Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:09

Qusarın baş həkimini Robert Əyyubovun adıyla necə aldadıblar


Həkim
Həkim

Qusar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalov xeyli vaxtdır Bakıya - məhkəmə iclaslarına gedib-gəlir. O məhkəmədə baş həkimin 125 min manatından söhbət gedir. Baş həkim iddia edir ki, bu pulu ondan şəxsi həyatına aid videolarla şantaj edib alıblar. Ancaq bu işə görə həbs olunan adamlar deyir, yalandır, M.Zeynalov o pulu Sumqayıta baş həkim getməkdən ötrü vermişdi.

Məhkəmə önünə çıxarılan üç nəfər bunlardır – 58-yaşlı Rövşən Əliyev, 51-yaşlı Hətəmxan Çovanov və 41-yaşlı Elxan Hümbətov.

Məhkəmə araşdırmasından məlum olub ki, onlar baş həkimə özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) generalı, Prezidentin mühafizə xidmətini rəhbəri Bəylər Əyyubova yaxın adamlar kimi təqdim ediblər. Hətta Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovun adından baş həkimlə telefonla da danışıblar. M.Zeynalovun sözlərinə görə, «Robert» ona deyib ki, sürücüsünün telefonundan danışır.

100 min manatı «tapıb verib»

Baş həkimlə hazırda müttəhimlər kürsüsündə əyləşən üç nəfər arasında baş verənlərin kökü xəstəxananın Samir Rəcəbov adlı həkiminin işdən çıxarılma təhlükəsiylə üzləşməsiylə başlayıb. S.Rəcəbov işini itirməmək üçün onu baş həkimə tapşıra biləcək adam axtarıb. Son nəticədə onu hazırda təqsirləndirilən şəxslər sırasında olan R.Əliyevin dayısı Ələkbər Həsənov baş həkimə tapşırıb. Rövşəngil də baş həkimi Ə.Həsənovun də iştirak etdiyi bir məclisdə tanıyıblar.

İkinci dəfə Samir həkimin işdən çıxarılma təhlükəsi yarananda Rövşəngilin məsələyə qarışdığı bildirilir. Baş həkim deyir, Rövşən ona zəng edərək özünü R.Əyyubovun sürücü kimi təqdim edib.

«Dedi ki, «səndən şikayətlər var. Samiri işdən niyə çıxarırsan? Bütün bunlar gedib generala çatıb. Sənə problem lazımdır? Samirin məsələsini yoluna qoy». Mən də bu söhbətlərdən qorxdum. Generalın adını çəkirdi, özünü Robertin sürücüsü kimi təqdim edirdi. Hətta bir dəfə mənimlə Robertin adıyla da danışmışdı. Bu söhbətlər gedirdi. Günlərin birində Rövşən Elxanı gətirdi, dedi ki, özü də generaldır, həm də generalın adamıdır. İkinci dəfə Elxan gələndə dedi ki, guya mənim məsələmi (şikayətlərin qarşısının alınması-red.) cənab generala məruzə eləyiblər, həll olunacaq. Sonra Rövşən məndən işimi həll eləyən generala vermək adıyla 10 min pul aldı», - baş həkim danışır.

M.Zeynalovun sözlərinə görə, bir müddət sonra Rövşəngil ona yenə zəng edərək şəxsi həyatıyla bağlı videogörüntülərin olduğunu söyləyiblər. Deyiblər ki, generaldan onun xahişini etdikləri bir vaxtda belə görüntülərin yayılması biabırçılıq olacaq. Baş həkim 100 min manatı tapıb verdiyini söyləyir.

125 min manatı və iPhone-u qaytarıb

«Bundan bir müddət sonra bunlar məni bir məclisə çağırdılar. Rövşən dedi ki, «oğlumun ad günüdür, bir hədiyyə alıb gələrsən». Mən də «Robertin sürücüsü»nün - Rövşənin oğluna 1500 manata bir iPhone alıb getdim. Orada Rövşən məni kənara çəkib dedi ki, «Robertin sürücüsü deyiləm, DTX-da polkovnikəm». Bir neçə gün sonra da Hətəmxan zəng vurub dedi ki, «Rövşəngil sənin işini həll eləməyib, səni aldadıblar, onlar heç kimin tanışı deyil, onlardan şikayət yaz, özüm sənin işini həll eləyəcəm». 15 min də Hərəmxana verdim», – baş həkim ifadəsində danışır.

Təqsirləndirilən şəxslərdən R.Əliyev baş həkimdən alınmış 125 min manatı və iPhone-u qaytarıb. M.Zeynalov məhkəmədə deyib ki, müttəhimlərdən şikayət və tələbi yoxdur.

Təqsirləndirilən şəxslər ondan pul aldıqlarını etiraf edirlər. Amma onun şantaj olunması barədə dediklərinin uydurma olduğunu bildirirlər.

«Mən etdiklərimi deyirəm. Əməlimi etiraf edirəm. Amma baş həkim yalan danışır. Düzdür, mən baş həkimi aldatmışam. Amma ona hədə-qorxu gəlməmişəm. Vəzifəli şəxsin adını çəkib ondan pul almışam. Həmin pulla Mübariz Zeynalov Sumqayıta baş həkim gedəcəkdi. Bunu da baş həkim özü istəyirdi. Mən haradan bilirdim ki, Sumqayıta baş həkim lazımdır? Bunu mənə Mübariz demişdi. İndi burada yalan danışır. 125 min manatı özü rüşvət vermişdi, indi məsuliyyətdən yayınmağa çalışır», – R.Əliyev belə deyir.

Onlar CM-in 182.3.2 (hədə-qorxu ilə tələbetmə - zərərçəkmişə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Bu maddədə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG