Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:08

'Rəsulzadənin kitabı çantamdadır' (27-ci yazı)


M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

«Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq!

Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.

Biz Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq «məşəli» nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: bizə Ərəbistanı göstəriyorlardı».

(M.Ə.Rəsulzadənin «Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti» əsərindən)

Qaçış

Cümhuriyyətin işğalından sonra pərən-pərən düşən istiqlalçıların sağ qalanları ən çox Türkiyədə cəmləşdilər. Elə Moskvadan Leninqrad yoluyla qaçırılan Məhəmməd Əmin Rəsulzadə də sonunda Türkiyəyə yerləşə bildi. Bu qaçışın detallarını işğaldan sonra gizli yaradılan Milli Müqavimət Hərəkatının üzvlərindən Əbdülvahab Yursevərin dilindən bilmək olar:

«1920-ci ildə bolşevik istilasından sonra sığınmış olduğu Lahıc dağlarında tutulması və bir müddət Bakı ÇK-sında saxlanmasından sonra Moskvaya aparılaraq nəzarət altına alındıqdan sonra «Müsavat» partiyasının gizli Mərkəzi Komitəsinin gördüyü ən mühüm işlərdən biri Əmin Bəyi Moskvadan qaçırmaq olmuşdur. İlk öncə gənc bir dostumuz vasitəsilə, sonra da sabiq parlament üzvü mərhum Rahim Vəkilli Bakı əsgər təşkilatımızın rəisi, şəhid dostumuz Dr. Dadaş Həsənzadə qızıl pul ilə Moskvaya göndərilmiş, özüylə təmas qurulmuş, Əmin Bəyin elmi tədqiqat məqsədilə Leninqrada getməsi və oradan rəhmətlik Musa Carullahın yardımı ilə Finlandiyaya qaçırılması təmin edilmişdir».

«Onun açdığı savaş»

Əmin bəyin Türkiyəyə gəlişi istər mühacirət ədəbiyyatında, istərsə yerli və xarici araşdırmalarda ayrıca vurğulanır. Mirzə Bala Məmmədzadə «Milli Azərbaycan hərəkatı» kitabında yazır: «Rəsulzadə Məhəmməd Əmin bəy xaricə çıxana qədər Azərbaycan istiqlal dövrünün keçici və təsadüfi bir hadisə olduğu qənaətinə hər yerdə rast gəlinirdi. Onun açdığı savaş yenidən bütün dünyanı Azərbaycandan bəhs etməyə məcbur etdi».

«Yurdumuzun, millətimizin başına gələn fəlakət»

Rəsulzadənin ilk kitabının «Azərbaycan Cümhuriyyəti, keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti» olduğunu deyən Mirzə Bala kitabın özəyini belə ifadə edir: «Yurdumuzun, millətimizin başına gələn fəlakəti toplu, əsaslı və ətraflı olaraq təhlil edən bu ilk əsər hər tərəfdə dərin bir maraq oyatmış və Azərbaycan məsələsinin yenidən beynəlmiləl bir məsələ şəklini almasına yardım etmişdir».

«Mənzərə çox acı idi»

Tarixçi-alim Aydın Balayev AzadlıqRadiosuna Rəsulzadənin Türkiyəyə gəlişini belə anladır: «1922-ci ilin sonlarında İstanbula gələn M.Ə.Rəsulzadə milli mücadilənin perspektivləri baxımından çox acı bir mənzərə ilə qarşılaşdı. İstanbulda nəinki Azərbaycan siyasi mühacirlərinin fəaliyyətini koordinə edib onu bir məcraya yönəldə biləcək vahid siyasi mərkəz təşkil olunmamışdı, hətta mövcud qurumlar belə iflic vəziyyətində idi».

Rəsulzadə nədən başladı və niyə?

