Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:46

İşsizlərin sayı bilinməsə, işsizlik problemi həll edilə bilərmi?


Rayonlarda işsizlik: 'Qarnımıza çörək yemirik'
Gözlə

No media source currently available

0:00 0:05:33 0:00

Rayonlarda işsizlik: 'Qarnımıza çörək yemirik'

Azərbaycanda işsiz və iş axtaran şəxslərə yönəlik yeni qanun layihələri hazırlanacaq. Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanda işsizlik 2024-cü ilin martında 5.5 faiz olub. Qurum bildirir ki, aprelin 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 253.3 min nəfərə yüksəlib, onlardan 4 milyon 966.4 min nəfərini məşğul əhali təşkil edir. Başqa sözlə, hazırda ölkədə rəsmi işsizlərin sayı 286 min 900 nəfərdir. Hərçənd, yenə rəsmi məlumata görə, muzdla (əmək müqaviləsi və maaşla) çalışan işçilərin sayı 1 milyon 748.9 min nəfərdir. Rəsmilər bu ziddiyyəti qeyri-rəsmi məşğulluqla izah edir. Amma bir sıra müstəqil ekspertlər də deyir ki, rəsmi rəqəmlər real göstəriciləri əks etdirmir.

Rüfət Quliyev
Rüfət Quliyev

"1.5 faizə çatdırmaq mümkündür"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, işsizlik və inflyasiya bazar iqtisadiyyatının iki böyük problemidir: "Dünyada bazar iqtisadiyyatı olan ölkə yoxdur ki, orada həmin iki böyük problem olmasın. İşsizliklə mübarizə aparanda inflyasiya artır, inflyasiya ilə mübarizə aparanda isə işsizliyin səviyyəsi artır. Azərbaycanda işsizlik 5 faiz civarındadır. Belə olan halda dövlət bunu tənzimləyə, yardım edə, sosial ödənişləri həyata keçirə bilir".

Deputatın sözlərinə görə, Azərbaycan bazar iqtisadiyyatının neoliberal inkişaf yolunu seçib: "Əsas odur ki, siyasi iradə var və bu gün mikro, kiçik və orta sahibkarlığın inkişafı həyata keçirilir. Bu, işsizliyin azalması üçün səmərəli olacaq və bununla işsizliyi 1.5 faizə çatdırmaq mümkündür".

R.Quliyev hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı istənilən proqram kiçik və orta sahibkarlığın inkişafı ilə uzlaşmalıdır: "Belə olan halda işsizliyin səviyyəsini xeyli azaltmaq mümkün olacaq".

Deputat vurğulayır ki, işsizlərin arasında gənclərin sayının çox olması xüsusilə təhlükəlidir: "Ona görə də texniki peşə məktəblərinin sayını artırmaq lazımdır. Məsələn, Lənkəran Peşə Liseyinin məzunlarının 95 faizi işlə təmin olunur. Eyni zamanda, bazar iqtisadiyyatı olan ölkələrdə iş adamları 35 yaşından yuxarı insanları işə götürməkdə həvəsli deyillər. Bu peşə məktəbləri həmin insanlara peşəsini dəyişməyə imkan verəcək".

Natiq Cəfərli
Natiq Cəfərli

"...İşsiz deyil, işləmək istəməyəndir"

İqtisadçı Natiq Cəfərli isə düşünür ki, Azərbaycanda işsizliyin qeydiyyatı özü də bir işdir: "Yəni, işsiz kimi qeydiyyata düşmək üçün çoxsaylı prosedurlardan keçməlisən və yalnız bundan sonra səni işsiz kimi qeydiyyata ala bilərlər. Ona görə də bizdə işsizliklə bağlı müraciətlərin sayı xeyli dərəcədə azdır".

O xatırladır ki, qanunvericiliyə görə, işsiz kimi müraciət edənlərə altı ay ərzində müxtəlif işlər təklif olunur: "Təklif olunan işlər isə, əsasən, az maaşlı və insanların ixtisasına uyğun olmayan işlərdir deyə, insanlar çox zaman onlardan imtina edirlər. Belə olan halda həmin insanları siyahıdan çıxarırlar ki, bu, işsiz deyil, işləmək istəməyəndir".

N.Cəfərlinin fikrincə, beynəlxalq təcrübəyə keçid üçün Azərbaycanda rəsmi iş yerlərinin sayı reallığı əks etdirməlidir: "Bizdə muzdla çalışanların sayı 1.7 milyondan bir az çoxdur. Amma Azərbaycanda 5 milyondan çox əməkqabiliyyətli əhali var. Bu o demək deyil ki, ölkədə 4 milyon işsiz var. Amma 5 faiz də deyil. Sadəcə bizdə təsnifatda problem var. Məsələn, kimin torpaq payı varsa, fermer, VÖEN olanları da sahibkar kimi qeydiyyata alırlar. Bu, doğru deyil. Birinci növbədə statistik məlumatların reallığı əks etdirməsinə ehtiyac var".

Onun hesablamalarına görə, Azərbaycanda qeyri-rəsmi işləyənlərin sayı 2 milyona yaxındır: "Onların rəsmiləşdirilməsi baş verməlidir və o zaman işsizlik avtomatik onlayn müəyyənləşəcək. Bunun üçün nə müraciətə ehtiyac qalacaq, nə də prosedur qaydalara. Bundan sonra müəyyənləşəcək ki, hansı sahələrdə işsizlik daha çoxdur, hansı sahəyə daha çox işçiyə tələbat var. Buna uyğun da əmək bazarı strategiyasını yaratmaq üçün baza yaranmış olacaq. Hazırda belə bir məlumat da yoxdur".

Hökumət rəsmiləri son illər bəyan ediblər ki, məqsədləri qeyri-rəsmi iş yerlərinin rəsmiləşdirilməsinə nail olmaqdır. Amma bununla belə, muzdla işləyənlərin sayında əhəmiyyətli artım gözə çarpmır.

XS
SM
MD
LG