Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:08

Medvedev ‘Rusiyanın axırı nüvə axirəti olacaq’ deyir


Dmitri Medvedev və Vladimir Putin nasist Almaniyasının hücumunun ildönümündə əklilqoyma mərasimində (2017-ci il)
Dmitri Medvedev və Vladimir Putin nasist Almaniyasının hücumunun ildönümündə əklilqoyma mərasimində (2017-ci il)

Ümumiyyətlə son iki gündə Rusiyanın başqa rəhbərləri də ölkənin mümkün parçalanması barədə danışırlar

Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Rusiyanın indiki müharibədə uduzacağı təqdirdə Qərbi “nüvə axirəti” ilə hədələyib.

Tez-tez davakar bəyanatlarla çıxış edən Medvedev İzvestiya qəzetində yazdığı məqalədə nüvə hədələrini bir daha dilə gətirib.

Məqalənin böyük bir hissəsi bu müharibənin qaçılmazlığının SSRİ-nin dağılması ilə əlaqələndirilməsinə həsr olunub:

"Bizim indi müşahidə etdiklərimiz birinci dəfə deyildir ki, baş verir. Növbəti dünya imperiyasının sonu çatanda həmişə belə olub”.

Keçmiş SSRİ liderlərini uzaqgörməzlikdə, Qərbi isə düşmənçilikdə və təkəbbürdə ittiham edən Medvedev qeyri-ixtiyarı Sovet İttifaqının çökməsinin qanunauyğunluğunu etiraf edir.

Onun fikrincə postsovet Rusiyanın rəhbərləri nə etsələr də, onsuz da müharibə qaçılmaz idi:

"Tarix amansızdır. Roma və Konstantinopol. Ərəb xilafəti və Çingizxan. Napoleonun yüksəlişi və şərəfsiz ölümü ...Dünya salnaməsinin hansı səhifəsini açırsansa aç, eyni şeyi görürsən. İmperiyanın çiçəklənməsindən onun qızıl əsrinədək uzun yol eyni nəticəyə: parçalanmaya və müharibəyə və ya müharibəyə və parçalanmaya gətirib çıxarır. Bu dünyanın qanunudur. Bizim də, SSRİ-nin də başına bu gəlib, hərçənd təxirə salınmış variantda”.

Rusiya SSRİ-dən fəqlidirmi?

Medvedevin fikrincə “imperiyanın məhvindən sonra müharibənin ən güclü katalizatorları” rolunda bu dövlətin ətrafında onun daha da parçalanmasını arzulayan ölkələr çıxış edirlər.

Medvedev ötən ilin fevralında Ukraynaya qarşı başlanmış müharibəyə görə Qərbi ittiham edir.

Keçmiş prezident yenə də tarixə istinadla yazır ki, “yıxılan istənilən imperiya öz xərabələri altında dünyanın yarısını, bəlkə də daha çoxunu dəfn edir”.

Bununla belə Medvedev bəyan edir ki, Rusiyanı “SSRİ kimi etmək” alınmayacaq, “çünki Rusiyanın mövcudluğu məsələsi ciddi şəkildə qalxarsa, bu Ukrayna cəbhəsində həll olunmayacaq və söhbət bütün insan bəşəriyyətinin bundan sonrakı varlığından gedəcək”.

Axirət hədələri ilə dolu məqaləsini “nikbin” notda bitirən Medvedev yazır ki, “Rusiya buna yol verməyəcək”.

O bütün qeyri-Qərb ölkələrini Rusiyanın müttəfiqləri sırasına yazır.

Medvedev məqaləsində Rusiyanın SSRİ-dən nə ilə fərqlənməsini, əgər bütün imperiyalar çökürsə bunun onun da başına gəlməyəcəyinin səbəblərini izah etmir.

Moskvada parçalanmaqdan tez-tez danışırlar

Ümumiyyətlə son iki gündə Rusiyanın başqa rəhbərləri də ölkənin mümkün parçalanması barədə danışırlar.

Bu həftəsonu Rossia 1 telekanalına müsahibə verən prezident Vladimir Putin Qərbi Rusiyanı “sökmək” cəhdində ittiham edib.

Putin deyib ki, bunun nəticəsində ruslar yox olacaq, onların əvəzində moskovitlər və urallılar yaranacaq:

"Sonra isə onlar bizi ayrı-ayrılıqda, belə demək mümkündürsə, mədəni xalqların ailəsinə qəbul edəcəklər”.

Onun sözlərinə görə bundan sonra rus xalqının bugünkü şəklində varlığı dayanacaq. Putin iddia edib ki, belə planları artıq kağız üzərində cızıblar.

Putin NATO-nu ora silah-sursat göndərməklə Ukrayna müharibəsində iştirak etməkdə günahlandırıb.

Saxta sitatlar, uydurma nəzəriyyələr

Rusiya prezidenti artıq ilk dəfə deyildir ki, Qərbi Rusiyanı nəinki özünə tabe etdirmək, hətta parçalamaq cəhdində ittiham edir.

O bundan əvvəl guya ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayta aid olan sitatdan istifadə edirdi.

Olbraytla heç bir əlaqəsi olmayan sitatda deyilirdi:

"Sibirin sərvətlərinin bir ölkəyə aid olması ədalətsizlikdir”.

ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt və Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanov Moskvada (2000-ci il)
ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt və Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanov Moskvada (2000-ci il)

Bu saxta sitat hələ 2000-ci illərdən internetin Rusiya seqmentində tirajlanmağa başlayıb.

Putinin “bu planlar kağız üstündə cızılıb” deyərkən nəyi nəzərdə tutduğunu demək çətindir, amma belə görünür söhbət başqa bir qəsd nəzəriyyəsindən, “Dalles planı” adlanan saxta sənəddən gedir.

Bu nəzəriyyəyə görə guya ABŞ-ın planı ilk növbədə SSRİ əhalisinin mənəviyyatını pozmaq idi:

"Mərhələ-mərhələ ən itaətsiz xalqın özünüdərkinin geriyə dönməyəcək şəkildə məhvinin faciəsi oynanmalıdır”.

Belə bir planın həqiqətdə mövcudluğunun heç bir sübutu təqdim olunmayıb.

Rusiyanın dağılmasını kim istəyir

Bu müharibədə Ukraynanı dəstəkləyən Qərb dəfələrlə bəyan edib ki, onun məqsədi Rusiyanın çökməsi və ya hər hansı səkildə dəyişdirilməsi deyil.

Prezident Co Bayden ötən həftə Polşada etdiyi çıxışında rusiyalıları əmin edib ki, Birləşmiş Ştatlar Rusiyanı dağıtmağı və ya onu nəzarətə götürməyi planlaşdırmır”.

Ümumiyyətlə Moskvanın Ukraynada məğlubiyyəti təqdirində Rusiyanın parçalanması mövzusuna elmi və publisistik araşdırmalarda, mümkün və heç də qaçılmaz olmayan ssenari kimi müraciət edilir.

Bu ölkənin ərazisindəki xalqların əsasən də xaricdə mühacirətdə yaşayan nümayəndələri Rusiyanın dağılmasına siyasi məqsəd kimi baxırlar.

Onların fikrincə Rusiyanın dağılması bu xalqlara müstəqillik gətirə bilər. Qərb ölkələri belə ssenarilərə adətən dəstək nümayiş etdirmirlər.

XS
SM
MD
LG