İstanbula döndükdən sonra Məhəmməd Əmin bəy milli davaya mühacirətin təşkilati strukturlarını yaratmaqla başlamaq niyyətində olub: «Lakin Türkiyə rəsmiləri ilə elə ilk kontaktlardan sonra məlum oldu ki, türklər Azərbaycan mühacirlərinin sovet Rusiyasına qarşı yönəlmiş açıq siyasi fəaliyyətini dəstəkləmək niyyətində deyillər. Öz varlığı uğrunda Antanta ilə ölüm-dirim mübarizəsi aparan Türkiyənin Rusiyanın köməyinə ehtiyacı vardı və bu səbəbdən Ankara Moskvanı qıcıqlandırmaqdan çəkinirdi. Bu reallıqları nəzərə alan M.Ə.Rəsulzadə artıq 1922-ci il dekabrın sonlarında C.Hacıbəyliyə yazdığı məktubunda etiraf edirdi ki, «burada qəzet buraxmaq mümkün olacaq, lakin təşkilat yaratmaq imkanı yoxdur». Həmin səbəbdən də M.Ə.Rəsulzadə milli davaya mühacirətin dövri mətbuatının yaradılmasından başlamaq məcburiyyətində qaldı».

«Azərbaycan Cümhuriyyəti» kitabı
«Azərbaycan Cümhuriyyəti» kitabı

Vətənlə əlaqə hansı səviyyədə idi?

AzadlıqRadiosunun: «20-ci illərdə Rəsulzadənin Vətənlə əlaqələri hansı səviyyədə idi? O, Vətəndə olub-bitənlərə nə dərəcədə təsir göstərə bilirdi» sualını A.Balayev belə cavablayır: «20-ci illərin sonlarınadək M.Ə.Rəsulzadə və Türkiyədə məskunlaşmış digər siyasi mühacirlər Vətənlə kifayət qədər sıx və intensiv əlaqələrə malik idilər. Bunun təsdiqi kimi həmin dövrdə Rəsulzadənin Bakıda qalmış ailə üzvləri ilə müntəzəm məktublaşmasını, eləcə də Azərbaycanda baş verən hadisələr və ilk növbədə ölkə daxilindəki «Müsavat»ın gizli qruplarının fəaliyyəti haqqında məlumatların operativ olaraq Türkiyəyə çatdırılmasını göstərmək olar. Həmin məlumatlar da dərhal mühacirət mətbuatında yerləşdirilərək Türkiyə və Avropa ictimaiyyətinə çatdırılırdı».

«Bu fəaliyyət sovetlərin ruslaşdırma siyasətini yumşaldırdı»

A.Balayev məhz M.Ə.Rəsulzadə tərəfindən əldə edilən və mühacirət mətbuatında yerləşdirilmiş məlumatlar əsasında Parisdə yaşayan Ə.M.Topçubaşının Azərbaycandakı durum haqqında ətraflı hesabatlar hazırlayıb, onları həm Avropanın rəsmi strukturlarına, həm də mətbuatına ötürdüyünü bildirir: «M.Ə.Rəsulzadə və onun mühacir silahdaşlarının fəaliyyəti sovetləri Azərbaycanda yeritdikləri ruslaşdırma siyasətini müəyyən qədər yumşaltmağa məcbur edirdi. Bu, özünü Azərbaycan dilinə olan diqqətin bir qədər artmasında, dövlət qurumlarındakı milli kadrların sayca çoxalmasında büruzə verirdi».

Sübut? «Azərbaycan cümhuriyyəti» əsərindən sonrakı tufan

A.Balayev Rəsulzadənin Türkiyədə ilk nəşr etdirdiyi kitab - «Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü, indiki vəziyyəti» kitabına dayanaraq bu fikrini belə əsaslandırır: «M.Ə.Rəsulzadənin mühacirətdə apardığı mücadilənin Azərbaycandakı vəziyyətə ciddi təsirini göstərən ən tutarlı dəlillərdən biri Stalinin 1923-cü ilin sentyabrında Zaqafqaziya və Azərbaycanın partiya rəhbərliyinə göndərdiyi xüsusi məktubdur. Həmin məktubda M.Ə.Rəsulzadəyə qarşı xüsusi irimiqyaslı təbliğat kampaniyasının başlanması zərurətindən söhbət gedirdi».

«O vətən xaini Rəsulzadələr»?

A.Balayev Stalinin həmin göstərişini əldə rəhbər tutan yerli partiya orqanlarının bütün təbliğat resurslarını M.Ə.Rəsulzadənin «antimilli» fəaliyyətinin «ifşa» edilməsi istiqamətində səfərbər etdiklərini deyir: «Yerli və mərkəzi bolşevik mətbuatında aramsız çap olunan həmin yazıların müəllifləri əksər hallarda sovetlərin ən yüksəkrütbəli partiya və dövlət xadimləri idilər. Bu da M.Ə.Rəsulzadənin nüfuzunun və təsirinin göstəricisi idi. Lakin bu tipli «ifşaedici» kampaniyalar, bir qayda olaraq, əks effekt verir və reallıqda Azərbaycanın müstəqilliyi ideyasının kütlələr arasında təbliğinə və yayılmasına yardım edirdi».

M.Ə.Rəsulzadə Ankarada siyasi miqrantlarla birlikdə. 1954
M.Ə.Rəsulzadə Ankarada siyasi miqrantlarla birlikdə. 1954

Tufan necə qopdu?

Rəsulzadənin adı çəkilən kitabının sovetlərdə necə tufan qoparmasını xaricdə yaşayan azərbaycanlı mühacirlər maraqla izləyiblər. Mirzə Bala yazır: «...əsər yalnız Türkiyədə və Avropada deyil, sovetlərdə də dərin əks-səda oyatmışdı. Bunlar xaricdə başlayan fəaliyyətin meydana gətirdiyi təlaş və qorxudan ibarət idi. Bakıda çıxan türkcə «Kommunist» və rusca «Bakinski raboçi», Tiflisdə çıxan türkcə «Yeni fikir» və rusca «Zarya Vostoka» qəzetlərində bu xüsusda cavab məqalələri nəşr olunaraq, kommunist siyasətinin müqəddəsliyini isbat etməyə səy göstərilmişdir. Azərbaycanın ozamankı ziraət komissarı Dadaş Bünyadzadə «Müsavatçılar» başlığı altında yazdığı məqalələr silsiləsində «Müsavat» firqəsinin türkçülüyünü, millətçiliyini və istiqlalçılığını boşa çıxarmağa çalışırdı».

Orconikidze: «Rəsulzadənin kitabı çantamdadır»

Mirzə Bala Məmmədzadə bu əsərlə Azərbaycan Kommunist Partiyasının XII Bakı konfransının da məşğul olduğunu, hətta yetkililərin kitabı özləriylə çantalarında daşıdıqlarını bildirir:

«Konfransda geniş nitq söyləyən məşhur Serqo Orconikidze «Müsavat»ın Türkiyədə və İranda sovetlər əleyhinə təbliğata başladığını qeyd etdikdən sonra demişdir: Müsavatçılar bolşeviklərin milli məsələdə tətbiq etdikləri siyasəti Şərq xalqlarının gözündə etibardan salmaq istəyirlər. Onlar isbat etmək istəyirlər ki, bugün müstəqil bir Azərbaycan yoxdur. Azərbaycanı idarə edənlər ruslardır. Rəsulzadənin kitabı çantamdadır. Burada müəllif bütün diqqətini bir şeyi isbata həsr edir və deyir ki, əvvəllər Azərbaycan üçün Denikin təhlükəsi vardı, indi isə Lenin təhlükəsi var».

«Xaricdə çıxan heç bir kitab bu qədər ilgi görməyib»

Tarixçi-alim Cəmil Həsənli də AzadlıqRadiosuna Rəsulzadənin «Azərbaycan Cümhuriyyəti» kitabının Sovetlərdə qopardığı tufandan danışıb: «Rəsulzadə ideoloq idi. Xaricdə çıxan heç bir kitaba onun 1923-cü ildə çıxan «Azərbaycan Cümhuriyyəti» kitabı qədər diqqət yetirilməyib».

Cəmil Həsənli M.Ə.Rəsulzadə haqqında
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00
Direct-ə keçid

Rəsulzadənin əsəri Stalini niyə cin atına mindirdi?

Sovet rəhbərliyinin, İosif Stalinin bu kitaba kəskin reaksiya verdiyini deyən C.Həsənli «Niyə» sualını belə cavabladı: «Çünki bu əsərin əsas ideyasını o təşkil edirdi ki, milli münasibətlər baxımından çar Rusiyasının siyasəti ilə bolşevik Rusiyasının siyasəti arasında heç bir fərq yoxdur. İkinci birincidən daha mürtəcedir!».

«Stalin milli işlər komissarı olmuşdu»

C.Həsənli bu kitabla tanış olanda Stalini heyrət götürdüyünün bir səbəbini də açıqladı: «Çünki Stalin uzun müddət milli işlər komissarı olmuşdu. Bu sahəyə özü nəzarət edirdi. Kitabla tanış olanda onu heyrət götürdü ki, rəhbərlik etdiyi siyasətə bu cür qiymət verilib».

