Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:40

Niderland səfiri Azərbaycan XİN-ə çağırılıb


'Bellingcat' güllələnmə videosu ilə bağlı araşdırmasını açıqladı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

'Bellingcat' güllələnmə videosu ilə bağlı araşdırmasını açıqladı

Bu gün, noyabrın 25-də Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pauline Eyzema bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib. Bu barədə Azərbaycan XİN məlumat verib.

Görüşdə Niderland Krallığının Xarici İşlər naziri Vopke Hukstranın noyabrın 23-də bu ölkənin Parlamentinə ünvanladığı məktubla bağlı narazılıq diqqətə çatdırılıb. Ermənistandan fərqli olaraq Azərbaycanın öz beynəlxalq öhdəliklərinə ciddi yanaşdığı və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddiaların araşdırıldığı vurğulanıb: "17 sentyabr 2022-ci ildə Azərbaycan Hərbi Prokurorluğunun sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkanın, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyətinin... müəyyən edilməsi üçün hərtərəfli araşdırmalara başlanıldığını bəyan etdiyi diqqətə çatdırılıb".

Məktubda nə deyilir

Niderlandın Xarici İşlər naziri Vopke Hukstra sözügedən məktubunda Azərbaycan hərbçilərinin törətdiyi bildirilən hərbi cinayət iddialarından söz açır. Oktyabrın 1-də yayılmış videoda Azərbaycan əsgərlərinin, guya, erməni əsirlərə atəş açması görüntülərinin yer aldığı iddia olunur. Hukstra Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi təmsilçisi Toyvo Klaarın oktyabrın 2-də yazdığı tvitə istinad edib. Klaar videonun həqiqiliyi təsdiqlənəcəyi halda, müstəqil araşdırma aparmağa çağırırdı.

Nazir qeyd edir ki, oktyabrın 5-də Azərbaycanın Niderlanddakı səfiri ilə bu haqda müzakirə aparılıb, Azərbaycanı qərəzsiz və müstəqil təhqiqat aparmağa çağırıblar.

"Niderland müstəqil təhqiqat aparılması və nəticələrin dərc olunmasında israr edəcək, hadisələri yaxından izləyəcək. Aİ-nin bütün üzvləri blokun vasitəçiliyi dəstəkləyir...", - məktubda vurğulanır.

Oktyabrın 25-də açıq mənbələr əsasında təhqiqatlar aparan "Bellingcat" araşdırma qrupu həmin video haqda öyrənə bildiklərini açıqlamışdı. Qrup bildirirdi ki, video Ermənistan-Azərbaycan sərhədi ərazisində - Qaragöl yaxınlığında çəkilib.

Araşdırma qrupu erməni əsgərləri güllələyənlərin azərbaycanca danışdıqlarını, Azərbaycan ordusunda istifadə edilən silahlar daşıdığını, Türkiyədə buraxılsa da, Azərbaycan ordusunda geyinilən hərbi geyimdə olduqlarını, videonun sentyabrın 13-də sübh tezdən çəkildiyni müəyyən edib.

Bu il sentyabrın 13-14-də sərhəd toqquşmalarında 300-dək hərbçi həlak olub. Ermənistan Azərbaycanın onun suveren ərazisinə girdiyini deyib, Azərbaycan isə sərhədlərin delimitasiya olunmadığını əsas gətirib.

"Bu təhlilə görə, videonun həqiqiliyi ilə bağlı yetərincə müəyyənlik var. "Human Rights Watch" videonu təhlil edərək Azərbaycan hakimiyyətini müstəqil təhqiqat aparmağa və məsuliyyət daşımağa çağırıb", – Niderland xarici işlər nazirinin məktubunda deyilir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG