Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:35

Prezident Əliyev: ‘Ermənilərin verdiyi xəritə 400 min minanı əhatə edir’


Prezident İlham Əliyev Şuşada
Prezident İlham Əliyev Şuşada

Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, Azərbaycan ərazilərində bir milyondan artıq mina basdırılıb, ermənilərin verdiyi xəritə isə təqribən 400 min minanı əhatə edir.

“Biz ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Bizim yerli şirkətlərdən biri artıq onları Azərbaycanda istehsal etməyə başlayıb”, – Əliyev vurğulayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

“Biz bilirik ki, o xəritələr onlarda var”

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra, Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı. Sonradan Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzində azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı.

Prezident Əliyev onda həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirmədiyini deyirdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə cavabında bildirmişdi ki, “biz əlimizdə olan xəritələri Azərbaycana verdik”, yəni “yaxşısını siyirtmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər”.

Prezident Əliyev iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında onu da deyib ki, müharibə bitəndən sonra minalar 300-dən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıb. Prezident bildirib ki, “həmin minaların xəritəsinin təqdim edilməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Ermənistanın baş naziri şəxsən rəsmi olaraq bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, elə xəritələr var”.

İlham Əliyevin bu dediklərinə Ermənistandan hələlik, açıqlama verilməyib.

Əliyev ilin sonunadək sülh sazişinin imzalanmasını mümkün sayır

Son 3 ilə yaxın müddətdə Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

Prezident Əliyev deyir ki, əgər Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin ilin sonuna qədər imzalanması mümkündür. Əks halda o, sülhün mümkünlüyünü istisna edib. Prezident Yerevanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını açıq bəyan etdiyini, bircə sənədə imza atmaq məsələsinin qaldığını vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə deyib ki, iki ölkə sülh sazişi imzalamasa, Azərbaycanla yeni müharibə ehtimalı böyükdür.

“Sülh sazişi imzalanmayınca, belə bir saziş hər iki ölkənin parlamentində ratifikasiya olunmayınca, əlbəttə, Azərbaycanla yeni müharibə ehtimalı böyükdür”, – Paşinyan iyulun 21-də “AFP”nin yaydığı müsahibədə bildirib.

Paşinyan iyulun 20-də deyib ki, iyulun 15-də Brüsseldə üçtərəfli görüşdə Laçın dəhlizinin açılması və Qarabağda humanitar böhranın qarşısının alınması yönündə konkret nəticə əldə olunmayıb. Brüsseldə Paşinyan İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüblər.

Paşinyan deyib ki, Xankəndi və Bakı arasında dialoq beynəlxalq müdaxilə və mexanizmlərsiz effektiv ola bilməz, “ona görə ki, Bakı Dağlıq Qarabağ ermənilərinə qarşı aqressiv və hədələyici ritorikasını davam etdirir. Bunun dərin məqsədi isə, fikrimizcə, Dağlıq Qarabağda etnik təmizləmədir”.

Rəsmi Bakı Qarabağda etnik təmizləmə aparmaq niyyəti haqda ittihamları indiyədək təkzib edib, Qarabağdakı ermənilərin öz vətəndaşları olduğunu bildirib.

XS
SM
MD
LG