İ.Stalin
İ.Stalin

Stalin Rəsulzadəni nədə suçlayırdı?

C.Həsənli o üzdən də Stalinin öz əliylə Rəsulzadəyə qarşı mübarizənin planını verdiyini dedi: «Rəsulzadəni nədə ittiham etmək lazımdır? Onu və əsərini ictimaiyyətin gözündən salmaqdan ötrü nələrə diqqət yetirmək lazımdır? O, Azərbaycana, Qafqaza yaxşı bələd idi. Stalin yazdığı tezislərdə Rəsulzadəni aqrar islahatı keçirməməkdə, 1918-ci ilin Şəmkir və mart hadisələrində ittiham edir. Onu bəy-xan hökuməti qurmaqda, hətta, ən maraqlısı, Türkiyəyə xəyanətdə suçlayır! Guya «o, rus ordusunun Azərbaycandan keçib Türkiyəyə getməsinin əleyhinə çıxış edib».

«Qara mayaklar» siyahisina Rəsulzadə necə salındı?

C.Həsənli bu direktivin Sovet Azərbaycanının rəhbərliyinə göndərildiyini, Rəsulzadənin ifşası üçün kitab yazılmasının da tələb olunduğunu bildirdi: «Hesab edirdi ki, onun göstərdiyi istiqamətlər həmin kitabda nəzərə alınsa, Rəsulzadənin ifşasına nail ola bilərlər. Bəzi hazırlıqlar getsə də, Sovet Azərbaycanında belə bir kitab yazılmadı. Sonra Kazanda «Qara mayaklar» adlı kitab çıxdı, onun bir fəsli də Rəsulzadəyə aid idi. Rusiyadan mühacirət etmiş «qara mayak»lara həsr olunmuşdu. Rəsulzadəyə aid olan fəsil Stalinin direktivləri əsasında yazılmışdı».

«Yeni Qafqaz tarixinin ən yaxşı, ən mühüm qaynağı»

11 bölmədən ibarət kitab təkcə Sovetlərdə deyil, dünyada da maraqla qarşılanır. Ölkənin və cümhuriyyətin tarixini, bolşevik işğalını, Qızıl Ordunun Azərbaycanda törətdiyi qırğın və vəhşilikləri anladan əsər barədə həm Türkiyə mətbuatında (prof. Fuad Köprülüzadə, müxtəlif qəzetlər), həm də Avropa mediasında geniş rəylər verilir. Mirzə Bala yazır: «Avropa şərqşünaslarından Vyana universitetinin professoru Dr. Krayeliç Vyanada çıxan «Döyçe Ostreyxişe Taqes Saytunq» qəzetində Məhəmməd Əmin bəyin bu əsərinə böyük bir məqalə həsr etmiş, əsərin mündəricatını xülasə edərək sonra demişdir: «Doğruluğu və genişliyi etibarilə bu gözəl kitab yeni Qafqaz tarixinin ən yaxşı və ən mühüm məxəzlərindən biri olmaq sifətini əbədi mühafizə edəcəkdir».

1923-cü ilin uğuru bununla bitmir. Bu kitabdan sonra elə həmin ilin sentyabrında Rəsulzadə illərlə davam edəcək «Yeni Qafqasiya» dərgisinin nəşrinə başlayır...

Ali Yavuz Akpınar M.Ə.Rəsulzadə haqqında
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00
Direct-ə keçid

«Tək ümid qalsın!»

«Azərbaycan Cümhuriyyəti» kitabını 1990-cı ildə İstanbulda nəşr etdirən Ali Yavuz Akpınar Rəsulzadənin əksər yazılarını oxuduğunu, istər bu kitabda, istərsə də bütün yazılarında onu heyrətə gətirən bir məqamın olduğunu AzadlıqRadiosuna açıqlayır: «Rəsulzadədə bir ümid var. O, heç bir zaman Azərbaycanın istiqlalına qovuşacağına şübhə etməmişdir. O üzdən də yazarkən ruhdan düşməmişdir. Sovetlərin ən qüvvətli zamanında – II Dünya müharibəsindən sonra, Stalinin ən güclü zamanında belə bu quruluşun bir zülm yönətimi olduğunu, mütləq sona çatacağını, Azərbaycanın istiqlalına qovuşacağını hər zaman böyük bir inancla ifadə etmişdir. Bax, bu, məni həmişə heyrətə salıb!».

