Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:25

'Nardaran işi-3': 'Şəxsiyyət vəsiqəmdəki imzaya baxıb, oxşadıb çəkdilər'


Nardaran. Illustration. Gunduz Aghayev.
Nardaran. Illustration. Gunduz Aghayev.

"Məni döyüb deyirdilər ki, Nardaranda silah-sursat olması barədə ifadə ver. Mən də imtina etdim. Sonra dedilər “aparın bunu, ifadəsini özümüz yazıb imzalayarıq", – Nardaran sakini Mövsüm Beydullayevin sözləridir.

O, mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi-3" üzrə şahid kimi ifadə verib. Nardaran hadisələrindən sonra həbs edilən və ağır maddələrlə mühakimə olunan üçüncü qrupun tərkibində ilahiyyatçı Zülfüqar Mikayılov və daha 11 nəfər var.

Mayın 22-də məhkəmədə iki şahid dindirilib – Əli Nurməmmədov və Mövsüm Beydullayev. Hər ikisi də istintaqdakı ifadələrdən imtina ediblər, deyiblər ki, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun və digər həbs olunanların çevriliş hazırlaması, silahlanması haqda yazılanlar onların fikri deyil. Həmin ifadələri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində özləri yazıblar.

Buna da bax:​ İlahiyyatçını 'karsa' məhkəmə iclasından sonra salıblar

ŞAHİD FİKİRLƏRİNİ TƏSDİQLƏMİR

Əli Nurməmmədov deyir ki, ilahiyyatçı Taleh Bağırovu məclislərdən tanıyıb. Bir müddət “İslam həqiqətləri” adlı qəzetdə dizayner işləyib. Dediyinə görə, Taleh Bağırovun niyə Nardaranda qaldığını da bilməyib.

Amma istintaqdakı ifadəsində yazılıb ki, "Taleh Bağırzadə hakimiyyətə qarşı çıxmağa, dini dövlət qurmağa dair çağırışlar edib; "Taleh Bağırzadənin müraciəti" adlı kitabça olub və onu oxuyandan sonra cırıb tullayıb, çünki oradakı fikirlərlə razılaşmayıb".

Prokuror bu ifadəni xatırladanda Nurməmmədov deyib ki, o fikirləri təsdiqləmir. Əli Nurməmmədov söyləyib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verməmişdən öncə polislər onu saxlayıb. Onu evlərindən tutub apardıqlarını deyən şahidin sözlərinə görə, az sonra polisə müqavimət ittihamıyla məhkəməyə çıxarılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib: "Halbuki, polisə müqavimət-filan olmamışdı. Məni evdən aparmışdılar. Mən həbsdən çıxandan sonra çağırıb ifadəmi aldılar. Həmin vaxt elə vəziyyətdə idim ki, adım da yadımdan çıxmışdı. Mən heç vaxt polis, məhkəmə görməmişəm. Bilmirdim ifadəni necə verərlər, oxuyub, sonra imzalamaq lazımdır".

Buna da bax:​ Nardaranda ata və 3 oğlun həbsdə olduğu bir ailə var

“RADİKAL” SÖZÜNÜ İZAH EDƏ BİLMƏYİB

Digər şahid Mövsüm Beydullayev istintaq zamanı təzyiqlə üzləşdiyini bildirib: "Məni döyüb deyirdilər ki, Nardaranda silah-sursat olması barədə ifadə ver. Mən də imtina etdim. Sonra dedilər “aparın bunu, ifadəsini özümüz yazıb imzalayarıq. Şəxsiyyət vəsiqəmdəki imzaya baxıb, oxşadıb çəkdilər. Taleh Bağırzadəni mən internet vasitəsi ilə tanımışam, şəxsi tanışlığım olmayıb. Əbülfəz Bünyadovun evində bir dəfə olmuşam. Həmin vaxt da Taleh Bağırzadə orada yox idi. Onun hakimiyyət əleyhinə çıxışlarını eşitməmişəm. Dedim bizim kənddə silah olmayıb. Bizim silahımız təkbirdir”.

Mövsüm Beydullayevin istintaqa ifadəsində Taleh Bağırovun radikal çıxışlar etməsindən bəhs olunur. Amma Beydullayev vəkillərin suallarını cavablayanda heç "radikal" sözünün mənasını izah edə bilməyib.

"Nardaran işi-3" məhkəməsi iyunun 5-də davam edəcək.

Buna da bax:​ Şahid ifadəsindən: 'O, həmişə Nardarana qara avtomobili ilə gəlirdi...'

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Buna da bax:​ Vəkil: 'Hakim mikrofonu bağladı…' [yenilənib]

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG