Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:22

Robert Koçaryan məhkəmə zalını tərk edib: ‘Mən müttəhim deyiləm’


Robert Koçaryan məhkəmə zalını tərk edərkən
Robert Koçaryan məhkəmə zalını tərk edərkən

Ermənistanın keçmiş prezidenti, ölkənin ən böyük müxalif parlament fraksiyasının lideri Robert Koçaryan onun barəsində ötən ay başlanmış yeni məhkəmə dinləməsini “hüquqi xuliqanlıq” adlandırıb.

Keçmiş prezidentin barəsində eyni ittihama üç il bundan əvvəl xitam verilmişdi.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Koçaryana qarşı ittihamlar 2008-ci ildə seçki sonrası zorakılıqlarla bağlı irəli sürüləcək. Koçaryan və keçmiş baş qərargah rəisi Armen Gevorkyan, habelə təqaüddə olan iki ordu generalı bu ittihamlarla bundan əvvəl də mühakimə olunublar, lakin sonradan, 2021-ci ilin aprelində onların barəsində “konstitusiya quruluşunu zorla devirmək cəhdi” ittihamı götürülüb.

Bundan əvvəl

Prokurorlar bu xitam qərarından apellyasiya vermişdilər. Onlar deyirdilər ki, müttəhimlərin 2008-ci ilin mart hadisəsinə görə səlahiyyətlərini aşma maddəsi ilə ittiham olunmasına imkan verilməlidir.

Lakin Apellyasiya Məhkəməsi xitam qərarını qüvvədə saxlamış, prokurorlar daha yüksək instansiya olan Kassasiya Məhkəməsinə üz tutmuşdular. Kassasiya Məhkəməsi öz növbəsində bu ilin martında Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Konstitusiya Məhkəməsinin iyul ayında verdiyi hökmdə deyilirdi ki, Ermənistan Prosessual Məcəlləsi prokurorlara eyni müttəhimləri fərqli maddə ilə ittiham etmək hüququ verir.

Robert Koçaryan oktyabrın 11-də yeni məhkəmə üzrə ikinci dinləməyə gələrkən jurnalistlərə deyib:

“Mən bir il yarın müddətində mövcud olmayana CM maddəsi ilə qanunsuz olaraq həbsdə saxlanmışam. Nə prokurorlar, nə də baş hakimiyyət nümayəndələri məndən üzr istəyiblər. Əksinə hansısa yalanla müəyyən məqsədlərlə bu işi yenidən məhkəməyə gətiriblər”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Koçaryan, keçmiş baş qərargah rəisi Armen Gevorkyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş ordu qərargah rəisi Yuri Xaçaturova qarşı hansı ittihamın irəli sürüldüyü bilinmir. Prokurorlar rəsmi ittihamnaməni hələ ki, hazırlamayıblar.

Koçaryan zalı tərk edib

Buna baxmayaraq sədrlik edən hakim və prokuror bu şəxslərin dördünə də “müttəhim” kimi müraciət edirlər.

Koçaryan dinləmənin əvvəlində deyib:

“Mən müttəhim deyiləm, bura xoş məram göstərmək üçün gəlmişəm. Müttəhim statusum olmadığına görə burda oturmamalıyam”.

Koçaryan bu sözləri deyəndən sonra müttəhimlər kürsüsündən qalxıb və vəkilləri ilə birlikdə zalı tərk edib.

Koçaryan bundan əvvəl rüşvət maddəsi ilə ittiham olunmuşdu. Keçmiş prezident həmin ittihamı da qətiyyətlə rədd edirdi. Buna baxmayaraq 70 yaşlı keçmiş prezident və Gevorkyan rüşvət ittihamı ilə mühakimə olunurdular.

Daha əvvəl hakim Anna Danibekyan onlar barəsində çevriliş ittihamına 2021-ci ilin aprelində xitam vermişdi.

1 mart 2008-ci il hadisəsi

Ermənistan Xüsusi İstintaq Xidməti 2018-ci ilin 26 aprelində Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ittihamını irəli sürmüşdü.

Robert Koçaryan 2008-ci il martın 1-də baş vermiş qanlı hadisələrdə ittiham edilirdi.

Keçmiş prezident bu ittihamın “qondarma və siyasi motivli” olmasını bəyan etmişdi.

Ermənistanda 2008-ci ilin prezident seçkisindən dərhal sonra, fevralın 19-dan başlayaraq minlərlə insan seçki nəticələrinə etiraz edirdi.

Əsasən prezidentliyə namizədlərdən biri, keçmiş prezident Levon Ter-Petrosyanın tərəfdarlarından ibarət etirazçılar başqa bir əslən qarabağlı Serj Sarkisyanın saxtakarlıqla qalib gəldiyini bildirirdilər.

Tənqidçilərin fikrincə, bu seçkidə hakimiyyət faktiki olaraq Qarabağ klanının bir nümayəndəsindən başqasına ötürülürdü.

Nəhayət günlərlə davam edən etirazların əsnasında, martın 1-də polis və təhlükəsizlik qüvvələri gecələri Azadlıq meydanında qurulmuş çadırlarda keçirən etirazçılara dəyənəklər və elektroşokla hücum etmişdilər.

Belə bir ehtimal da irəli sürülürdü ki, etirazın yatırılması üçün Yerevana Qarabağdan separatçı ordunun birləşməsi gətirilmişdi.

Toqquşmalar zamanı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdu. 200-dən çox nümayişçinin xəsarət aldığı və yaralandığı xəbər verilirdi. Xeyli sayda insan yoxa çıxmışdı.

Hadisənin ardınca Levon Ter-Petrosyan faktiki olaraq ev dustağı edilmişdi. Hələ də prezident kürsüsündə qalan Robert Kocharyan fövqəladə vəziyyət elan etmişdi.

XS
SM
MD
LG