«Azərbaycanın indi də ayaqda qalmasını sağlayan atəş»

Rəsulzadənin Türkiyədəki digər araşdırıcısı Səbahəddin Şimşir bu dövrü AzadlıqRadiosunda belə dəyərləndirir: «Rəsulzadənin 1922-30-cu illərdə Türkiyədə yaşayan Azərbaycan türklərini ilk gördüyü mənzərə çox ürəkaçan olmayıb. Hər kəs axşam yeyəcəyi çörəyi, sabah içəcəyi çayı düşünürdü. Rəsulzadə bu tablonu görüncə qısa vaxtda «Azərbaycan Cümhuriyyəti» kitabını yazır. Bu kitab Rəsulzadənin 1918-20-ci illərdə qurduğu Azərbaycan Cümhuriyyətinin və o cümhuriyyətdə yapdıqlarının hesabatıdır. Onun amacı bu kitabla Azərbaycan türklərini psixoloji sıxıntıdan, dünya dərdlərindən qurtarmaq idi. Yəni «siz nəfəs aldığınız müddətdə bizim dövlətimiz yaşayacaqdır» mesajını vermək idi. Rəsulzadə bu psixologiyanı bu kitabla qırdı».

Səbahəddin Şimşir M.Ə.Rəsulzadə haqqında
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00
Direct-ə keçid

«Rəsulzadənin qəlbi həp Azərbaycan üçün atmışdır»

S.Şimşir Rəsulzadənin bütün ömrünün, sadəcə, Azərbaycan naminə keçdiyini bildirir: «Azərbaycan Cümhuriyyətinin ortaya çıxması, ruslar tərəfindən ortadan qaldırılması da daxil, Rəsulzadənin qəlbi həp Azərbaycan üçün atmışdır. Zatən Türkiyəyə gəldiyində yazdığı ilk kitab da «Azərbaycan Cümhuriyyəti» adlanır... Bir növ bizim böyük Atatürkümüzün 1927-ci ilində «Nutuk» deyə ifadə etdiyi əsəri kimi, o da ikiillik cümhuriyyəti anlatmağa çalışmışdır. Və həyatı boyu ortaya qoyduğu düşüncə də Azərbaycanın istiqlalı, Azərbaycanın istiqlala qovuşması üçün yapılacaq işlər olmuşdur».

Ən çox döyülən, ən çox sevilən... Rəsulzadə

Tarixçi-alim C.Həsənli Rəsulzadə şəxsiyyətinə belə qiymət verir: «Rəsulzadə Sovet dövründə ən çox döyülən siyasi xadim idi. Sovetlərin dağılmasından sonra da ən çox sevilən siyasi xadimdir».

«Cümhuriyyət-100» davam edəcək

Mayın 28-də gedəcək yazı Azərbaycanı ilk dəfə istiqlala qovuşduran «28 Mayıs»a həsr olunacaq və «İstiqlalın 1-ci və 100-cü ili» adlanacaq.

«MÜSTƏQİL AZƏRBAYCAN – bu gün maddətən Rusiya qüyudatı ilə dərzəncir olsa da, mənən mövcuddur. Azərbaycan istiqlalı bir fikir olaraq vaqedir. Bolşeviklərə Qafqasiyada rəyi-ammə müraciət təklif edilsə, qətiyyən razı olmazlar. Çünki bütün xalqın həmən istiqlali-idarə lehinə rəy verəcəklərini bilirlər. Azərbaycanın bu qədər fəlakətlər nəticəsində əldə etdiyi bir qazanc varsa, o da bu istiqlal fikrinin rüsuxudur.

Şimdi istiqlal və hakimiyyəti-milliyyə sevdasilə yaşayan bir Azərbaycan gəncliyi vardır ki, ÇK-nın amansız edamlarına rəğmən, gecə-gündüz çalışıyor, ilk fürsət və imkanı bəkləyib duruyor. Bu fürsət gəlincə o, meydana çıxacaq və o zaman yanıq könlündə atəşin cizgilərlə mənən mənquş bulunan bayrağı maddətən yüksəldərək deyəcək ki:

- Əvət, bir kərə yüksələn bayraq bir daha enməz!».

(M.Ə.Rəsulzadənin «Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü, indiki vəziyyəti» kitabından)

XS
SM
MD
LG