Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:04

Kosmosda tualet necə işləyir?


Kosmonavtlar orbitə yollanmazdan əvvəl ən adi insan ehtiyaclarını idarə etmək üçün bir xeyli təlim keçməli olurlar.

Britaniyada elə gün yoxdur ki, media kosmonavt Tim Peake-dən söz açmasın.

İngilislər hazırda kosmosda olan soydaşları haqqında hər şeyi bilmək istəyirlər. Çox vaxt onları maraqlandıran şeyləri elə onun özündən soruşurlar.

Məsələn, bu günədək Peake onlara maraqlı söhbətlər edib. NASA kosmonavtlara saçlarını yumağı, qəhvə hazırlamağı necə öyrədir və sair.

Əslində, Yer üzündə “xırdalıq” olan bu məsələ kosmosda çox mürəkkəb əməliyyatdır

Bu dəfə də Beynəlxalq Kosmik Stansiyada yaşayan kosmonavtdan həssas bir xırdalığı öyrənmək istəyiblər. Əslində, Yer üzündə “xırdalıq” olan bu məsələ kosmosda çox mürəkkəb əməliyyatdır.

Qısası Tim Peake-dən soruşublar ki, oralarda tualetə getmək məsələsi necə həll olunur?

Əslində, bu barədə video Avropa Kosmos Agentliyinin rəsmi YouTube kanalında yerləşdirilib. Britaniya mediası bildirir ki, Tim hər şeyi çox yaxşı izah edir.

Hə deməli, Beynəlxalq Kosmik Stansiyanın tualetinə daxil olub qarmaqdakı şlanqı götürürsünüz.

“Çəkizisizlik olmasına baxmayaraq, bu o qədər çətin deyil” – deyir Peake.

“Xırda ehtiyacınızı elə bu borunun içərisinə ötürürsünüz, - deyə izah edir astronavt, - Əvvəlcə qapağı açırsınız, sonra borunun içindəki hava nasosunu işə salırsınız. Nasos tullantını aşağı axıdır”.

Burda hər kosmonavtın öz qıfı var. Yəni qadınlar da kişilər kimi bu işi ayaq üstə görə bilirlər.

1-ci iş, 2-ci iş…

Tualetlə bağlı daha “ağır iş”i görərkən əsl problem çəkisizliyə görə qəfil oturacaqdan “uçmamaqdır”.

Bunun üçün ayaqları döşəməyə möhkəm yapışdıran “üzəngi” var. Süvarilər ayaqlarını üzəngiyə necə keçirirlərsə, kosmonavtlar da elə edirlər. Bundan sonra “2-ci” işi görmək olar.

Bu da deyilməlidir ki, kosmik gəmidəki tualet oturacağının dəliyi çox kiçikdir. Doğrudur burada da sorucu nasos işləyir, amma hər halda maksimum sərrast olmağa ehtiyac var.

İzahat ədəb normaları daxilində olsun deyə, Peake “1-ci iş” və “2-ci iş” deyir. 1-ci, yəni "yüngül iş”, 2-ci isə “ağır işdir”.

Əslində kosmosda, çəkisizlik şəraitində bu işin ikisi də çətin işdir. Ələlxüsus da ikisini eyni vaxtda icra etmək lazım gələndə.

Ona görə də kosmonavtlar orbitə yollanmazdan əvvəl bu ən adi insan ehtiyaclarını idarə etmək üçün bir xeyli təlim keçməli olurlar.

XS
SM
MD
LG