Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:56

İsrailin Qəzzadakı dağıdıcı savaşı rəqəmlərlə


Evindən didərgin düşmüş fələstinli uşaq Qəzzada çadırda
Evindən didərgin düşmüş fələstinli uşaq Qəzzada çadırda

İsrail bir il öncə Qəzza zolağının ən yeni tarixində ən ölümcül və dağıdıcı bombardman kampaniyasına başladıb.

Hücum ABŞ və Aİ-nın terrorçu təşkilat adlandırdığı HƏMAS-ın İsrailə misli görünməmiş hücumundan saatlar sonra gerçəkləşdirilib.

İsrailin açıq bildirdiyi məqsəd HƏMAS-ı məhv etmək olsa da, hücumlar Fələstinə aid Qəzza zolağında istər mülki əhaliyə, istərsə infrastruktura çox böyük ziyan vurub. AzadlıqRadiosunun "Radio Fərda" xidməti və radionun əməkdaşı İvan Quttermanın hazırladığı materialda deyilir ki, Qəzza zolağı həm də dünyada ən sıx məskunlaşmış ərazilərdəndir.

Ölüm sayları

HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyinin bilgisinə görə, ötən il oktyabrın 7-dən bəri Qəzzada 41 mindən çox fələstinli öldürülüb. Çoxu dinc sakin olan bu insanların xeyli bölümü uşaqlardır. Bütövlükdə götürəndə uşaqlar Qəzzanın 2 milyon nəfərlik əhalisinin az qala yarısıdır.

BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk apreldə bildirib ki, Qəzzada hər 10 dəqiqədə bir uşaq öldürülür, ya da yaralanır. O deyib ki, "bu müharibədə qeyri-mütənasib şəkildə ən ağır bədəli ödəyən uşaqlardır".

Real ölüm saylarının rəsmi rəqəmlərdən də yüksək olduğu düşünülür. BMT-nin bilgisinə görə, 10 mindən çox insan hələ də Qəzzada yaşayış binalarının dağıntıları altında qalıb.

Fələstin Səhiyyə Nazirliyinin bilgisinə görə, işğal altındakı Qərb Sahilində də 150-dən çoxu uşaq olmaqla, 700-dən artıq fələstinli öldürülüb.

İsrail gücləri fələstinlilərə atəş açarkən qanunsuz öldürücü silah işlətməkdə suçlanır. Görərkən elə bir təhlükə daşımayan fələstinlilərin qəsdən edam edilməsi də bura daxildir.

İsrail HƏMAS-ın oktyabrın 7-dəki hücumunda min 139 nəfərin öldürüldüyünü, onlardan 685-nin israilli mülki şəxs, 71-ninsə əcnəbi olduğunu bildirib.

İsrail Qəzzaya qurudan hücum zamanı 346 hərbçisinin öldüyünü də açıqlayıb. Qurudan hücum hava bombardmanından bir neçə həftə sonra başladılmışdı.

HƏMAS özünün bu çoxşaxəli hücumu zamanı 251 israillini əsir götürüb. Onların yarıya yaxını azad edilib. Azad edilənlərin bir bölümü xilas edilib, bir bölümünü də HƏMAS-ın özü buraxıb. Yüzdən bir qədər çox girovun hələ də Qəzzada olduğu, qalan girovlarınsa artıq öldüyü düşünülür. Onlardan bəzilərinin İsrailin hücumları zamanı öldürüldüyü bildirilir.

İsrailin hesablamalarına görə, Qəzzada HƏMAS-ın 17 min döyüşçüsü öldürülüb. Bu iddianı HƏMAS rədd edib.

Yaralılar

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bilgisinə görə, İsrailin Qəzzaya qurudan və havadan hücumlarında 95 min fələstinli yaralanıb.

ÜST-ün bilgisinə görə, bu insanlardan azı ¼-inin aldığı xəsarət onların həyatını dəyişdirib. Bir çox insanın amputasiya və köklü reabilitasiyaya ehtiyacı var.

Öldürülən media və yardım işçiləri

Nyu-Yorkda fəaliyyət göstərən Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) bilgisinə görə, Qəzzada azı 116 jurnalist və media əməkdaşı öldürülüb.

İsrail qüvvələri azı 5 reportyoru hədəf alıb. CPJ bu halları qətl kimi dəyərləndirib.

İsrailin Qəzzada apardığı savaş jurnalistlərdən ötrü ən ölümcül savaşdır.

Ərazidə çalışan yardım işçiləri də öldürülüblər. BMT-nin bilgisinə görə, bu münaqişə zamanı 250-dən çox humanitar yardım işçisi yaşamını itirib.

Qəzzada aclıq

Qida Güvənliyi Mərhələlərinin Kompleks Təsnifatına görə, Qəzza zolağının, demək olar, bütün əhalisi ağır qida çatışmazlığı ucbatından aclıqla üz-üzədir.

"Human Rights Watch" təşkilatı dekabrda bildirib ki, İsrail fələstinli mülki şəxslərin aclığa məruz qoyulmasından silah kimi yararlanıb və bu, savaş cinayətidir.

Məcburi köçkün fələstinlilər

BMT-nin hesablamalarına görə, artıq ötən ilin sonlarında Qəzza sakinlərinin 85 faizindən çoxu, başqa sözlə, sayı 1.9 milyonu aşan insan anklav daxilində məcburi köçkünə çevrilmişdi.

İnfrastrukturun dağıdılması

BMT bildirir ki, İsrail Qəzza Zolağındakı tikililərin yarıdan çoxunu dağıdıb. Üstəlik, 360 min yaşayış evinə ziyan vurulub.

BMT-nin peyk görüntülərinə dayanaraq verdiyi bilgiyə görə, münaqişə başlanandan bəri azı 53 məktəb binası dağıdılıb.

İsrail isə Qəzzada "terror" infrastrukturu və binalarını hədəf aldığını deyib və HƏMAS-ı dinc sakinlərdən canlı qalxan kimi yararlanmaqda günahlandırıb.

XS
SM
MD
LG