Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:27

Moldovada Rumın dilini ana dili edən qanun dava-dalaşla qəbul edilir


Moldova parlamentində dil qanununa görə çəkişmə
Moldova parlamentində dil qanununa görə çəkişmə

Moldovanın millət vəkilləri ölkə qanunvericiliyinə və rəsmi sənədlərə “Rumın dili” terminini daxil edən qanunu birinci oxunuşda qəbul ediblər.

Xəbər verilir ki, bu qanunun müzakirəsi və qəbulu əsnasında parlament çoxluğu ilə rusiyayönlü müxalif deputatlar arasında əlbəyaxa çəkişmə olub.

Bu qanun layihəsi qərbyönlü prezident Maya Sandunun hakim Hərəkət və Həmrəylik (PAS) Partiyası tərəfindən təqdim olunmuşdu.

Qanun 101 yerlik parlamentdə 56 səs leyhinə olmaqla qəbul edilib.

Qanun Konstitusiyada və bütün rəsmi sənədlərdə “Moldav dili” termininin “Rumın dili” termini ilə əvəzlənməsini nəzərdə tutur. Qanuna görə habelə “rəsmi dil”, “dövlət dili” və “ana dili” terminləri işlədilərkən Rumın dili nəzərdə tutulacaq.

Moldavanların 80 faizi ana dili olaraq Rumın dilində danışır.

Siyasi mübahisə mövzusu

Ölkənin rəsmi dilinin adı məsələsi həmişə qızğın mübahisələrə səbəb olub. Belə ki, Avropa İttifaqı və NATO üzvü olan Rumıniya ilə daha yaxın münasibətlərə, hətta onunla birləşməyə can atanlar “Rumın dili” termininə üstünlük verirlər.

Amma rusiyayönlü siyasətçilərin əksəriyyəti, keçmiş prezident İqor Dodon kimi köhnə adın, yəni “Moldav dili” adınının saxlanmasını istəyirlər.

Bu da qeyd edilir ki, dilçilik baxımından da “Moldav dili” müstəqil bir dil deyildir.

Kommunistlər və sosialistlərdən ibarət Moskva tərəfindən dəstəklənən BCS müxalifət bloku sözü gedən qanunun qəbul edilməsinə qızğın müqavimət göstərirdi.

Onlar debatların keçirildiyi zala üzərinə “Referendum”, “Moldova, Moldavanlar, Moldav yolu”, “Konstitusiyanı məsxərəyə qoymayın!” sözləri yazılmış plakatlarla gəlmişdilər.

Bu səbəbdən PAS və BCS bloklarına daxil bəzi deputatlar arasında əlbəyaxa dava, hətta yumruqlaşma olub.

BCS bloku qanunun qəbulu ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bəyan edib.

İşğal və ilhaqın məhsulu

2.7 milyonluq əhalisi olan Moldova Rumıniya ilə Ukraynanın arasında yerləşir. Ölkə Rumıniya ilə ortaq tarix, mədəniyyət və dilə malikdir.

Rumıniyanın şərq regionu hazırda elə Moldova adlandır.

Moldova ərazisinin böyük bir hissəsi 1812-ci ildə çar Rusiyası tərəfindən işğal olunub.

Bu ərazi I Dünya Müharibəsinin sonunadək Bessarabiya adlanırdı. Bölgə əhalisi 1918-ci ildə Rumıniya ilə birləşməyə səs vermişdi.

Lakin bu bölgə Moskva tərəfindən ikinci dəfə II Dünya Müharibəsinin ardınca ilhaq edilmişdi.

Moldova öz müstəqilliyini 1991-ci ildə elan edib.

Avropanın ən yoxsul ölkələrindən biri olan Moldovada daxili siyasi vəziyyət Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar yenidən gərginləşib.

Moldovalılar Rusiya tərəfindən mümkün müdaxilədən ehtiyat edirlər. Moskva 1992-ci ildə Moldovadan qopduğunu elan etmiş Dnestryanı separatçılarını dəstəkləyir.

Rusiya bu separatçı bölgədə “sülhməramlı” adi ilə 1000-dək əsgər saxlayır.

Konstitusiya Məhkəməsinin 2013-cü il qərarı

ABŞ-da təhsil almış prezident Maya Sandu 2020-ci ilin seçkisində kommunist İqor Dodona qalib gələndən bəri ölkəsinin Avropa İttifaqı və Birləşmiş Ştatlarla yaxınlaşmasına çalışır.

Ötən ayın əvvəllərində ABŞ prezidenti Co Bayden Polşada Maya Sandu ilə görüşərkən Vaşinqtonun Moldovanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiq etmişdi.

Əgər sözü gedən qanun qəbul edilərsə bundan sonra Moldovanın dövlət dili Rumın dili adlanacaq.

Qanun onunla əsaslandırılır ki, Konstitusiya Məhkəməsinin 2013-cü ildə qəbul edilmiş qərarında ölkənin rəsmi dili olaraq “Rumın dili” göstərilib.

1991-ci ilin Müstəqillik Bəyannaməsində Moldovanın rəsmi dili olaraq Moldav dili termini işlədilmişdi.

Hakim partiyadan olan deputatlar deyirlər ki, hüquqi baxımdan 2013-cü ilə aid qərar 1991-ci ilin Konstitusiyasından üstün tutulmalıdır.

XS
SM
MD
LG