Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:04

Minimum əməkhaqqının vergidən azad edilməsi işçilərə nə qazandıra bilər?


Hökumət 60 faiz vədini yerinə yetirə bilsəydi, indi minimum maaş 550 manat olmalı idi.
Hökumət 60 faiz vədini yerinə yetirə bilsəydi, indi minimum maaş 550 manat olmalı idi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü deputat Vüqar Bayramov mətbuata açıqlamasında bildirib ki, Milli Məclisdə müzakirə olunan mövzulardan biri minimum əməkhaqqının vergidən azad edilməsidir. Deputat dövlət sektorunda çalışan və minimum əməkhaqqı alan şəxslərin maaşının gəlir vergisindən azad olunmasını təklif edir. 2019-cu ildəki minimum əməkhaqqı artımı zamanı açıqlanmışdı ki, Azərbaycanda 600 min insan minimum maaş səviyyəsində gəlir əldə edir. Onlardan 450 mini dövlət, 150 min nəfəri özəl sektorda çalışır.

İndi Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Ölkədə dövlət və qeyri-dövlət sektorunda çalışanların gəlirləri vergiyə fərqli şəkildə cəlb edilir. Qeyri-dövlət və qeyri neft-qaz sektorunda çalışanların maaşı (8 min manatadək olduqda) 2026-cı ilədək gəlir vergisindən azad edilib. Uyğun qanunlara görə, dövlət sektorunda və neft-qaz sektorunda çalışanlarsa 14 faiz gəlir vergisi ödəyir (gəlirdən 200 manat çıxılmaqla).

Başqa deyimlə, hazırda dövlət sektorunda çalışan və minimum əməkhaqqı səviyyəsində (345 manat) maaş alan şəxslər maaşlarının 145 manatına görə 14 faiz gəlir vergisi ödəyirlər ((Vergiyə cəlb olunan məbləğ - 200) * 14 faiz) Bu da o deməkdir ki, dövlət sektorunda minimum maaş alanlar hər ay 20 manat 30 qəpik gəlir vergisi ödəyir. Deputat məhz həmin məbləğin tutulmamasını təklif edir. Bu baxımdan, təklif edilən dəyişiklik minimum əməkhaqqı alanların gəlirinə o qədər də ciddi təsir göstərməyəcək. Hətta bu məbləğ 2023-cü ildəki inflyasiyanın təsirlərini aradan qaldırmağa belə yetməyəcək və unutmaq olmaz ki, bu dəyişikliyin özəl sektorda çalışıb minimum əməkhaqqı alanlara hər hansı təsir imkanı yoxdur.

Yaşayış minimumu artır, bəs minimum əməkhaqqı?

Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununda qeyd edilir ki, minimum əməkhaqqı məbləği, müavinət və təqaüdlər, digər ödəniş və ünvanlı dövlət sosial yardımı təyin edilərkən ehtiyac meyarının müəyyənləşdirilməsi yaşayış minimumuna əsaslanır. Bu il yanvarın 1-dən Azərbaycanda ölkə üzrə yaşayış minimumu 270 manatdır. Ötən il həmin minimum 246 manat idi. Deməli, hökumət yaşayış minimumunu artırmaqla insanların xərclərinin artmasını təsdiqləyir. Ancaq qanunda yaşayış minimumu minimum əməkhaqqı üçün meyar olsa da, yaşayış minimumunun artdığı bir şəraitdə hökumət minimum maaşı artırmadı. O da var ki, 2023-cü ildə də ölkədə hədəflənən göstəricidən 50 faiz yüksək (9.4 faiz) inflyasiya qeydə alınıb. Aztəminatlı əhalinin hiss etdiyi inflyasiyanın ölkə ortalamasından daha yüksək olduğu nəzərə alınsa, minimum əməkhaqqının artmamasının on minlərlə ailənin dolanışığına təsir göstərməsi danılmazdır. Bu baxımdan, ola bilsin ki, hökumət minimum əməkhaqqını artıra bilməməsini məhz bu 20 manatlıq vergi güzəşti ilə "kompensasiya" etmək istəyir.

Düzü, Azərbaycanda minimum əməkhaqqının inflyasiya qədər artması da insanların durumunu tam düzəldə bilməz. Axı bu məbləğin özü minimum ehtiyaclara cavab vermir. Bunu müstəqil ekspertlər deyirlər. Hökumət özü də indiyədək bu fikri müxtəlif addımlarla sübut edib. Belə ki, 2012-ci ildə təsdiqlənən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası adlı sənəddə deyilirdi ki, 2020-ci ilədək Azərbaycanda minimum əməkhaqqı orta aylıq maaşın 60 faizinə çatdırılmalıdır. Hökumət belə planlaşdırırdı. Di gəl, nə 2020-ci ildə, nə də ondan sonra hökumət bu vədinə əməl edə bildi. Son açıqlanan göstəricilərə görə, Azərbaycanda orta aylıq əməkhaqqı 921 manatdır. Minimum maaşın 345 manat olması o deməkdir ki, hazırda ölkədə minimum əməkhaqqı orta aylıq maaşın cəmi 37 faizidir. Deməli, hökumət 60 faiz vədini yerinə yetirə bilsəydi, indi minimum maaş 550 manat olmalı idi. Minimum maaşın effektiv sosial siyasət alətinə çevrilməsi üçün əsas şərtlərindən biri bu məbləğin əhalinin real minimum ehtiyaclarını ödəyə bilməsidir. İndi Azərbaycanda minimum əməkhaqqı minimum ehtiyacların qarşılanması üçün yetərli olmadığından effektiv sosial siyasət mexanizmi kimi çıxış edə bilmir.

Minimum əməkhaqqı necə müəyyənləşir?

Minimum maaşın təyin edilmə şəkli baxımından da Azərbaycanda ciddi problemlər var. Çox sayda ölkənin təcrübəsində minimum əməkhaqqının təyin edilməsində iştirakçılıq müxtəlif formalarda təmin edilir. Məsələn, bəzi ölkələrdə minimum əməkhaqqı hökumətin, işçilərin (həmkarlar ittifaqları) və işəgötürənlərin (sahibkarlar ittifaqları) nümayəndələrindən ibarət komissiya tərəfindən müzakirələrlə müəyyənləşdirilir. Bəzi ölkələrdə minimum əməkhaqqı parlamentdə ciddi müzakirələr nəticəsində formalaşır, başqalarında hər sahədə fəaliyyət göstərən həmkarlar ittifaqı müstəqil şəkildə həmin sahədə minimum əmək haqlarının müəyyənləşdirilməsinə qatılır. Azərbaycanda bu mexanizmlərin heç biri tətbiq edilmir və minimum əməkhaqqı prezident sərəncamı ilə müəyyənləşdirilir. Başqa sözlə, minimum əməkhaqqının artırılmaması birbaşa hökumətin qərarı kimi nəzərdən keçirilməlidir.

Minimum əməkhaqqı mexanizminin işləkliyi baxımından digər vacib amil bu mexanizmin nə qədər şəxsi əhatə etməsidir. Hazırda ölkədə iqtisadi fəal əhalinin sayı 5.3 milyon nəfərə yaxındır. Minimum əməkhaqqı artımının 600 min nəfərin gəlirinə təsir etməsi o deməkdir ki, dövlət sektorunda minimum əməkhaqqının vergidən azad edilməsi əhalinin təxminən 8 faizinin gəlirinə təsir göstərə bilir. Bu göstəricinin aşağı olmasının əsas səbəbi Azərbaycanda muzdlu (əmək müqaviləsi və aylıq maaşla çalışan) işçilərin say azlığıdır. İndi ölkədə 1.7 milyon muzdlu işçi var, yəni rəsmi əmək müqaviləsi ilə çalışanlar iqtisadi fəal əhalinin cəmi üçdə biridir (33 faiz). Halbuki, gəlişmiş ölkələrdə bu göstərici 80 faizdən, region ölkələrinin bir çoxunda isə 60 faizdən yüksəkdir.

XS
SM
MD
LG