Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:31

Putinin məhbus mübadiləsinin qanqaraldan nəticələri də ola bilər  


Rusiya prezidenti Vladimir Putin (sağda) Vnukovo aeroportunda Vadim Krasikovu qarşılayır, 1 avqust, 2024-cü il
Rusiya prezidenti Vladimir Putin (sağda) Vnukovo aeroportunda Vadim Krasikovu qarşılayır, 1 avqust, 2024-cü il

Avqustun 1-də Rusiya güvənlik əməkdaşı Vadim Krasikov Rusiya ilə Qərb arasında böyük məhbus mübadiləsi nəticəsində Moskvaya qayıdanda, özü keçmiş KQB zabiti olan prezident Vladimir Putin onu qucaqlayaraq, şəxsən qarşladı.

Krasikov 2019-cu ildə günün günorta çağı çeçen döyüşçüsü Zelimxan Xanqoşvilini qətlə yetirdiyindən, Almaniyada ömürlük həbs cəzası çəkirdi. Bu işlə bağlı məhkəməyə sədrlik edən hakim bu qətli “dövlət terrorizmi” adlandırmışdı.

“Rusiya dövlət qurumları müttəhimə qurbanı məhv etmək əmri verib”, – məhkəməyə sədrlik edən hakim Olaf Arnoldi 2021-ci ildə Krasikovun hökmü oxunarkən belə demişdi.

Heç bir dəlil olmadan Rusiyada saxlanan əcnəbilərin, avtoritarizmə və Ukrayna ilə aparılan müharibəyə qarşı çıxdıqları üçün siyasi motivli ittihamlarla həbsə atılmış rusiyalıların azad edilməsi xəbəri Qərbdə alqışlanıb. Di gəl, təhlilçilər düşünürlər ki, bu sövdələşmə Rusiyanın öz sərhədləri xaricindəki gizli aqressiyasını gücləndirə bilər.

Qətərdə çıxarılan hökmün “məsələyə aidiyyəti yoxdur”?

2004-cü il fevralın 13-də Çeçenistanda qurulan İçkeriya dövlətinin keçmiş yüksək vəzifəli rəsmisi Zelimkhan Yandarbiyev Qətərin paytaxtı Dohada avtomobilinə yerləşdirilən bomba ilə öldürüldü. Rusiya səfirliyinin yaşayış binasında həbs edilən iki nəfərin QRU-nun (Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsinin – red.) hərbi kəşfiyyat əməkdaşları olduğu bildirildi. 2004-cü ilin iyununda onlar ömürlük həbs cəzasına məhkum edildilər. O zaman da hakim onların bu qətli Rusiyanın yüksək vəzifəli liderlərinin tapşırığı ilə törətdiklərini açıqlamışdı.

2004-cü ilin dekabrında Qətər Moskvanın ağır basqısıyla sözügedən iki nəfəri cəzalarını Moskvada çəkmələri üçün Rusiyaya təhvil verdi. Onlar Rusiyada qəhrəman kimi qarşılandılar. 2005-ci ildə Rusiya həbsxana rəsmisi Yuri Kalinin BBC-yə məhkumların Rusiyada həbsdə saxlanmadığını və Qətərdə çıxarılan hökmün “məsələyə aidiyyəti olmadığını” demişdi.

Yandarbiyevin qətli Rusiya prezidenti Vladimir Putinin hakimiyyəti dövründə törədilən belə qətllərin birincisi idi. 2006-cı ilin noyabrında Rusiya agentləri Londonda keçmiş FSB zabiti Aleksandr Litvinenkonu radioaktiv zəhərlə qətlə yetirdilər. 2018-ci ildə agentlər Britaniyanın Salisburi şəhərində keçmiş QRU zabiti Sergei Skripalı sinir qazı ilə öldürməyə cəhd etdilər. Bir neçə Avropa ölkəsində isə dəfələrlə çeçen dissidentlərə qarşı hücumlar təşkil edilib. 2020-ci ildə Çexiya güvənlik rəsmiləri Rusiyanı qəzəbləndirən fəaliyyətlərə icazə vermiş Praqa merini və daha iki rəsmi şəxsi öldürmək üçün Rusiyanı ayrıca zəhərlə silahlanmış agent göndərməkdə suçladılar.

Aleksandr Litvinenkonun fotosu Londonun mərkəzində xəstəxana önündə güllərə taxılıb, 2007-ci il
Aleksandr Litvinenkonun fotosu Londonun mərkəzində xəstəxana önündə güllərə taxılıb, 2007-ci il

2006-cı ildə Rusiya Putinə Moskvanın “ekstremist”, yaxud “terrorçu” adlandırdığı istənilən şəxsi məhv etmək üçün xaricə güvənlik qüvvələri göndərməsinə icazə verən qanun qəbul etdi. Bundan başqa, Moskva qeyri-zorakı casusluq və təsir fəaliyyəti üçün əməkdaşlar (məsələn, Anna Çəpmən və Mariya Butina kimi) cəlb etməkdə, habelə Rusiya ordusunun sanksiyalardan yayınaraq, Qərb texnologiyasını əldə etməsinə yardım göstərməkdə ittiham edilir.

