Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:54

Orxan Orxanov “çıxılmazlıq nəzəriyyəsi” (Romandan parça)


(Romandan parça)

İçərişəhərin dolambac yollarında azıb qarşına çıxan ilk başıpapaqlı, əlitəsbehliyə yaxınlaşıb Zevin küçəsinə necə çıxa biləcəyini soruşub aldığın cavab bütün ruhuna yayılan vaxt Simbadla Nurca da əl-ələ Cümə məscidinin önüylə addımladıqlarında bitən divarlara, üzlərinə açılan xəyali dəniz mənzərəsinə boylanacaqdılar.

Çox tezliklə bu dəniz mənzərəsinin yerini bir göz qırpımında ötən avtomobillərin arxalarınca buraxdıqları zəhərli qazlar tutacaq, sonra mahnılar girəcəkdi araya, yolu keçən piyadalar, küçə itləri, günün günorta çağı kəsişən hər cür ümiddən məhrum baxışlarımız dolduracaqdı həyatı.

Bax onda o başıpapaqlı, əlitəsbehli içərişəhərli də sənə başa saldığı Zevinin yollarına, Şirvanşah İkinci Xəlilullahın itmiş xəzinəsinə aparan gizli yolların bütün sirrlərini qatacaq, zirək olub Zevin küçəsinin axırına, nəfis “Trussardi” mağazasının par-par parıldayan vitrinləri qarşısına gəlib çıxa bilməsən də, həyat xəzinəni taparsan, o da ola bilər ki, qəflətən dalandan çıxan çarşablı ağbirçək qapacaq onu, bir saniyə içində hər şey dönüb olacaq heç nə.

Bax elə o vaxt Simbad təsəlli kimi Nurcasına daha da qısılacaq, qızın böyrünə keçmiş əlləri ona daha şəhvətlə sarılacaq.

Əl-ələ boylandıqları Xəzərin Abşeron yarımadası, Bakı bulvarına toxunan ləpələriydi. Dalğaları bədənlərində, saçlarına daraşan axşamçağı xəzrisində hiss edirdi sevgililər.

Yay fəslində bir-birinə toxunan iki bədən, Simbadın krujevalı sarofandan qollalarına toxunan qollarında başqa bədənin istisinə dəli olan qız. Sakit və hüznlü dənizkənarının temperatur qülləsi müsbət otuz dərəcəni nişan edir.

Uzaqda estakadaları aşıb qol-qola gəzən aşiqləri isladan dənizin dalğaları Qız qalası önündə bir-birinə qısılmış Simbadla Nurcanın üzündə təbəssüm yaradır, bədənini İçərişəhərin dolanbac yollarında azdırıb daha heç kimin qoynuna qısılmamaq üçün itirir, yox olur.

Axşam əzanı təzəcə bitib, havada hələ də ərəbcənin rütubəti oxunur, avtomobillər ötür və bahalı mağaza vitrinləri önündən keçən hamilə qadın ayaq saxlayıb gözünün ucuyla məxməri gecə libası keçirilmiş plastmas manekenə baxır, sonra o da əzan səsi və dalğalar kimi itib-batır, yolu burulub o dəqiqə yox olur.

İkisi üçün ətraflarında başqa heç kim yoxdur, günəş də uzaqda gürub edir, Qız qalası son ziyarətçilərini yola salıb qapılarını sabahadək bakılıların və şəhərin qonaqlarının üzünə bağlayır.

Qalanın qapanan qapıları kimi təzəcə başlayan bu yay axşamının şeiranəliyi də uzaqdan-uzağa, hansısa əntiq əşya və əsrlik xalçaların satıldığı kiçicik dükandan səslənən Zeynəb Xanlarovanın səsiylə onların ruhlarına daxil olur.

Bu muğam da ilk sevgi kimi bir göz qırpımında Simbadla Nurcanın ürəyinə yayılır, Bakını aşaraq çox uzaqlarda - Neft daşlarında, Nargin adasında əks-səda verir, bəlkə də Xəzərin qarşı sahilinə, Orta Asiyanın qıyıqgöz limanlarınadək gedib çatırdı.

İndi sevgi – Bəhram Gurun əjdahanı sonsuz öldürmə səhnəsinin yaşandığı fəvvarədən başlayıb “Azneft” boyunca “Azadlıq” meydanına aparan, Domsovetin arxa tərəfində köhnə kitablar satılan dar yollaradək uzanan binalardı, uzun-uzun kitab cümlələriydi, adamlardı, park etmiş avtomobillərdi, divar yazılarıdı, piştaxtalardı, qoxulardı, səmanın səssizliyini təhrif edən təyyarələrdi, kölgələrdi, küçə pişikləridi, şəhərin altındakı gizli keçidlərdi, mənzillərin əsas otağında, divara söykədilmiş servantın ən yuxarısında duran ağ dəsmala bükülü “Quran” kitablarıydı, taksofonlardı, rəngini itirmiş boz asfalta ağ təbaşirlə çəkilmiş oyun sinifləriydi, xəyallardı.

Sağa-sola uzanan yolların həndəvəri sadəcə nəhəng binalardı, tikililərdi.

Adamı ölçüləriylə qorxudan, rəngiylə diksindirən, səsin itdiyi, həyatın əks-səda verdiyi Bakı funiklyorunun, Dövlət Neft Şirkətinin, “Domsovet”in, “Abşeron” mehmanxanasının düz xətt boyunca asfalt səhranın ortasında xəzri küləyinə göstərdiyi inad idi sevgililəri Qız qalası önündə saxlayan, yerlərindən tərpənmədən Zeynəb Xanlarovanın ifasına qulaq asdıran. Xalça dükanından səslənən muğam bəlkə də köhnə Zevin küçəsinin önündən keçməklə, avtomobil tıxaclarına baxmayaraq, dəniz yoluyla Şıxov burnundan Əhmədliyədək sevgililəri beşcə dəqiqəyə çatdırmağa qadir idi.

Bircə bu ifa kifayət idi – müharibənin içindən gələn güllə səslərini unutdurub səssiz-səmirsiz kənara çəkilib xəzriyə yol verən, divara sürtünüb ağarmış pencəyini görüncə, ötənlərin arxasından söyüş söyməyə adamı qoymayan.

Bircə bu səs – həyata alabəzək pərdələrin aralanıb kirli pəncərələrdən boylanıldığı mənzillərə bir parça ümid verən, xəlvəti içəri keçib evin bir üzvünə çevrilən, ailə albomunun ağ-qara fotoları arasından keçib dünəni bir anlığa da olsa geri qaytaran.

Səslərin bir-birinə qarışdığı şəhərdə məscidlərdən ucalan əzan da kəsildimi, Bakı qalır Zeynəblə təkbətəkə, kənar qəsəbələri də qarışıq, bütün şəhər keçir onun ixtiyarına, qaş qaraldımı hamıdan gizlicə Zeynəb xanədanını qurur avtomobillərdə, evlərdə, xəstəxanalarda Bakının radio və televiziya işçiləri.

Lap əvvəllər – hələ nə Nurcanın, nə də Simbadın olmadığı 60-cı illərdə hamı inanmağa çalışırdı ki, Bakı caz şəhəridir. Vaqif Mustafazadənin ifası hər əcnəbi festivalda növbəti uğurunu qazandıqca, şəhər sakinlərinə bu fikir daha ciddi görünürdü.

Yalnız Vaqif Mustafazadənin ölümüylə caz da Bakının qala divarlarına toxunub çilik-çilik öldü, bu vaxt Zeynəb Xanlarova artıq kommunizmi qura bilməmiş nəslin yeganə həyat sevincinə çevrildi.

Hər köhnə ilin son gecəsi təşkil olunan bayram konsertində saatlar yeni ili çaldıqdan sonra, ölkə min doqquz yüz təzə rəqəmlərə Zeynəbin ifasıyla daxil olurdu.

Beləcə, xalq mahnılarının da köməyilə şəhərdə zaman anlayışı tam yox oldu. Artıq dəyişən sadəcə təqvimlərdəki günlərdi, illər eyniydi, günlər də başladığı kimi davam edəcəkdi.

İndi beşilliklərə bölünən insan həyatlarının beş dolu ili heç nəylə bir-birindən fərqlənmirdi.

Sadəcə adlarıyla belə min ilin tarixini, gizlinlərini içinə almış şəhər Zeynəbin bir-iki mahnısı kifayət etdi ki, zaman anlayışını biryolluq unutsun, əvəzində bakılılar bir də gözlərini açdıqda özlərini boşluqda tərk edilibmiş kimi hiss etdilər.

Ardınca, “Çinar” kafesindən Bəhram Gurun heykəlinə baxaraq içilən bir stəkan pürrəngi çay oldu Zeynəb, Yasamal qəbiristanlığından oğranılan başdaşıların hüznü oldu, gülüş oldu, ilk sevgi oldu.

Tarix ağrını saxlamır, Zeynəbin ifasında Bakı da axşamüstülərin dərdini üstündən atıb bu həqiqəti dərk etdi səssiz-soraqsız. Bir-birindən fərqlənməyən illərin növbətisində Simbad doğuldu, ondan dörd fərqlənməyən il sonra da Nurca.
Ancaq tale adamın ağlını başına gətirməkçün həyatı İçərişəhərin bir-birinə açılan yollarına çevirib qarışdıranda başa düşürsən, hər şeyi. Yoxsa mənim istirahət etməli olduğum bir gün nə işim var Azdramada?

Gül kimi uzanmışdım indi yatağımda, Nurca da televizorda növbəti sarsaq Braziliya serialına baxırdı. Həyat elə Braziliya serialı kimidi də, nəyivə lazımdı, ay Nurca, ömrüvün qızıl saatlarını həsr edirsən ona.

Aç pəncərəvi, bax yolla ötən adamların sarsaq üzlərinə. Pedrodan, Xosedən adama nə xeyir gələcək ki?

Başa da düşmürsən, arvad hansını sevir, kişinin qızı kimdi, sevgilisi kim, uşaqlara baxan qulluqçu axırda çevrilib olur elə onların doğmaca anası, ana da hansısa çörəkçiyə qoşulub qaçır.

İndi gəl bu qədər soxhasoxun içində baş aç kim kimdi. Nə vaxt başlayır, nə vaxt qurtarır bu seriallar adam başa da düşmür. Nurca, bəlkə durub bir çay gətirəsən? Gözlə, serial qurtarsın. Yenə eyni sözlər.

Serial nə vaxt qurtaracaq? Beş dəqiqəyə. Başın qarışır, beş dəqiqə olur on beş dəqiqə. Nurca, nə oldu, beş dəqiqə keçdi, serial da ki, davam edir. Aaa... Adama elə “a” edəcək ki, çağıb qalacaqsan, peşman olacaqsan əlifbanı öyrənməyivə.

Nədi, nədi o serial qurtardı, indi də başqası başladı. Adamın gedib laməkan olmağı gəlir.

Bir neçə il əvvəl, aparılan arxeoloji qazıntılar zamanı ələ keçən nümunələr əsasında alimlər gecə-gündüz bağırdılar ki, indiki Bakının altında, bəlkə də min il əvvəl tikilmiş şəhərin qalıqları tapılıb. Simbad o xəbərləri yada salır.

İtmiş şəhərin də öz cavab tapılmamış sualları vardı, yəqin ki, o vaxt da bütün səbəbsiz gəzintilərin Azdramanın həndəvərində, Füzulinin hüznlü heykəli yanında bitdiyini kimi, çox sarsaq, mənasız yerlər var idi.

O şəhərin karvansarayına yığışıb axşamlar gic-gic meyxanalar oxuyardı şəhərlilər.

O suyun altında itib-getmiş şəhərdə görən mən kim idim? Füzulisi kim idi o köhnə Bakının?

İndi hər şeyin günahını başqalarıyla dil tapmaqda çətinlik çəkən xasiyyətində görürdü. Füzulinin heykəli ətrafındakı bütün bu insanlar – qarşıdakı skamyaya əyləşmiş sevgililər, çadraya bürünmüş tumsatan qarı, o balaca, mövsümə görə əyni çox nazik uşaq, əlində qəzet, elə hey sağa-sola vurnuxan keçəl kişi, sadəcə Azdramanın önüylə ötənlər, indi onun tale yoldaşlarıydı, hansısa görünməz axın onları tullamışdı həyatlarının bu nöqtəsinə, Füzulinin beş əsrdir cavab tapılmayan sualını çözməyə, bu qaranlıqdan nəsə qoparıb evlərinə aparmağa, ola bilər ki, sabah ayıldıqlarında həyatlarını elə tapacaqları cavab da tamam dəyişəcəkdi, indən belə daha heç nə onların yolunu azdırıb taleyin bu lənətlik dalanına dirəməyəcək, onlarla naməlum işarələr vasitəsilə söhbət qurmayacaqdı.

Düşündükcə, bu çarpaz suallar da yavaş-yavaş qırağa çəkilir, onunla Füzulinin heykəli arasında boşluq yaradırdı. “Füzuli dəryadı, biz ondan bir damla götürürük”, - polis kapitanı atasıyla kimyaçı anasının dava çıxarmağa bir səbəbləri olmadıqda, hər ikisi sevimli yaşıl kreslolarına çəkilər və sevdikləri kitabları oxumağa başlardılar.

Kitab oxumazdı əslində heç biri, hər ikisi də digərinin bu adətindən xəbərdar idi.

Əllərinə tamam fərqli kitabları alardılar - ədəbiyyatla qəti arası olmayan atası Füzulinin yaşıl cildli qəzəllərinə sarılardı, anası da həmişə Dostoyevskini başlardı vərəqləməyə.

Sonralar, yalnız sonralar, baş-başa qaldığı zəhləsi getmiş heykəllə daha gizlətməyə heç bir yalanı qalmadığında, Simbad o zaman köhnə-köhnə mətnlərin diliylə valideynlərinin bir-birinə nə demək istədiyini başa düşür. Atası öz arvadının soyuqluğundan şikayətlənərdi, Füzulinin hüsranlı qəzəl kitabına sarıldığında, aralarında onları birləşdirəcək, bütün bu söz-söhbətləri aradan qaldırmaq gücündə olan heç bir hissin, ehtirasın qalmadığını başa salardı.

Dayan-dayan, ola bilməz, mən Füzulini belə tezliklə anlaya bilmərəm. Hər şey belə asan ola bilməz. Noolsun ki, atam həmişə Füzulinin qəzəllərini oxuduğunu göstərərdi?

Atamın ki, tək sevimli şairi Əlağa Vahid idi, bəs niyə, niyə Vahidi yox, anamla hər dalaşdıqlarında Füzulinin kitabını əlinə alar, ya da televizorda muğam konserti gördüyündə səs verərdi? Nəydi atamın sirri, məni Füzulinin lap ayağının altına gətirən səbəbi?

Görən mən bunu başa düşmək üçün, divara yazılmış bircə o beytdən savayı, daha nə oxumalıyam? Mən indi sadəcə rahatlıq tapmaq istəyirəm, başqa heç nə, qətiyyən heç nə məni maraqlandırmır.

Fikirləşə-fikirləşə də hələ atasının sağlığında, o illərə qayıdıb mənzillərini xəyalən ələk-vələk edir, anasının da, atasının da kitab rəfinə yaxın olmaq, ayağa qalxdıqlarında istədikləri kitabı götürə bilməkçün kreslolarının yerini dəyişdiklərini xatırlayır.

Həmişə, elə bir gün olmazdı ki, atasına Füzulinin qəzəllər kitabını anası rəfdən çıxardıb uzatmasın.

Dənizin içində itən Şıxov burnundan Əhmədli qəsəbəsinin doqquzmərtəbəli beton binalarına uzanan sonsuz yolda şəhərin tozu həyatın üstünə hopmuşdu.

Yeni ucaldılan göydələnlərə tikinti materialları daşıyan yük maşınları, qazılan özüllər, sökülən həyətlərdi şəhərin ağ-qara rəngini daha da boz edən, toz dumanında az-çox gözə dəyən həyatın işıltılarını yoxa çıxardan. Bu toz dumanı insan halında kəndlərdən şəhərə tikintidə işləmək üçün axışan kişilərə çevrilib, qadın tapmaq ümidilə özünü şəhərin baş küçələrinə - köhnə Torqovıya, Basinə, Zevinə verirdi. Simbadın önüylə keçir onlar, fikirləşməsinə mane olurdular.

Səmtlərin nişan verildiyi, tanındığı, arxa küçələrin naməlum yollarıyla addımladığında azarsansa əgər, getmək istədiyin yeri birinə yaxınlaşıb soruşduğun məşhur bir bina, hansısa köhnə kinoteatr, stadion, məktəb, ya da heykəl mütləq var. Badamdarda “əyri ev”, Yasamalda köhnə “Qələbə” kinoteatrı, “Bolluq” stadionu, , 8-ci kilometrdə bazar, “Şərq şirniyyatı” mağazası, Montində məşhur divar saatı, Nəriman Nərimanovun büstü, Qara şəhərdə katolik kilsəsi, Əhmədlidə “Bakı” kinoteatrı kimi. Şəhərin arxa məhəllələrində küçə adlarını, binaların nömrələrini nə patrul çəkən polislər bilər, nə yerli sakinlər.

Qarşı-qarşıya tikilmiş həmin binaların arasıyla çəkilmiş tarım iplərdən asılmış paltarların sabunlu suları bomboz asfalta damcılayır.

Küçədə top oynayan uşaqlar, daim atadan qalma köhnə “Moskviç” durar o məhlənin düz ortasında, məhəllə cayıllarə toplaşar başına, ən gülməli, ən kədərli, ən oğraş söhbətlər o paslamış ata yadigarının həndəvərində gedər.

Yolla ötən qızların yekə götlərinə zillənmiş yanıq baxışlar girər araya, bir də məhəllə ağbirçəklərinin eyvanlardan eşidilən çığırtıları.

Araya qaz plitəsində yanan yemək qazanının iyi girər, uzaqdan mahnı səsi eşidilər ötən avtomobilin açıq pəncərələrindən. Xlor, mebel yağı, tarakan dərmanı satanlar keçər düz ortasıyla kimsəsiz futbol meydançasından, bir tikə çörək ümidinə açılan darvaza olar toru çırpışdırılmış futbol qapıları.

Məhəllənin avaragor itləri hürməz arxalarınca o yazıqların, çoxdan öyrəşiblər onların məhəllənin bir sakini olduqlarına – adsız, görkəmsiz sakinlərin qarasınca itlər belə hürməz, fərq etməzlər onlara, kimə lazım idi onlar, hamamı təmizləyəndən təmizləyənə xlora ehtiyacları olan evdar qadınlardan başqa.

Atasıyla anası uzun-uzadı vərəqləməzdilər kitablarını. Uzağı ikisindən biri çay içmək üçün mətbəxə yollandığında bitərdi bu oyun.

Sonra heç nə olmamış kimi həyatlarına qaldıqları yerdən davam edər, kitabları da rəfə qoymağı unutmazdılar. İndiki gün kimi yadındadır, atası kitabı vərəqləməyə həmişə ilk səhifədən başlardı.

O vaxtı buna elə də ciddi fikir verməzdi, amma Dostoyevskinin “Cinayət və cəza” romanını vərəqləyən anası kitabı ortalarından, hansı səhifədən gəldi aralayardı.

Ciddi görünmək üçün bəzən ard-arda bir neçə dəfə eynəyini burnunun üstünə sıxan atasından fərqli olaraq, anası fikrə getdiyini göstərməkçün vərəqləri çevirərkən əvvəlcə barmağının ucunu dilinə sürtər, sonra çevirərdi.

Heç vaxt düşünməzdi ki, bütün bu incəliklər yadında qalar, nə vaxtsa onlara sarılıb həyatının olum-qalım sualına cavab axtarar.

Amma onların da belə asanlıqla öz sirrlərini açmayacaqları, ona belə asanlıqla kömək etmək fikrində olmadıqlarını başa düşürdü.

Keçmiş, indi dəqiq və ya uydurma olduğunu ayırd edə bilməyəcək qədər arxada qaldığından xatirələrindəki bəzi ağ ləkələri doldurmaqçün ailə həyatının tamam fərqli səhnələrini, söhbətlərini yaddaşında canlandırmağa çalışır.

İlk dəfə məktəbdə iki aldığı gün atası onu evə gətirməmişdi, Böyük Vətən Müharibəsi qəhrəmanları şərəfinə ucaldılmış abidənin önündə qoyub maşınına minmiş, uzaqlaşmışdı. O gün evə Simbadı məktəbin direktoru gətirdiyində, oğlan ilk dəfə atasıyla anasının səssiz-səmirsiz kreslolarına yaylanıb kitab oxuduqlarını görmüşdü.

O gün bir söz demədən uşağını məktəbdə buraxıb evə qayıdan ata axşamacan Simbadı ayrı-ayrı vaxtlarda yanına çağırıb gözünü sətirlərdən çəkmədən onunla uzun-uzadı söhbətlər etmişdi.

- Sovetin vaxtında, rusların evlərinə izahat almaq üçün girəndə işıq heç vaxt yanmırdı, həmişə alaqaranlıq olardı.

Bu etirafı atası yalnız Sovet İttifaqı dağıldıqdan sonra, müharibə veteranlarını bütün kommunal xərclərdən azad edəndə dilinə gətirmişdi. Qəflətən bu hadisəni xatırlayır, amma özü də başa düşmür ki, nə köməyinə gələcək atasının bu gecikmiş etirafı.

Həyat adamla dəxli olmayan zarafatlar edir, özü də harda gəldi – ucuz kafelərdə, avtobusdan düşəndə, ayaqyoluna tələsəndə oxumaq üçün qəzet axtaranda, qarşıva köhnə sevgilivin yazdığı məktublar çıxanda, gülür sənə, sənə nərd taxtası uzadır, deyir gəl bir tas oynayaq, sən də oynayıb uduzursan, suyun süzülə-süzülə durub gedirsən. Mənim atam da əvvəlcə mayor olmaq arzusunu, sonra döyüşü, lap axırda da həyatın o nərd oyununu uduzdu.

Elə altmış altıncı ildə “Neftçi”nin qələbələrinə sevinib günəbaxan tumlarını dişlərinin arasına qoyub çırtlayanda, biz o oyunu uduzmuşduq. Elə yediyimiz-içdiyimizlə bizi məhv edir bu şəhər. Nəydi adı o şokoladın? Kağızına da Türkiyə erməniləri yazırdılar ki, “Şuşa, Qarabağ bizimdi - gözlərinizi çəkin”.

Ağdamda müharibəni uduzan atam, Şuşanı da sonradan öz evində, yediyi o ucuzvari qara şokoladlarda uduzdu. Nəydi adı o şokoladın? Yaxşı yumşaq idi, ağıza qoyan kimi əriyirdi. Ay allah, kağızı da bənövşəyiydi? Ehhh... “Yayla”ydı da axı onun adı. Biz “Snikers” yerinə onlardan alırdıq. Bir “Snikers”in puluna üç dənə “Yayla” düşürdü.

Simbad ucuz şokoladın acını yadına salan vaxt yan-yörəsilə ötən adamlar onun hekayəsində ikinci dərəcəli qəhrəmanlar kimi görünürlər və yox olurlar. Şəhər ikinci dərəcəli qəhrəmanlarla doludur. Azdramanın qarşısında onlar istənilən an tamam başqa birinə çevrilə bilirlər.

Bakı onlara bu imkanı verir. Şəhərə iş axtarmaqçün, hamballığa da razı oğlan yaşlı milyonçuya çevrilir, öz bahalı “Mersedes”ini sürür düz beşmərtəbəyə tərəf, yolla ötən qəşəng qızlara siqnal edir, qəhbə müqədəsə çevrilir, kişi qadına, qadın da kişiyə dönür.
XS
SM
MD
LG