Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:39

Rəsulzadənin vaxtilə fransızca çıxan kitabı doğma dilinə çevrildi


«Azərbaycan mübarizə yolunda» kitabı
«Azərbaycan mübarizə yolunda» kitabı

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 1930-cu ildə Parisdə fransızca çıxan «Azərbaycan mübarizə yolunda» adlı kitabı ilk dəfə ana dilində nəşr olunub.

«Çapar» Yayınlarından AzadlıqRadiosuna verilən xəbərə görə, M.Ə.Rəsulzadənin «Azərbaycan: Müstəqillik üçün mübarizə yolunda» kitabı «Azərbaycan Milli Nəşriyyatı» seriyasının 11-ci kitabıdır.

Paris. 1930-cu il

Kitab Parisdə 1930-cu ilin sentyabrında nəşr olunub. Cəmi 36 səhifədən, 13 bölmədən ibarət əsərdə Azərbaycan haqqında ümumi məlumat, ictimai-siyasi, iqtisadi vəziyyət, Cümhuriyyətə gedən yol, rus işğalı, mühacirətdə istiqlal mübarizəsi kimi mövzulara toxunulub.

Kitabın tərcüməçisi Tural Mehbaliyevdir.

Füzuli-Şekspir, Mirzə Fətəli-Molyer və Mirzə Şəfi...

Əsər Avropa oxucusuna ünvanlandığından, Rəsulzadə Azərbaycan ədəbiyyatından, fəlsəfəsindən bəhs edərkən Füzuli ilə Şekspiri, Mirzə Fətəli ilə Molyeri müqayisə edir, Mirzə Şəfinin alman filosof və şairi Bodenştedtin müəllimi olduğunu vurğulayır. O, Azərbaycan teatrında Qərb müəlliflərinin əsərlərinin oynanıldığına da diqqət çəkir: «Azərbaycan teatrının repertuarında yüksək səviyyədə tərcümə olunmuş xarici tamaşalar da yer alırdı. Belə tamaşaların sırasında Şekspirin «Hamlet» və «Otello»sunun, Şillerin «Qaçaqlar»ının, İbsenin «Doktor Stokman»ının, Qoqolun «Müfəttiş»inin, Molyerin komediyalarının və bir çox başqa əsərlərin adını çəkmək olar».

Azərbaycan. 1930-cu il

Kitabın yazıldığı 1930-cu il Azərbaycan üçün önəmli tarixdir. Rəsulzadənin əsərinin əsas qayəsi həmin tarixlə bağlıdır. 1930-cu illərin əvvəllərində Azərbaycanda ruslara qarşı böyük kəndli hərəkatı başlamışdı. Sovet dönəmində bu hərəkat haqqında bilgilər gizlədilsə də, mühacirət mətbuatında, özəlliklə «Odlu Yurd» dərgisində və «Bildiriş» qəzetində bu barədə yetərincə maraqlı bilgilər var. Azərbaycanın, demək olar, bütün bölgələrini bürüyən bu hərəkat qarşısında bolşeviklər bir müddət aciz qaldılar. Bu fakt, işğaldan 10 il ötsə də, əhalinin mövcud rejimi qəbul etmədiyini göstərirdi.

«Millət inanılmaz əziyyət çəkir...»

Rəsulzadə haqlı olaraq əsərində yazır: «Millət inanılmaz əziyyət çəkir, dağlara çəkilən üsyançılar xaricdən heç bir dəstək almadan möhtəşəm şücaət göstərirlər. Gələcəkdə onları daha ağır nəticələr gözləyir. Bəlkə də məğlub olacaqlar. Lakin bu məğlubiyyət maddi və müvəqqəti xarakter daşıyacaq. Çünki onlar azadlıq, siyasi və hüquqi müstəqillik kimi yüksək ideyalar uğrunda döyüşdükləri üçün artıq mənəvi olaraq qalibdirlər».

«Qana bulanmış Azərbaycan»

Kitab Parisdə fransızca çap olunduğundan, həm də çağdaş dünyaya ünvanlanıb. Təsadüfi deyil ki, Rəsulzadə Azərbaycan xalqının mübarizəsi haqqında bilgi verdikdən sonra yekunda yazır: «Sivil dünyanın nümayəndələri, indi söz sizindir. Qana bulanmış Azərbaycan digər Qafqaz xalqları ilə birlikdə sizin maddi olmasa belə, mənəvi dəstəyinizi və bu zülmə qarşı etirazınızı gözləyir».

Kitab M. Rəsulzadənin doğumunun 135-ci ildönümünə həsr edilib.

XS
SM
MD
LG