Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:11

Rusiyadan ‘mümkün qədər tez çıxmaq’ tövsiyə olunur


Səfərbərlikdən qaçan rusiyalılar Qazaxıstanda, arxuv fotosu
Səfərbərlikdən qaçan rusiyalılar Qazaxıstanda, arxuv fotosu

Rusiyada ilk səfərbərlik dalğasından yeddi aydan çox keçir və artıq ikinci dalğayla bağlı spekulyasiya artır. Ukraynadakı müharibəyə getmək istəməyən rusiyalılar yeni əngəllərlə üzləşə bilərlər.

Artıq Prezident Vladimir Putinin imzaladığı yeni qanun səlahiyyətli orqanlara çağırışçılara və ehtiyatda olanlara elektron vərəqə göndərmək imkanı verir.

Kreml sentyabrda 300 min nəfərin Ukrayna müharibəsinə səfərbər olunması elan verəndə ölkədən hərbi yaşda olan rusiyalı kişilər və ailələrin axını gücləndi. Yüzminlərlə rusiyalı qonşu ölkələrə, digər yerlərə üz tutdu. Ancaq yeni qaydalar onların xaricə gedən yolunu çətinləşdirə bilər. Üstəlik, bir çox ölkələrdə viza dəyişiklikləri rusiyalıların xaricdə daha uzun müddətə qalmasını da əngəlləyəcək.

Elektron reyestr yaradılacaq

“Ümumi tövsiyə budur ki, mümkün qədər tez çıxın”, – “Birinci şöbə” insan haqları qrupunun başçısı İvan Pavlov AzadlıqRadiosunun “Amerikanın Səsi” ilə birgə layihəsi olan “Current Time”a deyib. Onun sözlərinə görə, yeni qanun hərbi dairələrə Ukraynanın yeni hücuma hazırlaşması ərəfəsində sıralarını sürətlə doldurmağa mexanizm təqdim edə bilər.

Aprelin 14-də imzalanmış qanuna görə, yerli hərbi komissarlıqlar çağırışları elektron qaydada göndərəcəklər və artıq “Qosusluqi” elektron xidmətlər portalına salınan kimi qüvvəyə minmiş sayılacaq. Qanunla hərbi xidmətə yararlı bütün şəxslərin elektron reyestri, eləcə də hərbi xidmətə çağrılanların açıq siyahısı yaradılacaq.

Artıq sentyabrdakı kimi, xaricə qaçmaq da asan proses deyil. Axı, Rusiya vətəndaşlarını qəbul edən ölkələrin siyahısı daralır.

Türkiyə, Qazaxıstan, Argentina kimi ölkələr qanunlarını dəyişib, rusiyalıların vizasız qala biləcəyi müddəti qısaldıb. Avropa İttifaqının Rusiyaya yaxın üzvləri ilə bu ölkənin vətəndaşlarına viza verilməsini məhdudlaşdırıb.

Rəsmilər təkzib etsələr də...

İndilik, yeni qanunun praktikada necə işləyəcəyini zaman göstərəcək. Rusiya rəsmiləri yeni səfərbərlik dalğasının gözlənilmədiyini, elektron çağırış databazasının sentyabradək hazır olmayacağını bildirirlər.

Ancaq qanunun sürətlə qüvvəyə minməsi Kremlin yeni səfərbərlik dalğası planı sarıdan qorxuları gücləndirib. Bütün bunlar Moskvanın Ukraynada döyüşdə böyük itkilərlə üzləşdiyi vaxta təsadüf edir.

Yeni qanuna görə, çağırış vərəqəsi alandan sonra xidmətə getməyənlərin Rusiyadan çıxışı qadağan olunacaq, sürücülük lisenziyaları dayandırılacaq, mənzillərinin, digər aktivlərini satmaqdan məhrum ediləcəklər. Fəallar və hüquq ekspertlərinin sözlərinə görə, rusiyalı sərhədçilər onlayn reyestrdən istifadə edərək hərbi xidmətdən yayınmağa çalışanların səyahətə çıxmasını məhdudlaşdıra bilərlər.

Oktyabrda sevgilisi ilə Türkiyəyə gedən, Omsk vilayətindən olan 35-yaşlı Darya yeni qanunla bağlı narahatlığını bölüşür. Soyadının çəkilməsini istəməyən Darya səfərbərlik elanından sonra avtomobillə Qazaxıstana, oradan isə oktyabrın əvvəlində Türkiyəyə gedib. Ancaq onlar turist vizasıyla getdiklərindən Türkiyədə yaşamaq icasəi almaq məsələsində çətinlikləri yaranıb.

