Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:57

Polşa 'Şimal axını' işində şübhəli bilinən ukraynalını Almaniyaya təslim etmir – Qərb mediası


Ukrayna prezidenti Volodimir Zelenski və Polşanın baş naziri Donald Tusk iyul ayında Varşavada görüşmüşdülər
Ukrayna prezidenti Volodimir Zelenski və Polşanın baş naziri Donald Tusk iyul ayında Varşavada görüşmüşdülər

Polşa “Şimal Axını” qaz kəmərlərinin partladılmasında şübhəli bilinən ukraynalı dalğıcı Almaniyaya ekstradisiya edə bilməyəcəyini bəyan etdikdən sonra, Berlin bu məsələni Polşa hökuməti səviyyəsində həll etməyə çalışıb.

The Wall Street Journal qəzeti yazır ki, lakin Varşava bu müstəvidə də Berlinin müraciətini rədd edib.

Polşanın baş naziri Donald Tusk bugünlərdə X platformasında yazmışdı ki, “bugün “Şimal axını” kəmərlərinin bütün təşəbbüskar və himayədarlarının edə biləcəyi yeganə şey üzr istəmək və susmaqdır”.

Almaniya qaz kəmərlərinin partladılmasında şübhəli sayılan ukraynalı dalğıc Vladimir Juravlyovun həbs orderini Polşaya iyun ayında göndərmişdi.

Lakin Polşa ekstradisiyadan imtina edərək bildirmişdi ki, bu məsələyə əvvəlcə Daxili Təhlükəsizlik Nazirliyi baxmalıdır.

İyul ayında kansler Olaf Şoltsun başçılığı ilə Almaniya nümayəndə heyəti həbs orderinin icra olunması məsələsini Polşa hökuməti ilə müzakirə etmək üçün Varşavaya gəlmişdi.

“Həbs etmək yox, medal vermək lazımdır”

Qəzetin iddia etdiyinə görə yüksək vəzifəli Polşa məmuru almaniyalı həmkarına deyib ki, qaz kəmərinin dağıdılmasında bütün potensial şübhəliləri həbs etmək yox, onlara medallar vermək lazımdır.

WSJ istintaqla tanış mənbəyə istinadla yazır ki, “Şimal axını” kəmərlərinin partladılmasında şübhəli bilinən ukraynalı dalğıc Vladimir Juravlyov Polşanı avtomobillə tərk edərək Ukraynaya yollanıb.

Bu iş üzrə qalan şübhəlilər də Ukraynadadırlar. Kiyev onları təslim etməkdən imtina edir.

The Wall Street Journal ötən həftə yazmışdı ki, “Şimal axını” kəmərlərinə qarşı diversiyanı özəl biznesmenlər maliyyələşdiriblər, lakin əməliyyata yüksək vəzifəli general rəhbərlik edib. Həmin vaxt sözü gedən general keçmiş baş komandan Valeri Zalujnının tabeçiliyində idi.

Zelenski və Zalujnının xəbəri olubmu?

Qəzet iddia edirdi ki, Ukrayna prezidenti Volodimir Zelenski əvvəlcə bu əməliyyata razılıq verib, amma ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ondan bu əməliyyatdan imtina olunmasını xahiş edib.

Ukrayna hakimiyyəti bu diversiya ilə hər hansı əlaqəsini inkar edir. Hazırda Britaniyada Ukraynanın səfiri olan general Zalujnı yazılı məlumatında bu əməliyyat barəsində heç bilmədiyini bəyan edib. O yazıb ki, bunun əksinin iddia olunması “sadəcə provokasiyadır”.

2022-ci ilin sentyabrında “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin dörd qolundan üçü dağıdılıb. Magistral kəmərin bərpasının mümkün olmadığı bildirilir.

İsveç, Danimarka və Almaniyanın apardıqları təhqiqat kəmərlərin partladıldığını göstərib, amma şübhəliləri müəyyən etməyib.

Rusiya təhqiqatda iştirakdan imtina edir. Moskva bu hadisəyə görə ABŞ və onun müttəfiqlərini ittiham edir. Bu ölkələr partlayışlarla hər hansı əlaqələrinin olduğuna dair iddiaları rədd edirlər.

XS
SM
MD
LG