Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:43

İrandan 16 minədək həkim gedib


İranda göz müayinəsi
İranda göz müayinəsi

Hazırda peşəkar həkimlər kütləvi şəkildə İrandan gedir. Son illər dərinləşən iqtisadi çətinliklər, pis iş şəraiti minlərlə həkimin ölkədən getməsinə, rəsmilərin isə xəbərdarlıq səsləndirməsinə səbəb olub. Onlar ölkənin kəskin mütəxəssis, müalicə həkimi çatışmazlığı ilə üz-üzə qaldığını deyirlər.

Ortayaşlı həkim Sepide xaricdə daha yüksək maaş və daha yaxşı həyat şəraitindən faydalanmaq üçün İrandan gedib. Əvvəlcə Omana köçən tənha ana sonradan oğlu ilə birlikdə Finlandiyaya yerləşib.

“İranda iş şəraiti mərhəmətsiz idi. Oğlumu istədiyim məktəbə göndərə bilmədim”, – İranda qalan ailəsinin təhlükəsizliyi sarıdan narahat olduğundan Sepide tam adını açıqlamayıb.

Son illər İranı tərk edən minlərlə tibb mütəxəssisi ölkədə dərinləşən iqtisadi böhranı, çətin iş şərtlərini, sosial və siyasi azadlıqların olmamasını əsas gətiriblər.

İranın media orqanları 2020-ci ildən bəri 16 minədək həkimin islam respublikasını tərk etdiyini açıqlayıb.

Pandemiya və etirazların təsiri

Səhiyyə işçiləri arasında böyük itkiyə səbəb olan koronavirus pandemiyasından sonra axın güclənib. İran dünyada bu virusa ən çox qurban verən ölkələr sırasında yer alıb, 146 mindən çox ölüm qeydə alınıb.

Həkimlər ölkəboyu etirazçılara tibbi yardım göstərdiklərinə görə də hədəfə alınıblar. 2022-ci ilin sentyabrında hicabı düzgün bağlamadığına görə həbs olunmuş qadının polisdə vəfatı etirazlara yol açıb.

Sepide deyir ki, vətənini və böyük ailəsini tərk etmək kimi çətin qərarı maliyyə səbəbləri ilə bağlı olub.

“Maaşlarımız vaxtında ödənmirdi, iş şərtlərindən şikayətlərə bilmirdik. İş təhlükəsizliyimiz yox idi, vergilər yüksək idi”, – o vurğulayıb.

“Burada sosial azadlıqların var”

Sepidenin sözlərinə görə, son illər artan inflyasiya, milli valyuta rialın dəyərdən düşməsi həkimlərin həyatına təsir göstərib. Beynəlxalq sanksiyalar, hökumətin səriştəsizliyi isə iqtisadiyyatı əngəlləyib, yoxsulluğa, işsizliyə yol açıb.

“Burada [Avropada] aldığın maaş yaşamağa bəs edir. Burada sosial azadlıqların var”, – o danışır.

Rəsmi məlumata görə, ötən il xaricə iş dalınca 3 minədək həkim, o cümlədən 160 kardioloq, 800 tibb bacısı gedib.

“Bu ölkədə həkimlər azalır”, – İran İslam respublikasının Tibb Şurasının başçısı Məhəmməd Rəiszadə bu ayın əvvəlində cərrahların toplantısında deyirdi.

Onun sözlərinə görə, maaş azlığı iranlı həkimləri xaricə, xüsusilə neftlə zəngin Körfəz ölkələrinə “daha yüksək maaş” dalınca getməyə vadar edir.

Rəsmilərin kəskin həkim çatışmazlığı barədə xəbərdarlığına baxmayaraq, hökumətin bu axını önləməkdən ötrü hansı tədbirləri gördüyü bəlli deyil. Bəzi rəsmilər xaricdən həkim cəlbinə başlana biləcəyini söyləyib.

İnqilabdan sonrakı beyin axını

İran 1979-ci il İslam inqilabından üzü bəri kəskin beyin axınıyla üzləşib. Hazırkı dini isteblişmenti hakimiyyətə gətirən inqilabdan keçən 40 il ərzində 200 minədək peşəkarın ölkədən getdiyi, Qərbdə məskunlaşdığı bildirilir.

Həkim-mütəxəssis Şahram həyat şəraiti pisləşəndən sonra ötən il Kanadaya köçüb. O, İranda ilə 20 min dollara yaxın pul qazandığını, amma şişən inflyasiya və artan qiymətlərin son illər onun həyat şəraitinə kəskin təsir göstərdiyini deyib.

“Peşəkar gələcəyim sarıdan əndişələndim. Həkimlərə hökumət dəstək verməlidir. Dəstəyin olmaması həkimləri həvəsdən salır”, – yalnız adını açıqlayan Şahram Radio Fərdaya deyib.

Sepidenin sözlərinə görə, ixtisaslı həkimlərin itkisi özəlliklə narahatlıq yaradır. “Hər il xeyli mütəxəssis itiririk. Onlar xalqın əsl sərvətidir”, – o vurğulayıb.

XS
SM
MD
LG