Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:53

Hicab haqqında yeni qanun qadınlardan qisas almaq üçündür?


2022-ci il etirazlarından sonra artan sayda iranlı qadın məcburi baş örtüyü taxmaqdan imtina edir.
2022-ci il etirazlarından sonra artan sayda iranlı qadın məcburi baş örtüyü taxmaqdan imtina edir.

İranın hicaba dair yeni qanununu pozan qadınları uzunmüddətli həbslər, böyük cərimələr və ya ölkədən çıxışına yasaq gözləyə bilər.

AzadlıqRadiosunun əməkdaşları Kian Şərifi və Babək Qafuri Azər yazırlar ki, hicab və iffətlə bağlı noyabrın 30-da qəbul edilən qanun İslam Respublikasında etirazlar doğurub. Bu qanunu yüksəkrütbəli din xadimləri də tənqid atəşinə tutub.

Yeni qanunun 74 maddəsi var. Hamı bu qanunu pozmaqda şübhəli bilinənlər barədə polisə bilgi verməyə borcludur. Bundan boyun qaçıranlar cəzalandırılacaqlar.

"Buna qanun deməyə adamın heç dili də gəlmir", - İranda yaşayan tanınmış insan haqları fəalı və vəkil Nəzrin Sotude AzadlıqRadiosunun "Fərda" xidmətinə belə deyib. Onun sözlərinə görə, qanunlar vətəndaşları qorumaq üçün olsa da, yeni qanun "qadınları küçələrdə hər hansı güvəndən məhrum qoyur".

Getdikcə daha çox iranlı qadın İslam sisteminin əsas elementlərindən sayılan baş örtüyündən imtina edir.

2022-ci il unudulmayıb

Hicab məsələsi 2022-ci ildə İranda baş verən və əvvəllər görünməmiş etiraz aksiyalarında əsas rol oynamışdı. Hicab qanununu pozduğuna görə həbsə atılan gənc qadının - Məhsa Əminin məhbəsdə ölməsi aramsız nümayişlər doğurmuşdu.

Etirazlar zamanı qadın və qızlar baş örtüklərini çıxarıb yandırmışdılar. Hakimiyyətin etirazçılarla qəddarca davranışı yüzlərlə insanın ölümünə, minlərlə etirazçının həbsinə yol açmışdı.

Sotude deyib ki, bir çox iranlı ölümlərə görə məsuliyyət daşıyanların cəzalandırılmasını istəyir. Bunun əvəzində "qadın və kişilərdən qisas almaq üçün qanun layihəsini qəbul ediblər".

Qanun ləğv olunmazsa, tənqidçilərin addımlar atacağını deyən Sotude etirazların yenə baş qaldıracağını da istisna etməyib. O, uzun illər vətəndaş fəalı olduğundan, həssas məhkəmə işlərini, o sıradan hicaba qarşı dinc etiraza görə həbs edilmiş qadınların işlərini apardığından həyatının bəlli bölümünü həbsxanada keçirib.

Tehran metrosunda hicab nəzarətçiləri.
Tehran metrosunda hicab nəzarətçiləri.

İcrası imkansız qanun

Son illər hakimiyyət hicab taxılması barədə nəzarəti ikiqat gücləndirib. Artıq 2022-ci ildəki etirazlardan sonra ləğv olunmuş Əxlaq polisi və ya İrşad patrulları yenidən "dirilib".

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) da Tehranda hicab qaydalarına riayət olunmasına nəzarət üçün "Xeyirxahlıq elçiləri" adlı yeni bölmə yaradıb.

Noyabrın 12-də iranlı rəsmilər İslamdakı geyim qaydalarına qarşı çıxan qadınlara "elmi və psixoloji müalicə" təklif ediləcəyini deyib. Ölkə psixoloqları həyəcan təbili çalaraq deyirlər ki, bu, sağlam insanlara xəstə damğası vurulmasıyla sonuclanacaq.

İnsan haqları fəalı Sotude və İslam alimi Səqidə Vəsməgi dekabrın 1-də yaydıqları bəyanatda yeni hicab qanununu "utancverici" və orta çağa aid olduğunu bildiriblər.

Yeni qanun o dərəcədə mübahisəlidir ki, prezident Məsud Pezeşkian dekabrın 2-də belə deyib: "Onu asanlıqla gerçəkləşdirmək mümkün deyil". O, qanunu pozmaqda təqsirləndirilənlərə kəsilən yeni cəzaları da şübhə altına alıb.

Bir neçə yüksəkrütbəli din xadimi də yeni qanunun tətbiqinə iradını bildirib. "Bu qanunun böyük bir bölümünə əməl etmək bir yana, ... qanunun məqsədinə ziddir və gənclərin din ehkamına nifrətinə yol açacaq", - ayətullah Mustafa Möhəq Damad dekabrın 2-də ali dini xadimlərə açıq məktubunda belə yazıb.

Dekabrın 4-də əyləncə sənayesini təmsil edən tanınmışlar da bildiriblər ki, "vətənimizi böyük həbsxanaya çevirən istənilən qanun məntiqsizdir". Onlar hakimiyyəti bu qanunu ləğv etməyə çağırıblar.

XS
SM
MD
LG