min manat pul verib. Digəl, nə həmin vəzifəyə təyin edilib, nə də pulu geri qaytarılıb.

İttihama görə, V.Allahverdiyeva hazırda başqa dələduzluq məsələsinə görə həbsdə cəza çəkən tanışı Təranə Bağırova ilə birlikdə dələduzluq edib.

İcra başçısının müavini V. Allahverdiyevayla birgə Gədəbəydən Bakıya gələrək, paytaxtdakı bir restoranda T. Bağırova ilə görüşüblər. Bunu həmin görüş iştirakçılarının hamısı təsdiqləyir: V.Allahverdiyevanın özü də, C.Məmmədəliyev də, onun oğlu Sərxan da, T. Bağırova da.

“Mənim Cavanşir Məmmədəliyevin oğlu Sərxana borcum vardı”

Zərərçəkmiş C. Məmmədəliyev deyir ki, elə restorandakı görüşdə T. Bağırovaya 40 min manat verib:

“Vəfa Allahverdiyeva demişdi ki, Təranə Bağırovanın Təhsil Nazirliyində işi həll edəcək tanışı var. 50 min manata həll olunacağı deyilmişdi. Bundan bir ay sonra Ayna Sultanovanın heykəlinin yanında da 10 min verdik. Min manat da kartına atmışıq”.

T. Bağırova restoranda aldığı 40 min manatın 10 minini sabiq icra başçısının müavininə verdiyini söyləyir. Qalan pulları da ehtiyaclarına xərcləyib, borclarını qaytarıb. O özünü təqsirli bilir.

V.Allahverdiyeva isə özünü təqsirli saymır. Restoranda onun iştirakıyla T. Bağırovaya 40 min manat verildiyini təsdiqləsə də, həmin puldan ona bir manat da çatmadığını deyir:

“Mənim Cavanşir Məmmədəliyevin oğlu Sərxana borcum vardı. Bir gün dedi ki, atası təhsil şöbəsinin müdiri olmaq istəyir, kimsə ona bu işdə kömək edə bilərmi? Təranə Bağırova bu işi görə biləcəyini demişdi. Nömrəsini vermişdim ki, özləri görüşsünlər. Dedilər, onu tanımırıq, ona görə mən də onlarla birlikdə getdim. Mənim başqa heç bir marağım olmayıb”.

V.Allahverdiyeva və T.Bağırovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham verilib. Bu maddədə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

T.Bağırova haqqında dələduzluq ittihamı ilə Nizami və Binəqədi rayon məhkəmələri toplam 3 il 7 aylıq cəza hökmü çıxarıb. O, hazırda həmin cəzasını çəkməkdədir.

2012-ci ilin sentyabrından icra başçısının müavini olan V.Allahverdiyeva 2024-cü il avqustun 22-də vəzifəsindən azad edilib. Ardından cinayət məsuliyyətinə cəlb olunub. İstintaq dövrü üçün onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG