Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:35

MTN generalının 'Sahil'in üstündəki binada 5 mənzili, 'Torqovı'da evləri...


Eldar Mahmudovun övladlarının sərvətini prokurorluq araşdıra bilərmi?
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Eldar Mahmudovun övladlarının sərvətini prokurorluq araşdıra bilərmi?

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, indi həbsdə olan general Mövlam Şıxəliyevin özünün və ailə üzvlərinin Bakının mərkəzində təkcə bir binada beş mənzili var. Söhbət metronun "Sahil" stansiyasının üstündə yerləşən çoxmərtəbəli binadan gedir.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, sözügedən binanın 10, 39, 40, 72-ci və daha bir mənzili MTN generalının qızı Samirə Əliyevanın, oğlu Elgün Şıxəliyevin və başqa qohumlarının adına rəsmiləşdirilib.

"Bu mənzillər arasında sahəsi 198 və ya 167 kvadratmetr olanı da var. İkisi 137 kvadratmetrlikdir. Sahəsindən asılı olaraq, mənzillərin qiyməti 650-800 min manat arasındadır", - məlumatlı mənbə belə bildirib.

Toplam 7 milyon 700 min...

Şıxəliyevin Fəvvarələr Meydanında – Nizami küçəsi-78-də yarım milyon manatdan çox dəyəri olan obyekti və elə həmin yerdə evinin olduğu bildirilir: "Bundan başqa, Dövlət Opera və Balet Teatrının yanında yarım milyonluq bir mənzili, Mahnı Teatrının civarında oğlunun adına təxminən 400 min manat qiyməti olan daha bir mənzili var. Bunlar da hamısı deyil. Novxanıda 1.5 milyon dəyəri olan bağ evi, torpaq sahələri, metronun "Nərimanov" stansiyasının yaxınlığında 400 kvadratmetrlik mənzili, "8-ci kilometr"də qiyməti 1 milyonu aşan obyekti var. Hələ bögələrdəki əmlakları, Bakıda nisbətən ucuz qiyməti olan evləri bura daxil deyil".

MTN işi üzrə prosesə qatılan vəkillərdən biri adının çəkilməməsi şərtilə AzadlıqRadiosuna bildirib ki, Şıxəliyevin işini araşdıran prokurorluq da bu əmlaklardan xəbərdardır. Onun sözlərinə görə, generalın toplam 7 milyon 700 minlik əmlakının üzərinə məhkəmə qərarıyla həbs qoyulub. Onların arasında sadalanan ev və obyektlər də var.

Xatırlatma

General Şıxəliyev ötən ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs edilir. Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən çox vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı.

Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə suçlanırlar. Lakin onların heç biri, o cümlədən Şıxəliyev ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG