Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Politico: Laçın dəhlizi Avropa İttifaqında fikir ayrılığı yaradıb


Ermənistanda Laçın dəhlizinin açılmasını tələb edən aksiya
Ermənistanda Laçın dəhlizinin açılmasını tələb edən aksiya

Politico saytı yazır ki, Azərbaycana Avropa İttifaqının Rusiyanın enerji asılılığını azaldacaq partnyor kimi baxılır, amma onun hazırda ermənilərin yaşadığı Qarabağı blokadaya almaqda ittiham olunması Bakı-Aİ münasibətlərində də böhran yarada bilər.

Məqalədə deyilir ki, Avropa Parlamentinin üzvləri təcili hərəkət tələb edirlər və bu həftə Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel regionda yaranmış humanitar vəziyyətdən “dərindən narahat” olduğunu bəyan edib.

Qarabağ ermənilərinə ərzaq və dava-dərman çatdıran Beynəlxalq Qırmızı Xaç Komitəsi isə bildirir ki, son iki həftədə israrlı səylərinə baxmayaraq təchizatı bərpa edə bilmir.

Bundan bir gün əvvəl Qarabağın “prezidenti” kimi təqdim olunan Arayik Arutyunyan isə deyib ki, bölgə “fəlakət zonasına” çevrilib, xarici hökumətlər və BMT təcili qaydada vəziyyətə müdaxilə etməlidir.

Azərbaycan Qarabağı blokadaya salmasını inkar edir və bildirir ki, Qarabağa lazımi yüklər işğaldan azad edilmiş Ağdamdan keçərək də gətirilə bilər.

Azərbaycan Borrelin bəyanatından “məyusluq” ifadə edib və bildirib ki, bu bəyanatın verilməsinə səbəb "Ermənistanın yaydığı təbliğat və siyasi manipulyasiyalar” olub.

Ağdam marşrutu

Politico saytının suallarına cavab verən Arutyunyan deyib ki, “Ağdamdan gətiriləcək yüklər qəbul edilə bilməz, çünki bu böhranı elə Azərbaycanın özü yaradıb”.

Məqalədə deyilir ki, separatçılar Azərbaycandan yardım qəbul edilməsi ilə “müstəqilliklərini” itirə biləcəklərindən ehtiyat edirlər.

Lakin Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, beynəlxalq birlik ermənilərin Ağdam marşrutunu qəbul etmələri üçün təzyiq göstərməlidir.

Politico yazır ki, Avropa İttifaqı “yavaş-yavaş” tərpəniş göstərir. Borrel Azərbaycanı Laçın yolunu bağlı saxlamaqla Beynəlxalq Ədalət Məhkəməsini hökmünü pozmaqda ittiham edib. O əlavə edib ki, Ağdam marşrutu Laçın dəhlizinə alternativ ola bilməz.

Öz növbəsində Bakı Borreli BƏM-in hökmünü “açıq-aşkar təhrif etməkdə” günahlandırıb.

Məqalədə deyilir ki, Avropa İttifaqının Azərbaycanda iqtisadi maraqları var və Brüssel Bakı ilə qaz təchizatının iki dəfə artırılmasına dair saziş imzalayıb.

Avropa deputatları Azərbaycana qarşı sanksiyalar istəyirlər

Avropa Parlamentinin müdafiə komitəsinin sədri Natali Luazö deyib ki, Aİ yalnız “narahatlıq” ifadə etməklə kifayətlənməməli, “nifrətli bəyanatlar və qanunsuz qərarlara görə” Azərbaycan rəsmiləri üzərinə “hədəfli sanksiyalar” qoymalıdır.

Millət vəkili deyib ki, Avropa İttifaqı “öz dəyərlərini vasitəçi kimi statusuna qurban verməməlidir”. O əlavə edib ki, enerji asılılığı İttifaqın təzyiq qabiliyyətini azaltmamalıdır, çünki bu razılaşmada “qarşılıqlı asılılıq” var.

Politico yazır ki, Avropa İttifaqı qızışdırıcı ritorikanın regionda sülhə təhlükə olduğunu dəfələrlə dilə gətirib, buna baxmayaraq Azərbaycan prezidenti İlham Əliyev erməni separatçıları “it kimi qovacağı” ilə hədələyib.

Brüsselin Xarici Fəaliyyət Xidməti informasiya toplanması məqsədilə Laçın dəhlizinə mülki müşahidəçilər göndərib.

Amma fransalı Avropa deputatı, parlamentin enerji komitəsinin üzvü Fransua-Xaviyer Belami güman etdiyini bildirib ki, Brüsselin hazırda əhəmiyyətli bir addım atmaq üçün siyasi iradəsi yoxdur:

“Bu, artıq Parlamentlə Komissiya arasında məsələyə çevrilib. Biz suallar qoymuşuq, Azərbaycana sanksiyalar qoyulmasına dair mövqeyimizi səsvermə ilə bildirmişik. Amma əgər Komissiya bizi eşitmirsə, daha nə edə bilərik?”

Bakı narahat deyil

Londondakı Chatham House analitik mərkəzindən aparıcı münaqişə eksperti Lorens Broers bildirir ki, Avropa İttifaqı vasitəçi kimi statusuna, habelə Azərbaycan və Ermənistanla münasibətlərinə xələl gəlməsini istəmir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbayan və Ermənistan liderlərinin bir neçə görüşlərini təşkil etsə də, regionda vəziyyət gərgin olaraq qalır.

Azərbaycanda Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov bu barədə deyib:

"Mişelin ritorikası Bakıda yaxşı qəbul olunur. O Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ağdam marşrutunun alternativ kimi adını çəkib. Avropa deputatlarından gələn tənqidi səslər, əlbəttə qıcıq yaradır, amma düşünürəm ki, narahatlıq üçün əsas yoxdur, çünki Azərbaycanın həm Şarl Mişel, həm də von der Leyen səviyyəsində yaxşı münasibətləri var”.

Politico yazır ki, Mişel Avropa İttifaqının Azərbaycana qarşı daha sərt addımlar atmalı olub-olmadığına dair şərh verməkdən imtina edib. Onun sözçüsü bildirib ki, yay tətilindən sonra tərəflər arasında yeni danışıqlar planlaşdırılıb. Sözçü “bu elə sizin sualınıza cavabdır” deyib.

Xatırlatma

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG