Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:19

Qazaxıstan da Lukaşenkonun müsahibəsi ilə bağlı narazılığını bildirib


Qazaxıstanın xarici işlər naziri Murat Nurtileu və Belarusun Astanadakı səfiri Paval Ustyupin XİN-də söhbət zamanı
Qazaxıstanın xarici işlər naziri Murat Nurtileu və Belarusun Astanadakı səfiri Paval Ustyupin XİN-də söhbət zamanı

Qazaxıstan ölkənin əsas beynəlxalq məsələlərdə mövqeyinin “qərəzsiz və obyektiv şəkildə” dəyərləndirilməsi məqsədilə Belarusun Astanadakı səfiri Paval Ustyupini Xarici İşlər Nazirliyində söhbətə dəvət edib.

Son vaxtlar iki ölkənin münasibətlərində ciddi gərginlik hiss olunur.

Nazirlik Ustyupini dəvət etməsinin spesifik səbəbini göstərməsə də, bu hadisə Belarus prezidenti Alyaksandr Lukaşenkonun Rusiya dövlət televiziyasına müsahibəsində verdiyi bir sıra ziddiyyətli bəynatlardan sonra baş verir.

Qazaxıstanın xarici işlər naziri Murat Nurtileu bildirib ki, o, avqustun 21-də keçirilmiş söhbətdə səfirlə Astananın iki ölkə arasında fikir ayrılığının sırf siyasi və diplomatik yollarla həll oluna biləcəyindən əminlik ifadə edib.

Rossia telekanalının efirində avqustun 20-də yayımlanmış müsahibəsində Lukaşenko bəzi keçmiş sovet respublikalarını Rusiyaya “nankor münasibətdə” ittiham etmiş və bu zaman konkret olaraq 2022-ci ilin yanvarında Qazaxıstanda baş vermiş kütləvi antihökumət iğtişaşlarından söz salmışdı.

“Elə bir vaxt gələcək ki, Rusiyadan kömək istəyəcəyik...”

Həmin vaxt Qazaxıstamnın yeni prezidenti Kasım-Jomart Tokayev asayişin bərpa olunması məqsədilə Rusiyanın başçılığı altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarını ölkəyə dəvət etmişdi.

Lukaşenka müsahibəsində bu barədə demişdi:

“Biz birlikdə olmalıyıq. Tezliklə elə bir vaxt gələcək ki, Rusiyadan kömək istəyəcəyik. Kömək istənəcək başqa kimsə yoxdur...Qazaxıstanda həmin situasiya yarananda, o, kömək üçün kimə müraciət etdi? Çinə, Hindistana, yoxsa Pakistana? Yox. Putindən kömək istədi. Biz də KTMT qoşunlarını ora göndərdik. Bizim təyyarələrimiz ora qonandan yarım gün sonra qayda-qanun bərpa olundu”.

Lukaşenkonun müsahibəsi Qazaxıstanda və Ermənistan kimi bir sıra başqa ölkələrdə kəskin reaksiya doğurub.

Bundan əvvəl Ermənistanda etiraz aksiyası olmuşdu

Bundan bir gün əvvəl elə bu müsahibə ilə bağlı Yerevandakı Belarus səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Etirazçılar səfirliyin divarlarını yumurta və pomidor atəşinə tutmuşdular.

Lukaşenko həmin müsahibədə Ermənistanı Qərbə meyllənməkdə ittiham etmişdi:

"Ermənilər kimin nəyinə lazımdır? Heç kimin. Qoy öz iqtisadiyyatlarını öz resurslarına güvənib inkişaf etdirsinlər, görək edə bilirlərmi? Nə Fransa? Makron kimdir? Sabah Makron çıxıb gedəndən sonra erməniləri hamı yaddan çıxaracaq”.

Avqustun 21-də Ermənistanda "Respublika naminə”, Avropa və Xristian-Demokrat partiyaları, habelə bəzi ictimaiyyət nümayəndələri Yerevandan Ermənistanın Belarusun üzv olduğu bütün ittifaq və təşkilatlardan çıxmasını tələb ediblər.

“Respublika naminə” partiyasının nümayəndəsi Arman Babacanyan tələbnamənin mətnini oxumuşdu:

"Belarusun Ermənistandakı səfiri və diplomatik missiyası persona non grata elan olunsunlar və onlara Ermənistan ərazisinin tərk edilməsi üçün üç gün vaxt verilsin”.

Lukaşenkonun müsahibəsi Ukrayna silahlı qüvvələrinin Rusiyanın Kursk vilayətinə müdaxilə etdiyi vaxta təsadüf edib.

Belə söz-söhbətlər də gəzir ki, Rusiya Ukraynanın müdaxiləsi ilə bağlı KTMT üzvləri – Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistana müraciət edə bilər.

Ermənistan Azərbaycanla müharibə zamanı KTMT-dən belə bir dəstək görmədiyinə görə təşkilatdakı fəaliyyətini dondurub.

XS
SM
MD
LG