Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:52

Nazir deyir ki, Azərbaycanda bəzi şagirdə ildə 600, bəzisinə də 30 min manat xərclənir


Beynəlxalq olimpiadalarda iştirak bütün şagirdlər üçün əlçatandırmı?
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00

Beynəlxalq olimpiadalarda iştirak bütün şagirdlər üçün əlçatandırmı?

Elm və təhsil nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında 2026-cı ilin sonuna qədər məktəblərdə adambaşına maliyyə sisteminə keçid ediləcəyini bildirib: "Bu, hazırda pilot layihədir. Bir qrup məktəblərdə həyata keçiriləcək. Bu il bir neçə məktəbdə layihəyə start veriləcək".

Statistikaya görə, hazırda ölkədə 4 min 431 orta ümumtəhsil məktəbi var və onlarda 1.6 milyon şagird təhsil alır. Bu məktəblərdən yalnız 32-si özəl sektorun payına düşür. Digərlərində isə maliyyələşmə dövlət hesabına aparılır.

Ötən il Azərbaycan müəllimlərinin XVI qurultayında elm və təhsil naziri Emin Əmrullayev də demişdi ki, ölkə məktəblərində şagirdlərə düşən adambaşına maliyyələşmə qeyri-bərabər paylanıb. Onun sözlərinə görə, şagird sayı 30-a qədər olan 477 təhsil müəssisəsində bir uşağa 7 min manat xərclənir: "Hətta bir məktəb var ki, orada cəmi bir şagird təhsil alır və həmin məktəb üçün ildə 64 min manat vəsait xərclənir... Bu vəsaitlə biz daha yaxşı nələrsə edə bilərik. Bakının böyük məktəblərinin birində orta hesabla bir şagirdə 600 manat xərclənirsə, hansısa ucqar kənddə bu rəqəm 30 min manatdır".

Elm və Təhsil Nazirliyi
Elm və Təhsil Nazirliyi

"Hesabatlığı və məsuliyyəti artıracaq"

Elm və Təhsil Nazirliyindən "Turan"a bildirilib ki, bu il bir neçə məktəbdə layihəyə start veriləcək, lakin 2026-cı ilə qədər proses 100 məktəbə şamil olunacaq: "Ənənəvi modeldə ümumi bir vəsait olur və bu vəsait məktəblər arasında hansısa xərc maddələrinə görə bölünür. Ancaq adambaşı maliyyələşmədə ümumi bir vəsait hər bir şagirdə hesablanır. Bu da o deməkdir ki, hansı məktəbdə oxumaqdan asılı olmayaraq şagirdlərə bərabər vəsait ayrılır, bu isə şagirdlər üçün ədalətli və bərabər imkanlar yaradır".

Nazirlikdən vurğulanıb ki, adambaşına maliyyələşmə məktəblərin hesabatlığını və məsuliyyətini artıracaq: "Çünki bu sistemdə hər bir şagird hansısa məktəbə getdikdə özü ilə ona ayrılmış vəsaiti ora gətirir. Bu da o deməkdir ki, şagird o məktəbdən çıxanda həmin vəsait məktəbdə azalır. Ona görə də məktəblər şagirdlərin tədrisinə daha həssas yanaşacaqlar".

"Məktəb direktorların çoxu dəyişməli..."

Təhsil eksperti Nabatəli Qulamoğlu da AzadlıqRadiosuna bildirib ki, inkişaf etmiş dövlətlər bu sistemə çoxdan keçib: "Amma bu ölkələrdə vətəndaş cəmiyyəti güclüdür və maliyyənin bütün axınına nəzarət edir. Azərbaycanda isə vətəndaş cəmiyyəti, demək olar ki, yoxdur. Ona görə də ölkədə bu nəzarəti həyata keçirmək mümkün olacaqmı? Bu, xeyli suallar doğurur".

Nabatəli Qulamoğlu
Nabatəli Qulamoğlu

Ekspertin fikrincə, sözügedən maliyyələşmə sisteminə keçid üçün ilk növbədə şəffaflıq təmin edilməlidir: "Məktəb direktorların çoxu dəyişməli, onların yerinə təhsili idarə edə bilən müəllimlər qoyulmalıdır. Daha sonra onlara muxtariyyət vermək lazımdır ki, öz pedaqoji kollektivini formalaşdırsın. Ondan sonra isə maliyyə məsələləri ortaya çıxır".

"Korrupsiya yemidir"

N.Qulamoğlu dövlətin ildə təhsilə 4 milyard 550 milyon manat ayırdığını vurğulayır: "Bu vəsait müxtəlif sahələrə bölünür. Bu sahələrin bəziləri korrupsiya yemidir. Mən hesablama aparmışam və məlum olur ki, şagird başına ildə 2 min 500 manata qədər pul düşür. Valideynlər də yeni maliyyələşmə sistemdə öz uşağını elə məktəbə qoymalıdır ki, həmin bu vəsait şagirdə xərclənsin".

Onun sözlərinə görə, bu sistemdə maliyyənin xərcləməsinə valideynlər komitəsi nəzarət etməlidir: "Vəsaitlərin böyük hissəsi müəllimlərin əməkhaqqısına getməlidir və belə olan halda, çox savadlı repetitor da məktəblərə dərs deməyə gələcək. Bununla da həmin məktəblərə şagird axını olacaq və məktəblərin büdcəsi artacaq. Amma bunun Azərbaycanda nə dərəcədə real olduğu sual altındadır".

XS
SM
MD
LG