Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:26

Prezidentin köməkçisi COP29-da jurnalistlərin həbsi, AzadlıqRadiosu və ToplumTV-dən danışdı


Hikmət Hacıyev
Hikmət Hacıyev

"Azərbaycan Respublikasında tam şəkildə qanunun aliliyi, o cümlədən də media azadlığı qorunur. Əgər siz kiminsə həbsi ilə əlaqədar danışırsınızsa, burada gəlin qanunun aliliyindən danışaq".

Bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ölkədə bir sıra jurnalistlərin həbsi ilə bağlı AzadlıqRadiosunun sualına cavabında deyib. O, noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikinci günündə jurnalistlərə danışıb.

H.Hacıyevin sözlərinə görə, qeyd edilən şəxslərin jurnalist fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir təqib halı baş verməyib. Onun vurğulamasına görə, söhbət onların jurnalistikadan kənar fəaliyyəti ilə bağlı proseslərdən gedir: "Kiminsə jurnalist olması qanunun aliliyinin pozulması anlamına gəlmir. Jurnalist olmaq qanundan üstün olmaq və yaxud da qanundankənar imtiyazlara sahib olmaq anlayışı deyil. Sizin dediyiniz şəxslərlə də bağlı mən konkret rəqəmləri deyə bilərəm. Burada böyük miqdarda qanunsuz maliyyə dövriyyəsindən söhbət gedir. Qanunsuz maliyyə dövriyyəsi Azərbaycan Respublikasının bir neçə fundamental əsaslı epizodlar üzrə qanunlarının pozulmasıdır".

Prezidentin köməkçisi daha sonra da sual edib: "Özlərini media orqanları adlandıran təsisatlar belə qanunsuz maliyyə fırıldaqçılığında iştirak edərək Azərbaycan qanunlarını pozduqlarını dərk etmirlər?".

+++

Hikmət Hacıyev ToplumTV ilə bağlı məsələlərdən də bəhs edib.

ToplumTV-nin əməkdaşı prezidentin köməkçisindən soruşub ki, bir sıra beynəlxalq qurumlar onların, "Abzas Media" nəşrinin əməkdaşlarının və daha başqa jurnalistlərin həbsi ilə bağlı COP29-un boykot edilməsini gündəmə gətiriblər, bu məsələlərin həllini necə görür?

H.Hacıyev suala cavab olaraq deyib ki, COP29-u boykot etmək üçün ətrafa baxmaq lazımdır: "Bu tədbirdə 70 mindən artıq xarici və yerli nümayəndələr iştirak edir. Ona görə də sizin dediyiniz ifadə bu tədbirə heç bir halda uyğun gəlmir".

Prezidentin köməkçisinin vurğuladığına görə, tədbirdə 3 mindən artıq media nümayəndəsi qeydiyyatdan keçib: "Baxmayaraq ki, adını çəkdiyiniz media orqanının Azərbaycan Respublikasında fəaliyyətində müəyyən hüquqi əsaslı məhdudiyyət və çərçivə var, amma sizin burada fəaliyyətinizə tam şəkildə sərbəst şərait yaradılıb. Kimə də lazımdır istədiyiniz sualı verirsiniz".

Xatırlatma

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hər biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Bugünlərdə həm bir sıra beynəlxalq təşkilatlar, həm də bəzi yerli müxalifət qüvvələri siyasi məhbusların azad olunması ilə bağlı Azərbaycan hökumətinə çağırışlar ediblər.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların fikrincə, COP29 zamanı belə iddialar səsləndirmək ölkəyə qarşı əsassız qarayaxma kampaniyasının tərkibidir.

2014-cü ildə AzadlıqRadiosunun Bakı bürosunun qapısı möhürlənib
2014-cü ildə AzadlıqRadiosunun Bakı bürosunun qapısı möhürlənib

"AzadlıqRadiosu Azərbaycanda legitim media strukturu deyil"

"AzadlıqRadiosu Azərbaycan Respublikası ərazisində legitim media strukturu deyil". Bunu da prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O, bunu Azərbaycanda "Media haqqında" qanunundan çıxış edərək söylədiyini bildirib: "AzadlıqRadiosu Azərbaycanda media subyekti olaraq fəaliyyət göstərmir".

Onun sözlərinə görə, AzadlıqRadiosunun Azərbaycanda fəaliyyəti Azərbaycan Respublikasının qanunları ilə ziddiyyət təşkil edir.

Azərbaycan Baş Prokurorluğu 2014-cü ildə AzadlıqRadiosunun Bakı bürosunda reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edib. Radionun azadliq.org vebsaytı isə 2017-ci ilin martından Baş Prokurorluğun müraciəti ilə Azərbaycanda bloklanıb. Prokurorluq vebsaytın ölkənin milli təhlükəsizliyinə hədə yaratdığını bildirib. Amma məhkəmədə bütün bu iddiaları müdafiə tərəfi təkzib edib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) isə bu il iyunun 13-də açıqladığı qərarda bir neçə məzmuna görə saytın blok edilməsini ifadə azadlığı hüququnun pozuntusu kimi tanıyıb.

Məhkəmənin qərarında bildirilir ki, Konvensiyanın 10-cu maddəsi hər kəsin məlumat və ideyaları almaq, habelə yaymaq azadlığına təminat verir. O, təkcə məlumatın məzmununa deyil, həm də onun yayılma vasitələrinə şamil edilir, çünki sonuncuya qoyulan hər hansı məhdudiyyət mütləq həmin azadlığa müdaxiləni ehtiva edir.

Qərara əsasən, hökumət AzadlıqRadiosuna 5 min avro mənəvi zərər əvəzi ödəməlidir.

+++

2022-ci ildə "Media haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.

Həmin qanuna görə, ölkədə fəaliyyət göstərən jurnalist və media orqanları media reyestrində qeydiyyatdan keçməlidirlər. Bir sıra beynəlxalq təşkilat və bəzi yerli ekspertlər həmin qanun qəbul edilərkən bundan narahatlığını bildirmişdilər. Onlar hesab edirdilər ki, bu qanun medianın daha çox nəzarətə alınmasına imkan yaradacaq.

XS
SM
MD
LG