Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:50

'Keçmiş SSRİ vaxtı pis-yaxşı olan sığınacaqlar bu gün gecə klublarıdır' 


'Birdən Bakıya da atsalar...' - Paytaxtda normal sığınacaq varmı?
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

'Birdən Bakıya da atsalar...' - Paytaxtda normal sığınacaq varmı? (Arxiv. 2020)

Son zamanlar bəzi dövlətlər dünyanı nüvə silahı ilə təhdid etməkdədir. 2022-ci ildə Ukraynaya açıq təcavüz edən Rusiya rəsmiləri də son aylar Qərb ölkələrini Ukraynaya verdikləri silahlarından onların ərazilərini vurmağa icazə verəcəkləri təqdirdə açıqca nüvə silahından istifadə edə biləcəkləri ilə hədələyirlər.
Bütün bunlar isə istər-istəməz dünyada mülkü müdafiə məsələlərini aktuallaşdırır.

Hələ sovet dövründə Azərbaycanda yeraltı sığınacaqlar salınmışdı. Hazırkı dövrdə isə Azərbaycanda sığınacaqların uçotunu və mülki müdafiə tədbirlərini Fövqəladə Hallar Nazirliyi (FHN) həyata keçirir. Bir müddət əvvəl FH-dən mediaya bildirilmişdi ki, ölkədə belə sığınacaqlar var və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə birgə əhalinin məlumatlandırılması üçün müxtəlif proqramlar işlənib hazırlanıb. Amma son vəziyyətlə bağlı nazirliklə danışmaq mümkün olmayıb.

Elman Məmmədov
Elman Məmmədov

"Bu məsələyə diqqət yetirmək lazımdır"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə "Turan"a bildirib ki, sovet dövründə bu, çox aktual məsələ idi: "Bu sığınacaqlar, mülki müdafiə qərargahları təkcə Bakıda yox, Azərbaycanın, demək olar ki, hər yerdə mövcud idi. Hətta kənd yerlərində diqqət ayrılırdı ki, hər hansı bir binaların, yaşayış evlərin zirzəmilərində də sığınacaqlar salınsın".

Deputatın sözlərinə görə, indi dünya beynəlxalq hüquqla, qanunlarla, haqq-ədalətlə yox, güclə idarə olunur: "Ona görə də sığınacaqlar məsələsi vacibdir və aktualdır. Bu məsələyə diqqət yetirmək lazımdır".

Ramil Osmanlı
Ramil Osmanlı

"Hazırkı tikinti qaydalarına görə..."

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı düşünür ki, hazırkı tikinti qaydalarına görə, hər yeni tikilən binada yeraltı sığınacaq üçün yerin ayırması məcburi deyil: "Nəzərə alsaq ki, tikinti standartları ilə bağlı bu gün yeni qaydalar tətbiq olunur, yeni inzibati metodlar üzə çıxır. Əvvəlki tikinti qaydalarında məcburi olan bu standartlar artıq bir qədər aktuallığını itirib. Nəzərə alınır ki, Bakıda metro var, ona görə də hər binanın altında sığınacağın salınması məsələsi son dövrlər aktual mövzu deyil".

Ekspertin sözlərinə görə, hazırda yeni tikilən binaların zirzəmilərində salınan avtodayanacaqlardan sığınacaq kimi qismən istifadə edilə bilər: "Amma tam şəkildə yox, çünki qaraj sahibi qaraj sahəsinə mülkiyyət hüququnu əldə edir. Oradan istifadə yalnız onun razılığı ilə mümkündür. Amma texniki parametrlər baxımından yeraltı qarajlardan istifadə etmək mümkündür".

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

"Vəziyyət bərbaddan da bərbaddır"

Hərbi ekspert Üzeyir Cəfərov isə Azadlıq Radiosuna deyib ki, Azərbaycanda yeraltı sığınacaqlarla bağlı vəziyyət bərbaddan da bərbaddır: "Biz dəfələrlə bu məsələni qaldırsaq da, aidiyyəti qurumlar bu məsələ ilə məşğul olmurlar. Keçmiş SSRİ vaxtı pis-yaxşı olan sığınacaqlar bu gün gecə klublarıdır, ticarət mərkəzləridir. Sabah həqiqətən təhlükə yaranarsa, bunu edənlər əldə etdikləri pullarlamı qorunacaqlar?".

Ekspert hesab edir ki, Nazirlər Kabineti bu məsələ ilə bağlı iclas keçirməlidir: "Məsələyə çox böyük məsuliyyətlə yanaşmaq lazımdır. Amma biz bunu bu gün görmürük. Qurumlar bu məsələyə çox məsuliyyətsiz yanaşırlar. Bu gün Azərbaycanın yarısı Bakıda yaşayır. Sabah təhlükə olacağı təqdirdə, bu insanların hamısı metrolara sığışacaqmı? Lap sığışarsa, onların sanitar, qida, su məsələsi necə həll olunacaq? Böyük məsuliyyətsizlik var".

Azərbaycanda 2020-ci il İkinci Qarabağ müharibəsi zamani da bu mövzu aktuallaşmışdı. Ekspertlər isə deyir ki, hökumətin bu məsələdə arxayınlaşması yolverilməzdir.

XS
SM
MD
LG