Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:18

Həbsdəki meyxanaçı: 'Üstümdə narkotik olmayıb, 'bandotdel'də döyüb qol çəkdiriblər'


Mahir Qonşuyev
Mahir Qonşuyev

Həbsdə olan meyxanaçı Mahir Qonşuyev təqsirsiz olsa da, 6 aydır həbsdə olduğunu deyir.

O, narkotik ittihamını rədd edir və bu ittihamın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (el arasında bolşeviklər dövründəki adıyla “bandotdel” kimi tanınır) üzərinə qoyulduğunu bildirir. Meyxanaçı dekabrın 12-də məhkəmədəki ifadəsində bunları danışıb.

M.Qonşuyevin 39 yaşı var və indi Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Dekabrın 12-də məhkəmədə öncə prokuror ittiham aktını elan edib. Orada yazılıb ki, meyxanaçı iyunun 6-da Azadlıq prospektində saxlanılıb və “Bandotdel”də onun üstündən 3.8 qram narkotik tapılıb.

Prokuror M.Qonşuyevin daha öncə də məhkum olunduğunu sözlərinə əlavə edib. Ona 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə külli miqdarda narkotik ittihamıyla 8 il 6 ay həbs cəzası kəsilibmiş. Sonradan bu müddət 7 ilə endirilibmiş.

Özünü təqsirli bilmədiyini deyən meyxanaçı əvvəllər narkotik istifadəçisi olduğunu etiraf edib, ancaq həbsdən çıxandan sonra bu pis vərdişdən əl çəkdiyini söyləyib. Onun sözlərinə görə, ittiham aktında heç tutulduğu yer də düzgün göstərilməyib:

“Həmin gün “Çanaqqala” restoranına dəvət eləmişdilər. Prodüserim Kamil Mirzəliyevlə birlikdə oradakı məclisə gedirdik. Liftdən çıxanda ikimizi də “banditizm”in işçiləri saxladı, idarəyə apardılar. Sonradan prodüserimi buraxdılar”.

İstər saxlanılıb idarəyə aparılanda, istərsə idarədə fiziki və psixoloji təzyiqlərə məruz qaldığını vurğulayan M.Qonşuyevin sözlərinə görə, hazır ifadəni gətirib, onu imza atmağa məcbur ediblər:

“Təhqir eləyirdilər, psixoloji təzyiq göstərirdilər. Başıma yumruqla, kürəyimdən təpiklə elə vururdular... Hazır ifadəni gətirdilər. Elə sözlər deyirdilər ki, qol çəkməyə bilməzdim”.

O, hakimlərin nəzərinə çatdırıb ki, həbsindən öncə bir neçə dəfə polis idarəsinə çağrılaraq, kriminal mövzudakı meyxanalarını yığışdırması tələb olunmuşdu:

“Mən getdiyim məclislərdə də polislər, rəislər olub. Heç bir cinayət törətməmişəm. Bu da mənim sənətimdir, pulum ondan çıxır, ona görə meyxana deyirdim...”.

M.Qonşuyevə Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsilə ittiham verilib. Bu maddənin sanksiyasında 3 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG