Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:33

Livandakı atəşkəsə İsrailin böyük qələbəsi kimi baxılır


Beyrutda hava zərbəsi endirilən yerdə insanlar "Hizbullah" bayraqları daşıyırlar.
Beyrutda hava zərbəsi endirilən yerdə insanlar "Hizbullah" bayraqları daşıyırlar.

İsraillə "Hizbullah" silahlı qruplaşması arasındakı atəşkəs razılaşması bir ildən çox sürən savaşa son qoyub.

Ekspertlərin fikrincə, ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş razılaşma əsas hərbi məqsədlərinə nail olan İsrailin böyük qələbəsidir.

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi yazır ki, İsrail "Hizbullah"ın Livandakı hərbi, siyasi və iqtisadi mövqelərini sarsıdıb.

Üstəlik, İsrail "Hizbullah"la apardığı savaşı və onun raket zərbələrini Qəzzadakı müharibədən ayırmağa bacarıb.

İranın dəstəklədiyi qruplaşma İsrailə qarşı hücumlarını rəsmi Təl-Əvivin ötən ilin oktyabrında Qəzzaya havadan və yerüstü müdaxiləsindən sonra gerçəkləşdirib.

Atəşkəs razılaşması ABŞ-ın terrorçu təşkilat kimi tanıdığı, Avropa İttifaqınınsa təkcə hərbi qanadını qara siyahıya saldığı "Hizbullah"ın əsas dayaq nöqtəsindəki - cənubi Livandakı mövcudluğuna son qoyacaq. İsrail də quru qoşunlarını Livandan çıxarmalıdır.

"İsrail istədiyini əldə etdi", - Bəhreyndə yerləşən "Le Beck International" beynəlxalq konsaltinq şirkətinin kəşfiyyat üzrə rəhbəri Maykl Horovits belə deyib və əlavə edib: "İsraildə bəziləri düşünür ki, savaş "Hizbullah" tam məğlub edilənədək sürməli idi. Ancaq İsrailin əldə etdiyi anlaşma ümid bəsləyə biləcəyi qədər yaxşıdır".

"Hizbullah"ı qiymətləndirməmək olmaz

İsrailin Livana dağıdıcı havadan zərbələri "Hizbullah" rəhbərliyini və qruplaşmanın hərbi arsenalını məhv edib. Bununla belə, ekspertlərin fikrincə, parlamentdə nümayəndələri və Livanın şiə müsəlmanları arasında dəstəyi olan qruplaşmanı ciddiyə almamaq tezdir.

Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun eksperti Metyu Levittin fikrincə, indi "Hizbullah" əvvəlkindən zəif olsa da, hələ istər İsrail, istərsə Livandakı bir çox düşmən üçün təhlükəlidir.

Bu da var ki, ekspert düşünür ki, savaş silahlı qruplaşmanın Livanı İsraildən qorumaq narrativini məhv edib.

"Hizbullah" Qəzzadakı savaş sonlanadək İsrailə hücumlarını sürdürəcəyinə and içsə də, bu vədindən əl çəkməyə məcbur edilib.

İsrail və "Hizbullah" arasındakı savaş nəticəsində, çoxu dinc sakin, 3 min 600-dən çox şəxs həlak olub, bir milyondan çox insan qaçqın düşüb. Livanın cənubu və paytaxt Beyrutun bir hissəsi xarabalığa çevrilib.

Noyabrın 27-də atəşkəs sazişinin qüvvəyə minməsindən sonra BMT sülhməramlıları İsrail-Livan sərhədində yerləşdirilib.
Noyabrın 27-də atəşkəs sazişinin qüvvəyə minməsindən sonra BMT sülhməramlıları İsrail-Livan sərhədində yerləşdirilib.

"Qruplaşma nəinki Livanı qorudu, hətta onun maraqlarına zidd olaraq, ölkəni münaqişəyə sürüklədi. İndi də Qəzzadan ayrılaraq bu narrativdən əl çəkdi",- Horovitsin sözləridir. O, fikrini belə tamamlayıb: "Qruplaşma legitimlik böhranı ilə üzləşəcək və özünü yenidən ixtira etməli olacaq. Bunu da siyasi baxımdan ağıllı rəhbərliklə gerçəkləşdirmək olar".

"Hizbullah" atəşkəs razılaşmasına açıq şəkildə şərh verməsə də, onun üzvü, livanlı hüquqşünas Həsən Fədlallah qruplaşmanın Livanda silahsız qalmayacağını iddia edib.

"Livanda bir çox siyasi qrup buna qarşı çıxacaq", - Livanda yaşayan siyasi təhlilçi Əsəd Beçara AzadlıqRadiosunun "Fərda" xidmətinə belə deyib. "Hizbullah" Livanın cənub sərhədlərində olmayacaq və İsraillə üz-üzə gəlməyəcək. Bu səbəbdən onların silahları [Livana] istiqamətlənəcək. Livanda keçid dövrü çox çətin və dəyişkən olacaq".

İranın baxışı

"Hizbullah" uzun müddətdir "Dirəniş oxu" kimi tanınan İranın regional müttəfiq və proksi qüvvələri şəbəkəsində tac incisi sayılıb. Qruplaşma həm də İranın İsrailə qarşı birinci və ən qorxulu müdafiə xətti idi.

"İran atəşkəsin verdiyi aradan yararlanaraq "Hizbullah"ın "özünə gəlməsinə və sıralarını bərpa etməsinə yardım göstərməyə çalışacaq", - bunu Beynəlxalq və Güvənlik Məsələləri üzrə Almaniya İnstitutunun tədqiqatçısı Həmidreza Əzizi söyləyib və əlavə edib ki, İran və onun müttəfiqləri atəşkəs sazişini İsraillə qarşıdurmanın növbəti mərhələsinədək müvəqqəti fasilə sayırlar.

Atəşkəsin şərtlərinə görə, Livanın cənubunda BMT-nın sülhməramlı qüvvələri ilə birlikdə minlərlə livanlı əsgər yerləşdiriləcək. ABŞ Livan ordusuna hərbi dəstək verəcək və Fransa ilə birlikdə razılaşmanın icrasına göz qoyacaq.

Ekspertlərin fikrincə, Qərbin bölgədəki varlığı "Hizbullah" vasitəsi ilə uzun müddətdir Livana təsir göstərən İranın ciddi narahatlığına səbəb olacaq. Rəsmi Tehran bunu "Hizbullah"ın daxili siyasi rəqiblərini dəstəkləmək və qruplaşmanın Livan siyasətində fəal qalmaq potensialını sarsıtmaq cəhdi kimi qəbul edəcək.

XS
SM
MD
LG