Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:09

'Gedib bir çox ölkələrdə məktəb təmir edirlər, amma öz məktəbləri…'


Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə sinif otağı. (Foto arxiv)
Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə sinif otağı. (Foto arxiv)

Dekabrlın 19-da Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə şagirdlərin kütləvi şəkildə tüstüdən zəhərləndiyi bildirilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, 71 nəfər xəstəxanaya yerləşdirilib, onlara lazımi tibbi yardım göstərilib və daha sonra evə buraxılıblar.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən isə bildirilib ki, məktəbdə tədris prosesi bərpa olunub: "Ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub".

"Qızımın halı dəyişdi, onu xəstəxanaya apardım"

Aşağı Quşçu kənd 1 nömrəli məktəbdə təhsil alan şagirdlərin valideynlərindən biri "Turan"a bildirib ki, hadisə zamanı əvvəl bir, sonra isə üç sinfə tüstü yayılıb: "Uşaqlar məktəb binasından çıxarılıb. Bir az sonra qızımın halı dəyişdi, onu xəstəxanaya apardım".

Onun sözlərinə görə, məktəb köhnə olduğu üçün istilik quraşdırılmayıb: "Son müddətlər elə bu pellet soba ilə isidilirdi".

Ölkədə hər dörd məktəbdən biri qəzalıdır
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

2021-ci ilin noyabrından Azərbaycanın orta məktəblərinin pellet məhsulları ilə isidilməsi layihəsi həyata keçirilir. AZƏRTAC-ın 2022-ci ildə yaydığı məlumata görə, layihə çərçivəsində Tovuz və Ağstafa rayonlarında beş orta məktəbin ümumilikdə altı korpusunda pellet yanacağı ilə işləyən isitmə sistemi quraşdırılıb. Rəsmilər bu növ yanacağın ekoloji cəhətdən təmiz və oduna nisbətdə daha çox istilik tutumuna malik olduğunu bildirmişdi.

Azərbaycanda illərdir məktəblərdə istilik probleminin olması ilə bağlı şikayətlər eşidilir. Bəs hazırda bu məsələ nə yerdədir? Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Turan"a sözügedən məsələ ilə bağlı açıqlama veriləcəyi bildirilsə də, daha sonra heç bir cavab almaq mümkün olmayıb. Lakin noyabrın 26-da Agentliyin yaydığı məlumatda deyilirdi ki, təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik mövsümünə hazır vəziyyətə gətirilməsi prosesi təmin olunur: "Hazırlıq işləri çərçivəsində təhsil müəssisələrinin istilik sistemləri və qazanxanalarının sazlığı yoxlanılıb. Eyni zamanda, yarana biləcək problemlərin əvvəlcədən müəyyən edilməsi və aradan qaldırılması istiqamətində yoxlamalar həyata keçirilib".

Ceyhun Məmmədov
Ceyhun Məmmədov

"Əksəriyyətində istilik sistemi yüksək səviyyədə qurulub"

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da "Turan"a bildirib ki, bu gün Azərbaycanda məktəblərin inşası, təmiri dövlətin prioritetində olan məsələlərdən biridir: "Son illər yüzlərlə məktəb, uşaq bağçası həm dövlət, həm Heydər Əliyev Fondu tərəfindən inşa və yenidən bərpa olunub. Rəsmi verilən məlumata əsasən, əvvəlki dövrdə təxminən 800 təmirsiz məktəb olubsa, indi bu məktəblərin sayı 400 civarındadır".

O vurğulayıb ki, məktəblərdə istilik sisteminin düzgün qurulması üçün dövlət davamlı olaraq işlər görür: "Demək olar ki, məktəblərin mütləq əksəriyyətində istilik sistemi yüksək səviyyədə qurulub. Biz onu bölgələrə səfərimiz zamanı da görürük. Burada ümumilikdə 4 min 400 məktəbdən söhbət gedir".

C.Məmmədovun fikrincə, məktəblərin rəhbərliyinin üzərinə də məsuliyyət düşür: "Məktəb direktorları, müəllimlər də bu kimi məsələlərdə daha həssas və daha diqqətli olmalıdır".

Nabatəli Qulamoğlu
Nabatəli Qulamoğlu

"Dövlət təhsilə Lenin burjuaziyaya baxan kimi baxır"

Məsələ ilə bağlı Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbin rəhbərliyi ilə danışmaq mümkün olmayıb. Amma təhsil eksperti Nabatəli Qulamoğlunun AzadlıqRadiosuna açıqlamasına görə, məktəblərdə nə istilik, nə də digər təhsil problemləri tam həll olunub: "Sadəcə, bu problemin həll olunduğu görüntüsünü yaradırlar".

Ekspertin sözlərinə görə, orta məktəblərdə verilən istilik kifayət qədər deyil: "Sinifləri qızdıran şagirdlərin nəfəsidir. Rayonların məktəblərində elə istilik verirlər ki, dörd-beş nəfər orada dayana bilməz. Bakı məktəblərində də istilik sistemi normal deyil".

N.Qulamoğlu bunun bir səbəbi olduğunu düşünür: "Dövlət təhsilə, necə deyərlər, Lenin burjuaziyaya baxan kimi baxır. Necə ola bilər ki, dünyanın bir çox ölkələrində gedib məktəb təmir edirlər, amma öz məktəbləri bu vəziyyətdədir?! Məktəblərdə istilik problemi ümumi baxımsızlığın nəticəsidir".

XS
SM
MD
LG