Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:09

'Kərimə' dövləti qurmağa cəhddə suçlananlar: 'Əlimdən Quranı alıb, başımdan araqçını çıxardılar...'


'Kərimə dövlət' sayıqlaması: 'İran 44 günlük savaşdan sonra taktikasını dəyişib'
Gözlə

No media source currently available

0:00 0:09:05 0:00

'Kərimə dövlət' sayıqlaması: 'İran 44 günlük savaşdan sonra taktikasını dəyişib'

Azərbaycanda "Kərimə" dövləti qurmağa cəhddə suçlanan 6 nəfər məhkəmə qarşısına çıxarılıb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Arif Cümşüdov, İqbal Axundov, Tərzan Qaraşov, Xaqani Məmmədov, Anar İsayev və Sənan Məmmədovdan ibarət 6 nəfərin heç biri özünü təqsirli bilmir, Cinayət Məcəlləsinin 278 (hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişmə) və 234-cü (narkotik) maddələrilə onlara verilən ittihamları qəbul eləmir. Deyirlər ki, nə onlarda narkotik olub, nə də "Kərimə" dövləti qurmağa çalışıblar. Şərlənərək həbs edildiklərini, törətmədikləri cinayəti etiraf etmələrindən ötrü günlərlə işgəncəyə məruz qaldıqlarını bildirirlər.

“Özlərini “dindar” kimi qələmə verib...”

Cinayət işinin materiallarında iddia olunur ki, İranda yaşayan, oranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edən Rufulla Axundzadə və Bəxtiyar Bayramov hazırda məhkəmə önünə çıxarılmış A.Cümşüdovu şirnikləndirərək ələ alıblar. Ona tapşırıq veriblər ki, şəriət qanunlarıyla idarə olunan "Kərimə" dövləti qurmaqdan ötrü “müqavimətçi dəstə” yaratsın. O da yaşadığı Tərtər rayonunun sakinlərindən T.Qaraşovu, X.Məmmədovu, İ.Axundovu, S.Məmmədovu bu prosesə cəlb eləyib, evində onlarla gizli görüşlər keçirib.

İddia olunur ki, təqsirləndirilən şəxslərdən A.İsayevi şəxsən R.Axundzadənin özü əməkdaşlığa cəlb edib və sonradan onu A.Cümşüdovla tanışdırıb.

“Onlar özlərini cəmiyyətdə “dindar” kimi qələmə verib, sosial şəbəkələrdə, insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat aparıblar. İrandan məqsədli şəkildə göndərilən narkotikin satışını təşkil edib, əldə olunan külli miqdarda pulu Azərbaycanda dini radikalizmin təbliğinə, başqa pozuculuq fəaliyyətlərini maliyyələşdirməyə xərcləyiblər”, - Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun adları çəkilən şəxslərin həbsilə bağlı birgə məlumatında belə deyilir.

Polislər: “Narkotiki yerdən tapdıqlarını dedilər, inandıq”

Təqsirləndirilən şəxsləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (el arasında köhnə adıyla - “bandotdel” kimi tanınır) əməkdaşları fevralın 25-də Tərtərdə narkotik ittihamıyla saxlayaraq, Bakıya gətiriblər. Yalnız A.İsayev Bakıda – yaşadığı Hövsan qəsəbəsində tutulub. Ona da verilən ilk ittiham narkotiklə bağlı olub.

Məhkəmədə ifadə verən polislər bildiriblər ki, onlara təqsirləndirilən şəxslərin narkotik dövriyyəsilə məşğul olması haqda əməliyyat məlumatı gəlmişdi. Bu üzdən, əməliyyat qrupu yaradıb, Bakıdan Tərtərə gediblər. Fevralın 25-də səhər saatlarında orada olublar. Təqsirləndirilən şəxsləri ayrı-ayrılıqda rayonun müxtəlif yerlərində saxlayıb, Tərtər rayon Polis Şöbəsinə gətiriblər. Şöbədə onların hər birindən narkotik tapılıb.

