Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:38

Mikrosahibkarların ödədiyi vergilərin artırılması təklif edilir


Dükan sahibi :'Nisyə dəftəri dolur, cavan-cavan oğlanlar xəcalətlənir'
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Dükan sahibi :'Nisyə dəftəri dolur, cavan-cavan oğlanlar xəcalətlənir' (2021)

Nazirlər Kabinetinin təsdiq etdiyi qərara görə, illik dövriyyəsi 200 min manatdan az, işçi sayı 1-10 arasında olan sahibkarlıq subyektləri mikrosahibkar sayılır. Gələn ildən həmin sahibkarların ödədiyi vergilərin artırılması təklif edilir. Bu dəyişikliklə bağlı ictimaiyyətə açıqlama verilməsə də, iqtisadçı Rövşən Ağayev öz sosial şəbəkə hesabında bu haqda məlumat verib.

İndiyədək həmin kateqoriyaya daxil sahibkarlar sadələşdirilmiş vergi ödəyiciləri üçün nəzərdə tutulan güzəştlərdən yararlana bilirdilər. Bir neçə il öncə Vergi Məcəlləsinə dəyişiklikdə qeyd edilirdi ki, sahibkar əhaliyə yox, hüquqi şəxslərə (yəni biznes subyektlərinə) xidmət edirsə, bu halda dövriyyəsi baxımından mikrosahibkar (illik 200 min manatdan aşağı) sayılsa da, sadələşdirlmiş vergi ödəyici ola bilməz. Bu halda həmin sahibkarlıq subyekti avtomatik 20 faizlik gəlir vergisinin ödəyicisi sayılır. Ancaq elə həmin vaxt Məcəlləyə belə bir müddəa artırıldı ki, qanunvericiliyə uyğun gəlir və xərclərin uçotunu aparan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların götürdüyü gəlirin 75 faizinə vergi güzəşti tətbiq olunur. Başqa deyimlə, 20 faizlik vergi dərəcəsi mikrosahibkarlar üçün 5 faizə endirilir. İndi məhz həmin maddəyə dəyişiklik təklif edilir. Əgər mikrosahibkarın üç nəfər muzdlu işçisi yoxdursa, onun gəlirləri 20 faizlə vergiyə cəlb olunsun.

Qərar kimlərə daha çox təsir edəcək?

Qanunvericilik bir nəfərdən ibarət sahibkarlıq subyektini də mikrosahibkar sayır. Yeni dəyişiklikdə kiçik sahibkarlara nəzərdə tutulan güzəştlərin, ən azı, üç işçisi olan mikrosahibkarlara aid edilməsi təklif edilir. Bu qərar bəzi sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul şəxslərə daha çox təsir göstərəcək. Məsələn: İT mütəxəssisləri, tərcüməçilər, kuryerlər, dizaynerlər, araşdırma xidməti göstərən müxtəlif sahə ekspertləri və başqalarından söhbət gedir. Axı bu tip sahələrdə fəaliyyət göstərənlərin əksər hallarda əlavə işçilərə ehtiyacı olmur və onlar birbaşa öz xidmətlərini satırlar. Yeni qərar bu şəxslərin xərclərini xeyli artıracaq. Məsələn, hazırda bir şəxsdən ibarət sahibkarlıq subyekti əldə etdiyi min manatın 50 manatını gəlir vergisi kimi ödəyirsə, təklif edilən dəyişiklik baş tutsa, həmin rəqəm 200 manata yüksələcək.

Onu da unutmaq olmaz ki, yeni qərarın təsir dairəsində olan bəzi peşə sahibləri onsuz da indiyədək haqsızlığa məruz qalıb. Özəlliklə platform iqtisadiyyatı işçiləri, tutalım, yeməkçatdırma sahəsində çalışan kuryerlər. Axı onlar əslində eyni şirkətlərlə əməkdaşlıq etsələr də, həmin şirkətlər sosial ödənişlərdən yayınmaq üçün işçilərlə əmək müqaviləsi deyil, xidməti müqavilə bağlayır. Xidməti müqavilədə isə bu tip ödənişlər şirkətdən deyil, məhz kuryerlərdən tutulur. Bu baxımdan, xidməti müqavilə ilə çalışan kuryerlər əmək müqavilələri olmadığından məzuniyyət və digər belə sosial mexanizmlərdən yararlana bilmirdi. İndi yeni dəyişiklik təklifi onların ödədiyi vergilərin məbləğini bir qədər də artıra bilər.

Fərdi sahibkarların vergi dərdi

Bu da var ki, dəyişiklik təklifinədək də fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların vergi sistemini müstəqil ekspertlər tənqid edirdi. Özəlliklə sahibkarların sosial ödənişləri ilə bağlı mövcud modelin çatışmazlıqları unudulmamalıdır. Mövcud qaydalara görə, Bakıda əksər fəaliyyət növləri üzrə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar minimum əməkhaqqının 25 faizi qədər DSMF ödənişi edir. Burada ekspertlərin birmənalı qarşılamadığı məqam sahibkarların sosial ödənişinin minimum əməkhaqqına bağlanmasıdır. Belə olan halda sahibkarlar gəlirlərinə uyğun olaraq DSMF ödənişi etmir. Eyni zamanda, ölkədə minimum əməkhaqqı artdığı zaman sahibkarların da xərci artır. Məsələn, ötən il ölkədə minimum maaş 300 manat, fiziki şəxs kimi sahibkarlıqla məşğul olanlar üçün DSMF ödənişi 75 manat idi. 2023-cü ildə ölkədə minimum maaş 345 manata qaldırıldı. Bu qərardan sonra fiziki şəxs olan sahibkarların ödədiyi vergi də 11 manat 25 qəpik artaraq 86 manat 25 qəpiyə yüksəlmiş oldu.

Sosial ödənişlərin mahiyyəti odur ki, bu ödənişi edən şəxslər bəlli yaşa çatanda pensiya ala bilsin. Ancaq indi ölkədə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara tətbiq edilən DSMF ödənişi modeli bunu imkansızlaşdırır. Hazırda Azərbaycanda pensiyaya çıxmaq üçün tələb edilən minimum pensiya kapitalı 40 min 320 manatdır. Bu hesabla, sahibkarlar 40 ilə yaxın ödəniş etməlidirlər ki, pensiya üçün gərəkli kapitalı toplaya bilsinlər. Halbuki muzdlu işçilər üçün 25 il iş stajı pensiyaya çıxmağa yetir. Onu da unutmaq olmaz ki, minimum pensiya məbləği artdıqca, lazım olan minimum pensiya kapitalı da artır. Beləcə, fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlar gəlir götürərkən heç bir geri dönüşü olmayacaq DSMF ödənişləri edirlər.

Unutmaq olmaz ki, fiziki şəxslərin ödədiyi icbari tibbi sığorta haqqı da eyni qaydada minimum əməkhaqqına bağlıdır. İndiki qaydaya görə, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti göstərənlər minimum maaşın 4 faizi qədər icbari tibbi sığorta haqqı ödəyir. Minimum əməkhaqqı artdıqca, sahibkarların bu ödənişləri də artmış olur.

XS
SM
MD
LG