Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:12

İranda hicaba riayət azalır, hakimiyyətin repressiyaları artır


Tehranda hicabsız qadınlar
Tehranda hicabsız qadınlar

Tehran polisinin icbari hicab qanununu daha sərtliklə tətbiq etməsi iranlıların şikayət dalğasına səbəb olub.

Onlar deyirlər ki, polis qanunu pozduğu iddia olunanlara qarşı aqressiv və hətta zorakı rəftara əl atır.

Tehran polisinin rəisi Abbasəli Məhəmmədian bəyan edib ki, yeni “hicab və bakirəlik” qanunu aprelin 13-dən tam ciddiliyi ilə tətbiq ediləcək, hərçənd sözü gedən qanun hələ ki, Nəzarət Şurası tərəfindən təsdiq edilməyib.

Bəzi vətəndaşlar bildirirlər ki, polis zabitləri hicab qaydasını pozanları tapmaq üçün avtomobillərin pəncərələrini dəyənəkləri ilə sındırırlar. Motosikletlərdə gəzən polisin də aqressivliyindən və zorakılığından şikayət edənlər var.

Bu da xəbər verilir ki, İranın əfsanəvi futbol qapıçısı Əhmədrza Abidzadənin arvadı və qızı Nəfisə LətifianNigar Abidzadə də Tehranın Fəriştə küçəsində hicab qaydalarını pozduqlarına görə saxlananların arasında olublar.

Fars xəbər agentliyinin iddiasına görə bu iki qadın “polislə dalaşdıqlarına və gərginlik yaratdıqlarına” görə saxlanıblar.

“Nur” planı

Sözü gedən yeni qanun Nəzarət Şurası tərəfindən təsdiqlənməsə də ali rəhbər ayətüllah Əli Xameneyi hüquq-mühafizə işçiləri ilə birgə Ramazan namazından sonra “dini qaydaları pozanlara” qarşı tədbirlər görülməsi tapşırığı verib.

Xameneyi məcburi hicab qaydasını “aşkar dini fətva” adlandırıb. Bu isə o deməkdir ki, qanuna daha böyük ciddiliklə əməl olunması tələb edilir.

Parlamentdən ötən il heç bir ictimai müzakirə aparılmadan keçmiş “hicab və bakirəlik” qanunu qadınların etiraz və itaətsizlik dalğası ilə üzləşib.

Bununla belə hələ də Nəzarət Şurasında baxılmaqda olan qanunda onun necə icra olunması da daxil, açıq qalan məqamlar var.

Polisin vəzifəli zabitlərindən Əhmədrza Radan Mehr agentliyinə deyib ki, qaydaların maşınla pozulduğu hallarda xəbərdarlıq ilk dəfədən verilir.

Radanın sözlərinə görə bundan sonra maşın saxlanır və müsadirə olunur.

Radan habelə hicab normalarını pozan biznes və fərdlərə qarşı Nur adlı plandan da danışıb.

O izah etməyə çalışıb ki, bu plan “mömin vətəndaşların” bizneslərin bağlanması ilə əlaqədar xahişləri əsasında işə salınıb.

Hicab qanunun pozulması halları artıb

AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, hakimiyyətin icbari hicab tədbirlərini gücləndirdiyi bir vaxtda bəzi məlumatlara görə Tehranda və İranın başqa böyük şəhərlərində qadınların hicab qaydasına riayət etməməsi halları çoxalıb.

2022-ci ildə gənc qadın Məhsa Əmini iddia olunduğuna görə hicab qaydasını pozması ilə bağlı əxlaq polisi tərəfindən saxlanmış və daha sonra polis idarəsində müəmmalı şəkildə vəfat etmişdi.

Bu ölüm hadisəsinə görə başlanan etiraz aksiyaları aylarla İranı bürümüşdü.

İranda 9 yaşından yuxarı qızlar üçün icbari olan hicab İslam inqilabından iki il sonra, 1981-ci ildən tətbiq edilməyə başlayıb.

O vaxt buna qarşı etirazlar olsa da hərəkat yeni dini hökumət tərəfindən yatırılmışdı.

İranda əslində o vaxtdan bəri bir çox qadınlar hicab qaydasına riayət etməməyə çalışırlar.

'Qorxuruq... İran böyük dövlətdir'. İsrailli sakinlərlə söhbət
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Cərimələr və cəzalar

"Hengaw" insan haqları təşkilatının ötən il üçün hesabatı İranda qadın fəallara qarşı məhkəmə prosedurlarına da işıq salıb. Qeyd olunur ki, azı 147 qadın fəal İran ədliyyə sisteminin mühakiməsinə məruz qalıb. Çıxarılan hökmlərə həbs, şallaq, bir halda isə ölüm cəzası daxildir.

Ümumilikdə 139 qadın fəal 553 il və 10 aylıq həbsə məhkum edilib. 10 nəfər isə həbs cəzasından başqa 557 şallağa da məhkum olunub ki, bu da İranda qadın fəallara sərt cəzaların kəsildiyini göstərir.

Çoxsaylı etirazçılar daxil olmaqla minlərlə insan, o cümlədən jurnalistlər, vəkillər, fəallar, rəqəmsal hüquq müdafiəçiləri saxlanılıb.

Azı doqquz etirazçı edam edilib. İnsan haqları qrupları və bəzi Qərb hökumətləri məhkəmələri "saxta" adlandırıb.

İranda etiraz aksiyaları genişləndikdən sonra hakimiyyət nümayişlərin iştirakçılarına qarşı sərt repressiyalara başlayıb.

İctimai yerlərdə hicab qaydasını pozanların aşkar edilməsi üçün gizli kameralar quraşdırılıb.

Məhsa Əmini və onun ölümündən sonra İranda başlamış “Qadın, Həyat, Azadlıq” hərəkatı Avropa Parlamentinin ali Saxarov Mükafatına layiq görülüb.

XS
SM
MD
LG