Şahid qismində ifadə verən polislər deyiblər ki, Tərtərdə saxladıqları adamların hamısı onların üstündən çıxan narkotiki yerdən tapdıqlarını, özləri istifadə eləmək üçün götürdüklərini deyiblər. Tərtərdə narkotiklə əlaqədar əməliyyat-axtarış keçirilməsinə dair qərarda saxlanılan şəxslərin evlərinə də baxılması nəzərdə tutulub. Di gəl, polislərin sözlərinə görə, narkotikin yerdən tapılması haqda deyilənlərə inandıqlarından, saxlanılanların evinə baxış keçirməyə ehtiyac duymayıblar. Onlar saxlanılan şəxslərə təzyiq göstərilməsi, onlara işgəncə verilməsi haqda deyilənlərlə razılaşmayraq, bütün proseslərin qanunauyğun aparıldığını iddia ediblər.

“Elə işgəncələr veriblər, deməyə utanıram”

Təqsirləndirilən şəxslərsə bildiriblər ki, ciblərindən tapıldığı iddia olunan narkotiki şöbədə polis əməkdaşlarının özləri qoyub. Onlar döyüldüklərini, hədələndiklərini vurğulayıblar.

“Məni Seydimli kəndində deyil, Tərtər şəhər qəbristanlığında tutublar. Mən mollayam. Həmin vaxt da qəbristanlıqdaydım. Əlimdə də Quran vardı. Qəfildən gəlib əlimdən Quranı aldılar, başımdan da araqçını çıxardılar. Qollarımı burub, döyə-döyə apardılar. Şöbədə də dedilər ki, bu narkotiki boynuna götürməsən, gedib evindən çıxaracağıq”, - təqsirləndirilən İ.Axundovun sözləridir.

O deyir ki, 4 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıblar. Bu müddətdə orada dözülməz işgəncələrə məruz qaldıqlarını vurğulan İ.Axundovun sözlərinə görə, nəticədə sağ qolu çatlayıb:

“Bizi DTX-ya da aparmışdılar. 4 gün “bandotdel”də saxladılar. Sonra Kürdəxanıya (Bakı İstintaq Təcridxanasına -red.) köçürdülər. Ora aparanda sağ qolumda çat vardı, dizlərim yara idi. Elə işgəncələr veriblər ki, məhkəmədə deməyə utanıram, burada yaxınlarım var...”.

“Nə qədər lazımdır həbsdə qalım, amma...”

Təqsirləndirilən A.İsayev bildirib ki, onu da yaşadığı Hövsan qəsəbəsindəki qəbristanlıqda saxlayıblar. Onun sözlərinə görə, Quran oxutdurmaq adıyla telefonla qəbristanlığa çağırıb, orada tutublar:

“Onda atam təzə rəhmətə getmişdi. Bacım ağır xəstədir. Nə qədər dərdin-əzabın içindəyəm. 2005-ci ildən siqareti də buraxmışam. Məscidə gedib-gəlmişəm, heç nəyə qoşulmamışam. Bütün Hövsan məni tanıyır, cinayətlə işim olmaz. Nə qədər lazımdır, həbsdə qalmağa razıyam, təki həqiqət ortaya çıxsın”.

Təqsirləndirilən şəxslərin ittiham olunduğu Cinayət Məcəlləsinin 278-ci maddəsində 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

“Vəzifəli şəxslərin, ictimai xadimlərin həyatına sui-qəsd planlaşdırılıb”

Bu ilin mayında hüquq-mühafizə orqanları "Kərimə" dövləti qurmaq istəyən daha bir dəstənin - “Qisas 313” adlı qrupun üzvlərinin saxlanması barədə məlumat yayıb. Bu məlumatda iddia olunurdu ki, saxlanılan şəxsləri İrandan Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə təlimatlandırıb. Ölkədə iğtişaş yaratmaq, məmurların həyatına sui-qəsd eləmək və s. planları olub:

“Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə həyatına sui-qəsd olunası vəzifəli şəxslərin, ictimai xadimlərin siyahısını, anket məlumatlarını, yaşayış və iş yerlərini qrup üzvlərinə təqdim edib. Onlara odlu silah əldə etmək və “molotov kokteyli” hazırlamaqla bağlı tapşırıqlar verib...”.

Rufulla Axundzadənin 68 yaşı var. O, Azərbaycan İslam Partiyası sədrinin müavini olub. 2011-ci ildə dövlət çevrilişinə cəhd ittihamıyla həbs edilərək, 11 il həbs cəzası alıb. 2021-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb.

Onun ünvanına səslənən bu ittihamlara münasibəti bilinmir.

XS
SM
MD
LG