Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:20

Soyuq havalar İranda enerji böhranının miqyasını üzə çıxarıb


İranın şimalında son günlər havanın temperaturu -20 dərəcəyə qədər enib.
İranın şimalında son günlər havanın temperaturu -20 dərəcəyə qədər enib.

Dünyanın ikinci ən iri təbii qaz yataqları İranda olsa da, bu ölkədə elektrik kəsintiləri qış aylarının ayrılmaz hissəsinə çevrilib.

İran ilboyu hava kirliliyindən əziyyət çəkir. Ancaq qışda qaz çatışmadığından elektrik stansiyaları aşağı keyfiyyətli mazut yandırmalı olur. Beləcə, hava ciddi ölçüdə kirlənir.

Son həftələrdəki soyuq hava İranın qaza tələbatını ödəməkdə çətinlik çəkdiyini bir daha göstərib; Məktəblərdə dərslər onlayn rejimə keçirilib, enerjiyə qənaət məqsədilə dövlət idarələrinin bağlanmasına əmr verilib.

Böhranın ciddiliyini vurğulayan prezident Məsud Pezeşkian ötən həftə xalqa üz tutaraq qızdırıcılarını iki dərəcə aşağı salmağı insanlardan xahiş edib.

Digər dövlət rəsmiləri də buna bənzər məsləhətlər veriblər. Xarici işlər naziri Abbas Əraqçı öz əməkdaşlarına işdə isti paltar geyməyi tapşırıb.

Son günlər İranın bəzi yerlərində 20 dərəcə şaxta var

"Özəlliklə Tehran və şimal əyalətlərində havalar çox soyuq olduğu üçün vəziyyət pisdir. Ancaq son iki-üç ildə istehsalda artım olmadığı halda, qaçaq istehlak trendinin mövcudluğu durumu daha da ağırlaşdırır", - ABŞ-də fəaliyyət göstərən "Eurasia Group" məsləhət şirkətinin İran və enerji məsələləri üzrə təhlilçisi Qreqori Bryu belə deyir.

İranda enerji subsidiyaları enerjinin qiymətlərini ucuzlaşdırır. Bu da aşırı istifadə doğurur.

Yarıtmaz idarəçilik və köhnəlmiş infrastruktur durumu daha da ağırlaşdırır. Bunlar İranın artmaqda olan təbii qaz tələbatını qarşılaya bilməməsinə ciddi təsir göstərən amillərdir.

Neft çıxarılarkən yerin üzünə çıxan təbii qazın yandırılması da əsas problemlərdən biridir. İranın bu qazı toplamağa gərəkən texnologiyası olmadığından bu qaz yandırılaraq israf edilir.

Dünya Bankının bilgisinə görə, İran ötən il yandırılaraq itirilən belə təbii qaz həcminə görə (21 milyard kubmetr) dünyada ikinci olub. Bu, siyahıda dördüncü olan ABŞ-nin göstəricisindən iki dəfədən çox artıqdır. İtirilən qazın həcmi əhalisinin sayı İranın əhalisinə yaxın olan qonşu Türkiyənin qaz tələbatının 40 faizini ödəməyə yetəcək qədərdir.

Fars Körfəzindəki "Soruş" neft hasilatı platformasında qaz məşəlləri.
Fars Körfəzindəki "Soruş" neft hasilatı platformasında qaz məşəlləri.

İranın əsas qaz ehtiyatları ölkənin cənubunda, cənub-qərbində və dənizdədir. Bu isə o deməkdir ki, qazı ölkənin şimalına daşımaq üçün geniş və güclü şəbəkəyə ehtiyac var. Bryu deyir ki, İran buna nail olmaq üçün həm köhnəlməkdə olan infrastrukturunu genişləndirməyə, həm və hasilatı artırmağa ciddi yatırım etməlidir.

Sanksiyalar durumu ağırlaşdırır

"Ancaq investisiyalar olmadan bunu etmək çətindir. Onların da olmasını həm zəif iqtisadiyyat, həm də beynəlxalq sanksiyalar əngəlləyir", - yenə Bryunun sözləridir.

ABŞ nüvə və raket proqramına görə Tehranı ağır sanksiyalara məruz qoyub. Bu sanksiyalar İran iqtisadiyyatını iflic edərək Tehranın neft və qaz satmaq imkanlarını məhdudlaşdırıb. Sanksiyalar İranın xaricdən sərmayə və texnologiya cəlb etməsinə də mane olur.

İran Körfəzində yerləşən "Cənubi Pars" mədəni dünyanın ən iri qaz yatağıdır. İran bu yatağı Qətərlə paylaşır. Qətərdə bu yatağın adı "Şimal"dır (Əş-şiməl).

Qətər bu qaz mədəninin özünə aid hissəsini işlətmək üçün beynəlxalq enerji şirkətləri ilə gəlirli sazişlər imzaladığı halda, İran öz hissəsini istismar edə bilmək üçün, sadəcə, özünün zəif yerli imkanlarına güvənməli olub.

İranın qış aylarında qaz qıtlığı ilə sonu görünməyən mübarizəsi fonunda bir çoxları qonşu İraq və Türkiyəyə qaz ixracını sorğulayır.

"…İran ixracatını artırmaq üçün hər cür üsul tapıb yararlanmağa məcburdur. Bu da daxildəki təchizatın üzərinə düşən yükü ağırlaşdırır", - Bryu belə deyir.

İranın nüvə proqramı üzündən Qərblə qarşıdurması sanksiyaların aradan qaldırılma ehtimalının az olduğunu göstərir. Ekspertlər deyirlər ki, Donald Trampın yanvarda Ağ evə qayıtmasından sonra bu təzyiq daha da artacaq.

XS
SM
MD
LG