Türkiyə qaydaları sərtləşdirib

Moskva 2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayanda Türkiyə rusiyalıların üz tutduğu əsas ölkələrdən birinə çevrilib. Bunun bir səbəbi yaşam xərclərinin əlçatan olması idisə, digəri birbaşa hüquqi proseslə bağlıydı. Ərizəçi ölkədə əmlak kirayələdiyini göstərdiyi halda, altı aydan iki ilədək turistik oturum izni ilə təmin olunur. Kirayə müddəti uzadılarsa, oturum izni də daha iki illiyə verilə bilər. Beş illik oturumdan sonra vətəndaşlıq üçün müraciət hazırlıqları görmək mümkündür.

Ancaq ötən ilin martında Türkiyə hakimiyyəti oturum izni üçün əmlak kirayəsi qaydalarını sərtləşdirib. 2022-ci ilin sonunda daha çox rusiyalıların müraciətlərinə rədd cavabı verilib.

Türkiyəyə qaçan, yaxud imtina alan rusiyalıların dəqiq statistikasını əldə etmək çətindir. 10 minə yaxın üzvü olan Telegram kanalının moderatoları isə bildirirlər ki, imtinalar artır, təkcə yanvarda qrup üzvlərindən 371 ərizəçinin 237-si imtina alıb.

Darya Türkiyə orqanlarının ərizələrin təsdiqlənmə parametrlərini dəqiq açıqlamadığını bildirir. Üstəlik, tərcümə və notarial təsdiq haqları da çox baha çıxır.

“Türkiyə artıq biz əcnəbiləri xoş qarşılamır”

Türkiyədə məsafədə işin onun xərclərini artırdığını deyən Darya imtina alandan az sonra ölkəni tərk etmək tələbiylə üzləşib və Rusiyaya qayıdıb.

“Qorxulu vəziyyət yaranmışdı, indi isə hamı səfərbərliyin ikinci dalğasını gözləyir. Orada qanun hər beş dəqiqədən dəyişirdi, Türkiyə artıq biz əcnəbiləri xoş qarşılamır”, – o vurğulayır.

Türkiyənin qəbul etmədiyi şəxslər indiyədək Tailand, Vyetnam, Qazaxıstan, Gürcüstan və Serbiyaya gedirdilər, amma oralarda da artıq yerləri daralır.

2022-ci ildə 2.9 milyon rusiyalı Qazaxıstana daxil olub, ancaq buraya ailələr, iki ölkənin qanuni sərhədi boyunca yaşayan, şəxsi əlaqələri olanlar daxildir.

Soyadının açıqlanmasını istəməyən Denis sentyabrda panikaya düşərək sevgilisi ilə birlikdə Rusiyadan çıxıb, doğma Novosibirsk şəhərinə nisbətən yaxın Qazaxıstanı seçib.

İki seçim

O zaman Qazaxıstan qanunu rusiyalıların hər 90 gündən bir ölkədən çıxıb yenidən girməsini tələb edirdi. Ancaq yanvarda qanun dəyişdi. İndi Rusiyanın da daxil olduğu Avrasiya İqtisadi İttifaqı ölkələrinin vətəndaşlarına 180 günlük müddət ərzində Qazaxıstanda 90 gündən çox qalmağa icazə verilmir.

İndi Qazaxıstanda olan bir çox rusiyalılar kimi Denis də iki seçim qarşısındadır: ya getməli, ya müvəqqəti oturum izmi almalıdır.

Qazaxıstanda maaşlar Rusiyanın iri şəhərlərindən az olsa da, getdikcə daha çox rusiyalı bu Orta Asiya ölkəsində qalıb işləməyi seçirlər. Rəsmi rəqəmlərə görə, 2022-ci ildə Qazaxıstanda iş izni ilə qalan rusiyalıların sayı 63 minə qalxıb ki, bu isə 2021-ci ildəkindən iki dəfə çoxdur.

Bu arada Denislə sevgilisi digər mümkün variantları götür-qoy edirlər, ancaq hansı variantın reallaşacağından əmin deyillər.

“Gələcək üçün qərar vermişik ki, Rusiyadan getmək, gerçəkdən azad ölkələrə köçmək lazımdır. Dünya böyükdür, Qazaxıstanla bitmir ki”, – o vurğulayıb.

XS
SM
MD
LG