Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:20

Nəcməddin Sadıkovla bağlı 42 milyon manatlıq yeni qalmaqal: onun daha bir məhkəmədə dindirilməsi tələb edilir


Nəcməddin Sadıkov və Zahid Niftəliyev
Nəcməddin Sadıkov və Zahid Niftəliyev

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, Hərbi Təhsil və Tədris İdarəsinin baş zabiti olmuş, "Nəcməddin Sadıkovun yaxın adamı" kimi tanınan Zahid Niftəliyev yenidən hakim önünə çıxarılıb. Daha öncə rüşvət ittihamıyla 8 il 6 ay həbs cəzası almış Z.Niftəliyev bu dəfə 42 milyon manatdan çox yeyintidə suçlanır.

Cinayət işinin materiallarında iddia olunur ki, Z.Niftəliyev məqsədli şəkildə "Shahin Co" adlı şirkət yaradaraq şirkətin maliyyə durumu, təsərrüfat fəaliyyəti haqda "Ata Bank"a yalan məlumatlar yazılmış sənədlər təqdim edib. 2016-cı ildə oradan 42.5 milyon manat kredit götürülüb.

İttihama görə, kredit bir il ərzində ödənilməliymiş, amma indiyədək ödənilməyib. Üstəlik, götürülən vəsaitin təyinatı üzrə xərclənmədiyi, mənimsənildiyi iddia edilir.

Z.Niftəliyev həbsdə olduğu müddətdə bu kreditə görə onun haqqında yenidən cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə yeni ittiham verilsə də, özü bu ittihamı qəbul etmir.

"Bildirdim ki, adıma şirkət var, amma..."

69 yaşlı Z.Niftəliyev oktyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib ki, onun adına bankdan götürülən 42 milyon manatın üzünü görməyib. O, həmin kreditin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun göstərişiylə onun adına sənədləşdirildiyini vurğulayıb.

Z.Niftəliyev məhkəməyə ifadəsində bildirib ki, general Sadıkov onu yanına çağıraraq kredit götürməkdən ötrü şirkət gərəkdiyini söyləyib: "Dedi ki, vergilər naziri Fazil Məmmədov dövlət üçün müəyyən iş görəcək, buna görə lazımdır. Bildirdim ki, adıma şirkət var, amma çoxdandır fəaliyyəti yoxdur".

Z.Niftəliyev şirkətinin adıyla iş görülməsinə razılıq verib. Ardından Vergilər Nazirliyinə getdiyini və nazirin müşaviri Mahir Rəfiyevlə görüşdüyünü deyən təqsirləndirilən şəxsin sözlərinə görə, ona yeni şirkət açmağı tapşırıblar: "Onların köməyi ilə yeni şirkət açdım, sənədləri də özlərinə verdim, başqa heç nə ilə məşğul olmadım. Hətta məndən psixi vəziyyətlə bağlı dispanserdən arayış istədilər. Dedim ki, mənə verməyəcəklər. İki dəfə dispanserdə müalicə olunmuşam, amma yenə də lisenziya aldılar".

Müdafiə Nazirliyində 100 milyon manatlıq yeyinti: 'Ölkə rəhbərliyinin bundan xəbəri olub'
Gözlə

No media source currently available

0:00 0:12:04 0:00

"Nəcməddin gəlsin bura, özü desin"

Z.Niftəliyev vurğulayıb ki, banka 42.5 milyon manatlıq kredit borcu olduğunu mərhum F.Məmmədov vergilər naziri vəzifəsindən azad ediləndən sonra bilib. O, prokurorun suallarını cavablandırarkən bank kredit ayıran zaman sənədləri özünün imzaladığını təsdiqləyib. Ancaq həmin pulları kimin haraya xərcləməsindən xəbəri olmayıb. Elə bu üzdən, N.Sadıkovun da məhkəməyə gələrək kreditin taleyinə aydınlıq gətirməsini tələb edib: "42 milyonu mənə kim idi verən? Mən də bu işə ona görə girdim ki, dedilər, dövlət üçün iş görülür. Sonradan bildim ki, başımın üstündən iş görüblər. Deyə bilmərəm ki, bu pulu Nəcməddin yeyib, Fazil yeyib. Nəcməddin gəlsin bura, özü desin...".

Z.Niftəliyev bu məsələylə bağlı Vergilər Nazirliyində keçirilən toplantıya bir sıra vəzifəli şəxsin qatıldığını da vurğulayıb: "Bəzi işlər olub, burada onları deyə bilmirəm, uzun-uzadı danışmaq istəmirəm. Mahir Rəfiyevin xidməti otağında olanda orada vəzifəli şəxslər əyləşmişdi".

Hakim Novruz Kərimov təqsirləndirilən şəxsin daha sərbəst danışa bilməsindən ötrü məhkəmə iclasının qalan hissəsinin qapalı keçirilməsinə və jurnalistlərin zaldan çıxarılmasına qərar verib.

Xatırlatma

"Şlyapa Zahid" ləqəbiylə tanınan Z.Niftəliyev 2022-ci ildə həbs olunub. O, N.Sadıkovla əlaqələrindən sui-istifadə edərək rüşvət almaqla müəyyən adamların xidmət yerini dəyişdirməkdə, ordudan tərxisində suçlanıb. Z.Niftəliyev çalışdığı dövrdə - 2018-ci ildə hərbi hissələrdən birinin hərbi qulluqçularını hər gün səhərdən axşamadək Qəbələ rayonunun Vəndam kəndindəki bağ evində fəhlə kimi işlətməkdə də suçlanıb.

Tərtər Hərbi Məhkəməsi ötən ilin yayında 10 min manat cərimə cəzası ilə azadlığa buraxsa da, noyabrda Gəncə Apellyasiya Məhkəməsi yenidən onun həbsinə qərar verib. Z.Niftəliyev 8 il 6 ay azadlıqdan məhrum edilib.

Z.Niftəliyevin N.Sadıkovla yaxın münasibətlərinin olması cinayət işinin materiallarında, ifadələrdə də əksini tapıb.

Ancaq Niftəliyev özünü təqsirli bilmir və deyir ki, qərar verən şəxs olmayıb, kiminsə iş yerini dəyişmək, ordudan vaxtından əvvəl tərxis etmək kimi işlər onun səlahiyyətində deyilmiş. O, müdafiə naziri Zakir Həsənovun dindirilməsinə dair vəsatət qaldırdığını da söyləyir.

General-polkovnik N.Sadıkov 1993-2020-ci illərdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi olub. Son illər Tərtərdə hərbçilərə qarşı işgəncələr, Müdafiə Nazirliyi sistemində 143 milyon manatlıq mənimsəmə və başqa cinayət işlərindəki ifadələrdə onun adı çəkilir. Müxtəlif məhkəmə iclaslarında onun dindirilməsi barədə vəsatətlər qaldırılsa da, bunların heç biri təmin olunmayıb.

N.Sadıkov ünvanına səslənən ittihamları cavablandırmayıb.

XS
SM
MD
LG