Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:52

Rəssam: 'Polis rəisi 10 min pul istədi, verə bilmədik, həbsə göndərdi...'


Narkotikə görə cəzalar necə sərtləşdirilib?
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Narkotikə görə cəzalar necə sərtləşdirilib?

Əslən Naxçıvandan olan Mirhəsən Tağıyev ixtisasca rəssamdır. O, bir müddət Rusiyada yaşayıb, Azərbaycanda dram teatrında çalışıb. Türkiyədə də rəssam kimi fəaliyyət göstərib. Özünün də dediyinə görə, sonradan narkotik maddələrə qurşanması həyatını darmadağın edib.

51-yaşlı rəssam həyatının son iki ilə yaxın dövrünü həbsdə keçirməli olub. O, başqa bir dostu ilə birlikdə külli miqdarda narkotik satışında ittiham olunaraq həbs edilib. 2020-ci ilin dekabrından həbsdə olan Tağıyev təxminən 10 gün öncə bəraət alaraq azadlığa buraxılıb.

Narkotik istifadəçisi olduqlarını inkar etmirlər

O, Vüsal Əliyevlə birlikdə həbs olunub. Elə ikisi birlikdə də Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət alıb, iki il sonra məhkəmə zalından azadlığa buraxılıblar. Cinayət işinin materiallarında iddia olunur ki, Tağıyev və Əliyev 2020-ci il dekabrın 24-də ayrı-ayrılıqda metronun "Qara Qarayev" stansiyasının yaxınlığındakı ATS-in yanında saxlanılıb. Onların üstündən ümumilikdə 205 qram metamfetamin ("şüşə", "patı") və 143 qram heroin tapılıb. Bu adamların narkotik satışı ilə məşğul olması haqda əməliyyat məlumatı əsasında onları tutanlar isə Nizami rayon Polis İdarəsinin əməkdaşları olub.

Təqsirləndirilən şəxslərin heç biri narkotik istifadəçisi olduqlarını inkar etmirlər. Onlar məhkəmədə bildiriblər ki, hətta buna görə həbsə də düşüblər. Məhz həbsdə bir-biri ilə tanış olublar. Heç biri ailə qurmayıb, övladları olmayıb. Həbsdən çıxandan sonra da kirayə ev tutublar.

Əliyevin avtomobili olub, növbəlilik prinsipi ilə onunla taksi fəaliyyəti ilə məşğul olublar.

"Ev üçotaqlı idi. Otaqlardan birinə mənzil sahibi əşyalarını yığıb qapını bağlamışdı. Birində Vüsal qalırdı. Birində də mən. Vüsal bir qadınla yaşayırdı, arabir həmin qadın gəlib-gedirdi. O qadın gələndə mən çıxıb gedirdim", – Tağıyev yaşayışlarını məhkəmədə belə təsvir etmişdi.

"Qışqırırdılar ki, silahlar hanı?"

Necə həbs olunmalarına gəlincə, o deyir ki, dekabrın 24-də yox, 21-də saxlanılıblar. Özü də ATS-in qarşısında yox, yaşadıqları evdə. Onun sözlərinə görə, Vüsalın qohumu Anar da onlarda idi, siqaretləri qurtarmışdı. Mağazadan siqaret alıb qayıdanda birinci mərtəbədə liftə arxasınca iki nəfər də minib. 13-cü mərtəbədə qapı açılanda isə həmin iki nəfər onu itələyib bloka yıxıb. Həmin vaxt blokda gözləyən iki nəfər də qoşulub, əllərini qandallayıb.

Tağıyev deyir ki, cibində olan siqaretləri, evin açarını, mobil telefonunu və öz istifadəsi üçün olan bir büküm narkotiki götürüb mənzilə hücum ediblər: "Qışqırırdılar ki, silahlar hanı? Vüsal soruşdu ki, silah nədir? Mən qandallı idim. Evi axtardılar. Evdə təsbehlər vardı, onları, Vüsalın qeyri-rəsmi yaşadığı qadının uşağının bankaya yığdığı qəpikləri, suvenirləri, hər şeyi yığıb apardılar. Vüsalla yanaşı, Anarı da apardılar. Qalib (Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Qalib Hümbətov) idarədə bizdən əvvəl 15 min pul istədi, sonra 10 minə düşdü. Məni saxladılar, Vüsalı göndərdilər ki, gedib 10 mini tapıb gətirsin. Anarı o gecə buraxdılar. Sonradan eşitdim ki, ondan da ertəsi gün 500 manat alıb...".

Təqsirləndirilən şəxslər iddia edir ki, onların tutulmasında da, pul tələb olunmasında və alınmasında da birbaşa Hümbətov iştirak edib.

10 min manatdan 4 mini

Həm Tağıyev, həm də Əliyev iddia edir ki, ertəsi gün – dekabrın 22-də Vüsal tələb olunan 10 min manatdan 4 minini tapıb gətirib və Hümbətova təqdim edib. Qalan hissəsini tapıb gətirməsindən ötrü ona vaxt verilib.

"Aradan iki gün keçdi, bu müddətdə Vüsalın nə işlə məşğul olduğunu bilmirdim. Amma polislər arabir mənim telefonumu gətirirdilər, açıb, özləri oradan Vüsala zəng eləyib danışırdılar ki, nə oldu, düzəltmirsən? İki-üç gün sonra Vüsal idarəyə gəldi, dedi ki, düzəldə bilməmişəm...", – Tağıyev məhkəmədə bildirib.

Əliyev də onun dediklərini təsdiqləyib. O bildirib ki, 4 mini çətinliklə düzəltmişdi. Qalan məbləğə görə çox adamdan borc istəsə də, tapa bilmirdi. Tez-tez ona zəng gəlirdi. Bu üzdən dekabrın 23-də polis idarəsinə getmək məcburiyyətində qalıb: "Qalibə dedim ki, tapa bilmirəm. Dedi ki, yaxşı, 6 minin əvəzinə mənə narkotiklə məşğul olan pullu adam ver. Dedim, özümə görə kimisə bədbəxt eləyə bilmərəm. Yerindən qalxıb mənə tərəf gəldi, dedi ki, indi get, Allah sənə kömək olar. Əməliyyatçı Xəlilə dedi ki, Kənanı (müstəntiq Kənan Rzayev) çağır, seyfdə nə varsa, yükləsin bunlara...".

Əməliyyatçıların dedikləri

Yazıda adı çəkilən şəxslərin bu deyilənlərə münasibəti bəlli deyil. Ancaq məhkəmədə Nizami rayon Polis İdarəsinin əməliyyatçıları da şahid kimi dindirilib. Onlar təqsirləndirilən şəxslərin məsuliyyətdən yayınmaq üçün yalan danışdıqlarını bildiriblər.

Polislərin sözlərinə görə, Mirhəsən Tağıyevlə Vüsal Əliyevi evlərində saxlamayıblar, onlar küçədə tutulublar. Onlardan pul tələb olunması haqda iddialar da yalandır.

Təqsirləndirilən şəxslər və onların vəkilləri isə dediklərini sübut etmək üçün məhkəmənin onların yaşadıqları binanın girişində, ətrafda olan videokameraların görüntülərinə baxış keçirməsini, mobil operatorlardan telefon zəngləri ilə bağlı məlumatların alınmasını istəyiblər.

Məhkəmə bütün bu məsələləri araşdırandan sonra təqsirləndirilən şəxsləri təqsirsiz hesab edib və onlar haqqında bəraət hökmü çıxarıb.

XS
SM
MD
LG