Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:04

Qəzzada 6 israilli girovun meyiti aşkarlanıb


İnsanlar Benyamin Netanyahu hökumətinə qarşı nümayiş keçirərək İsrail-HƏMAS qarşıdurması fonunda Qəzzada girovların azad olunmasını tələb edirlər.
İnsanlar Benyamin Netanyahu hökumətinə qarşı nümayiş keçirərək İsrail-HƏMAS qarşıdurması fonunda Qəzzada girovların azad olunmasını tələb edirlər.

İsrail ordusu avqustun 20-də bildirib ki, ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-ın oktyabrın 7-də götürdüyü girovlardan altısının meyitləri aşkarlanıb. Meyitlərin ötən gecə Qəzzanın cənubunda əməliyyat nəticəsində tapıldığı deyilir. Amma onların nə zaman, necə öldüyü açıqlanmayıb. Girov ailələrinin forumu sözügedən şəxslərin sağ vəziyyətdə oğurlandığını bildirib.

HƏMAS qruplaşması bəzi girovların İsrailin raket zərbələri nəticəsində öldürüldüyünü, yaxud yaralandığını deyir.

"The Associated Press" yazır ki, bu, girovları fələstinli məhbuslara dəyişməyə, İsrailin Qəzzadan çıxmasına və davamlı atəşkəsə ümid bəsləyən HƏMAS-a zərbədir. Eyni zamanda hələ də sağ olduğu güman edilən onlarla girovun azadlığa buraxılmasından ötrü razılaşma əldə etmək üçün İsrail hökumətinə təzyiq arta bilər.

Baş nazir Benyamin Netanyahu girovların cəsədlərinin tapılması əməliyyatımı alqışlayaraq deyib ki, "dəhşətli itki ürəyimizi ağrıdır".

"İsrail dövləti girovların hamısının – sağ, yaxud ölü vəziyyətdə qaytarılması üçün səy göstərməyə davam edəcək", – o, bəyanatında bildirib.

HƏMAS-ın əlində hələ də 110 girovun qaldığı güman edilir. İsrail hökuməti onların üçdə birinin həlak olduğunu güman edir.

HƏMAS radikalları oktyabrın 7-də İsrailin cənubuna girərək 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürüb. 100-dək girov fələstinli məhbuslarla dəyişdirilib.

İsrailin Qəzzaya cavab zərbələrində isə 40 mindən çox fələstinli həlak olub.

Antoni Blinken
Antoni Blinken

Blinken deyir ki, İsrail ABŞ-nin atəşkəs təklifinə razılaşır

ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken) deyir ki, İsrail Qəzzada atəşkəs və girovların buraxılması ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq təklifinə razılaşıb. Blinken ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasını da bu addımı atmağa çağırıb.

Blinken avqustun 19-da İsrailin baş naziri Benyamin Netanyahu ilə iki saat yarım çəkən görüşündən sonra danışıb. O, razılaşdırılan təklifə silahlı qruplaşmanı narahat edən məsələlərin salınıb-salınmadığını deməyib. Bundan başqa, İsrail Qəzza daxilində iki strateji dəhliz üzərində nəzarət tələb edir, HƏMAS isə bunu rədd edir.

Birləşmiş Ştatlar, Misir və Qətər aylardır tərəflər arasında razılaşma əldə etməyə çalışır, danışıqlar dəfələrlə dalana dirənib. Blinken əlavə edib ki, bu vasitəçilər bir araya gəlib prosesi tamamlamalıdırlar.

"Liderlərdən sərt qərarlar tələb edən mürəkkəb məsələlər qalmaqdadır. Sonucda hər şey onlardan asılıdır", – Blinken vurğulayıb.

Blinkenin səfəri davam edir

Dövlət katibi Netanyahu ilə görüşdən dərhal sonra Qətərə, daha sonra isə Misirə gedərək danışıqları davam etdirəcək.

ABŞ ötən həftə Dohada atəşkəs üzrə danışıqlarda kompromis təklif irəli sürüb.

Atəşkəsin altı ay davam etməsi təklif olunur. Üç mərhələli proses zamanı HƏMAS oktyabrın 7-də İsrailə hücumu zamanı əsir götürdüyü şəxslərin hamısını azadlığa buraxır. İsrail isə bunun qarşılığında Qəzza sektorundan qüvvələrini çıxarır, fələstinli girovları azad edir. Atəşkəs zamanı birdəfəlik atəşkəsin şərtləri üzrə danışıqlara başlanması da nəzərdə tutulur.

Ancaq bəzi analitiklər bu təklifə skeptik yanaşırlar.

"Fikrimcə, bir çox hallarda burada arzuolunan gerçək kimi təqdim olunur, çünki indi risk çox böyükdür, münaqişənin Qəzzanın hüdudlarını aşması potensialı var", – Yaxın Şərq İnstitutunun aparıcı elmi işçisi Mirett Mabruk avqustun 19-da "Amerikanın Səsi"nə deyib.

İsrailin dəhlizlə bağlı mövqeyi

İsrail hökumətinin mətbuat katibi isə bazar ertəsi jurnalistlərə deyib ki, Netanyahu İsrail ordusunun Filadelfiya dəhlizində fiziki mövcudiyyətini saxlamasını nəzərdə tutan prinsipi "qətiyyətlə" dəstəkləyir. Söhbət Qəzza sektoru ilə Misir arasındakı sərhəddən gedir. İsrailin mövqeyincə, məqsəd cihadçıların ölümcül silah ehtiyatları ilə təmin olunmasının qarşısını almaqdır.

HƏMAS və "İslam cihadı" qruplaşmaları dünən bildiriblər ki, "kütləvi" qətllərə səbəb olan işğal siyasəti davam etdikcə, İsrail ərazisində "şəhid əməliyyatları"nı davam etdirəcəklər.

Son həftələr Qəzzada atəşkəs və girovların azad olunması ilə bağlı danışıqlar intensivləşib. Vaşinqton regionda münaqişənin eskalasiyasını önləməyə çalışır. Digər tərəfdən, HƏMAS lideri İsmayıl Haniyənin iyulun sonunda Tehranda qətlindən sonra İranın İsrailə mümkün hücumu ilə bağlı narahatlıq var.

"The New York Times" avqustun 7-də yazıb ki, İran Qəzza danışıqlarını pozmamaq üçün İsrailə hücumu təxirə salmağa razılaşıb.

XS
SM
MD
LG