“Putin bir problemini çözüb”

Təhlilçilər deyirlər ki, avqustun 1-də gerçəkləşən məhbus mübadiləsi Rusiya xaricində belə fəaliyyətləri gücləndirə bilər.

Rusiyalı siyasi şərhçi Andrey Piontkovski “Freedom” adlı ukraynayönlü YouTube kanalına müsahibəsində belə deyib:

“Putin bir problemini çözüb. Özünün göndərdiyi bütün qatillərə onların arxasında olduğunu göstərmək ondan ötrü önəmliydi. Əlbəttə, bu, Rusiyanın xaricdəki nəzəri terrorçu fəaliyyətini genişləndirə bilər”.

Jurnalist və Rusiya güvənlik qurumları üzrə ekspert, “Yeni zadəganlar: Rusiya təhlükəsizlik dövlətinin bərpası və KQB-nin dayanıqlı irsi” (“The New Nobility: The Restoration Of Russia’s Security State And The Enduring Legacy Of The KGB”) adlı kitabın müəllifi Andrey Soldatov “Meduza”ya deyib ki, Putin bu mühüm auditoriyaya siqnal göndərir:

“Müharibə fonunda və hətta ondan əvvəl də Putinin təhlükəsizlik qurumları daxilində olan adamlar arasındakı imici son dərəcə önəmlidir. Bu halda o, müqəddəs işlə məşğul olan həmin adamların arxasında durduğunu, onların həmkarlarının qisasını aldığını və onları çətin durumdan çıxarmaq üçün hər şeyi edəcəyini göstərir”.

Praqada yaşayan rusiyalı siyasi təhlilçi Dmitri Dubrovski AzadlıqRadiosunun “Kavkaz.Realii” xidmətinə deyib ki, “belə mübadilələr Putini xaricdə başqa siyasi qətllər törətməyə həvəsləndirə bilər”:

“Kreml qatilləri öz ədalətli cəzalarını çəkməyəcək və bir neçə ildən sonra rusiyalı vətəndaş və siyasi fəallarla dəyişdirilə biləcəklər. Bu, dövlət terrorizmi təcrübəsini cəsarətləndirir”.

Vaşinqtonda yerləşən “Rand Corporation” beyin mərkəzinin təhlilçisi Uilyam Kortni (William Courtney) Rusiyanın Avropadakı kəşfiyyat əməliyyatlarının “artdığını” deyib: “Böyük ehtimalla avropalılar gələcəkdə daha çox rus kəşfiyyat əməkdaşlarını həbs edəcəklər. Bu üzdən, qarşıda daha çox mübadilə ola bilər”.

Moskvanın belə mübadilələrdə öz vətəndaşlarından öncə yararlanıb, sonra atmağa hazır olması isə Rusiyada dissidentlərin daha ağır hökmlər və saxlanma şəraiti ilə üzləşə biləcəyindən xəbər verir.

Keçmiş QRU zabiti Sergei Skripala qarşı sui-qəsddə şübhəlilər Aleksandr Petrov (sağda) və Ruslan Boşirov Salisburi dəmiryolu vağzalında, 3 mart, 2028-ci il
Keçmiş QRU zabiti Sergei Skripala qarşı sui-qəsddə şübhəlilər Aleksandr Petrov (sağda) və Ruslan Boşirov Salisburi dəmiryolu vağzalında, 3 mart, 2028-ci il

“Dissidentlər və əcnəbi jurnalistlər üçün təhlükə qalmaqdadır”

“Rusiya və xarici auditoriyalara verilən mesaj budur ki, Kreml “öz” adamlarını xilas edib və o, söz verdiyi kimi, heç vaxt onları tərk etmir. Ancaq ölkə daxilində Rusiya hökumətinin qəzəbinə tuş gələrlərsə, həbs edilmək riski ilə üz-üzə qalmağa davam edən dissidentlər və xarici jurnalistlər üçün təhlükə qalmaqdadır”, – Beynəlxalq Böhran Qrupunun Rusiya üzrə baş təhlilçisi Oleq İqnatovun bu sözləri təşkilatın dərc etdiyi relizdə əksini tapıb.

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev “Telegram”da təhdidedici tərzdə yazıb ki, 1 avqust mübadiləsində Rusiya həbsxanalarından azad edilənlərdən bəziləri Moskvanın güvənlik əməkdaşlarının əlinin onlara çatacağından narahat olmalıdırlar.

“Qoy xəyanətkarlar qorxu içində özlərinə yeni adlar seçsinlər və şahidləri mühafizə proqramları vasitəsilə gizlənsinlər”, – hazırda Putinin Təhlükəsizlik Şurası sədrinin müavini olan və Qərbə qarşı hədələyici bəyanatlar verməyə alışmış Medvedevin sözləridir.

XS
SM
MD
LG