Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:27

İranda tanınmış vəkil həbsxanadan buraxıldı, hicabsız fotosu paylaşıldı


Nəzrin Sotude
Nəzrin Sotude

İranda tanınmış insan hüquqları müdafiəçisi, vəkil Nəzrin Sotude iki həftə həbsdə saxlandıqdan sonra müvəqqəti olaraq azad edilib.

Bu barədə məlumatı onun əri X sosial media platformasında paylaşıb.

Rza Xəndan noyabrın 15-də Sotudenin həbsdən azad edilməsini əks etdirən fotonu dərc edib. Bu fotoda vəkil hicabsızdır.

Sotude oktyabrın 29-da 17 yaşlı Armita Gəravəndin dəfnində saxlanmışdı.

Gəravənd iddia olunduğuna görə Tehran metrosunda əxlaq polisi ilə qarşıdurmada xəsarət almışdı.

Hicab qaydasını pozduğu deyilən Gəravənd daha sonra komaya düşüb və vəfat edib.

Dəfndə həbs

Həmin dəfndə Sotude ilə birlikdə daha bir neçə qadın, o cümlədən 2020-ci ilin yanvarında İran İnqilab Keşikçiləri Korpusu tərəfindən vurulmuş Ukrayna sərnişin təyyarəsində ölənlər üçün ədalət tələb edən Mənzər Zərabi də saxlanmışdı.

Bəzi məlumatlara görə Zərabi oktyabrın 30-da sərbəst buraxıllıb.

Xanım Sotude İslam Respublikasının saxladığı çox sayda fəalın müdafiəçisi olub.

O vəkillik fəaliyyəti ilə bağlı 2010-cu ildən bəri dəfələrlə həbs olunub və hətta təkadamlıq kameralarda saxlanıb.

AzadlıqRadiosunun İran xidməti - Radio Fərda noyabrın 6-da yazırdı ki, Sotudeyə qarşı yeni ittihamlar irəli sürülüb.

Bunlar "milli təhlükəsizliyi sarsıtmaq məqsədilə toplanma", hökumət əleyhinə təbliğat, ictimai asayişin pozulması və polisə itaətsizlik ittihamlarıdır.

“Qadın, Həyat, Azadlıq”

İranda 9 yaşından yuxarı qızlar və qadınlar üçün hicab 1981-ci ildə, İslam inqilabından iki il sonra icbari edilib.

O vaxt bu qərar hiddətlə qarşılanmış, etirazlara səbəb olmuş, amma yeni hakimiyyət bütün aksiyaları amansızlıqla yatırmışdı.

O vaxtdan bəri İranda bir çox qadınlar hicab qaydasını sistematik şəkildə pozmaqda davam edirlər.

22 yaşlı Məhsa Əmininin ölümü hicaba qarşı müqavimətə yeni təkan verib.

“Qadın, Həyat, Azadlıq” devizi ilə keçirilən etiraz aksiyaları bütün ölkəni bürüyüb.

Bu aksiyalarda iştirak edənlər hicaba qarşı şüarlarla yanaşı, həm də dini hakimiyyətin devrilməsinə çağırışlar edirlər.

İran məşhurları – yazıçılar, aktyorlar, kino sənətçiləri və jurnalistlər aksiyalara dəstək bildirirlər.

XS
SM
MD
LG