Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:53

Rüfət Səfərov: 'Elmar Hüseynov kimi güllələnəcəyimi gözləyirdim, üstümə bu bədbəxti saldılar'


Rüfət Səfərov
Rüfət Səfərov

"Müdafiə Xətti" insan haqları təşkilatının həmtəsisçisi Rüfət Səfərov deyir ki, ölkədə haqqı pozulanları müdafiə etdiyinə görə mərhum jurnalist Elmar Hüseynov kimi güllələnəcəyini gözləyirdi, amma həbs olundu. O, dekabrın 4-də Binəqədi rayon Məhkəməsində haqqında həbs qərarı verilərkən belə deyib.

R.Səfərov vaxtilə Kənd Təsərrüfatı Nazirliyində baş hüquqşünas, "Aqrolizinq" ASC-də Müşahidə Şurasının üzvü və ardından prokurorluqda müstəntiq işlədiyini, ancaq könüllü şəkildə istefa verib insan haqlarını qorumağa başladığını hakim Aytəkin İmranovanın diqqətinə çatdırıb: "İndi məni dələduzluqda ittiham edirlər. Əgər məndə tamah hissi belə inkişaf etmişdisə, elə nazirlikdə, prokurorluqda qalıb işləyərdim, komfort həyatdan imtina etməzdim. Prokurorluqda rüşvət üçün yaxşı şərait də var. Qalıb rahat işləyərdim, tamahımı da heç kim sorğulamazdı".

"Ölümü də gözə almışdım"

Hüquq müdafiəçisi kimi fəaliyyətinə görə cəzalandırıldığını vurğulayan R.Səfərov deyir ki, hətta ölümü də gözə alıb bu işlə məşğul olurdu, çünki hansı ölkədə yaşadığının fərqindədir. Onun sözlərinə görə, hazırda ölkədə 300-dən çox siyasi məhbus var: "Ölümü də gözümün önünə alıb, bu işlə məşğul olurdum. Gözləyirdim ki, günün birində Elmar Hüseynov kimi ağzımdan güllələyərlər. Düzü, qarajda bu bədbəxti üstümə salacaqlarını gözləmirdim. Amma bundan çəkinməmişəm, çünki ədalət carçısıyam. Ədalət anlayışı məhəlli yox, bəşəri dəyər daşıyır. Özümü də vicdan məhbusu elan edirəm".

R.Səfərov çıxışının sonunda vurğulayıb ki, məhkəmələrin də, hakimlərin də hansı vəziyyətdə olduğunu, sifarişə xidmət etdiyini yaxşı bilir. Ona görə də Aytəkin İmranovadan heç bir xahişi yoxdur.

Qısa müşavirədən sonra hakim hüquq müdafiəçisi haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə qərarı açıqlayıb.

R.Səfərovun vəkilləri qərardan apellyasiya şikayəti verəcəklər.

Rüfət Səfərov: "Bu həbs həyatı əqidəmi dəyişmədi"
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

Xatırlatma

Hüquq müdafiəçisi R.Səfərov dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, R.Səfərov torpaq sahəsi satmaq adı ilə Natiq İmamquliyev adlı şəxsdən 60 min manat alıb və həmin şəxslə mübahisə zamanı ona xəsarət yetirib.

R.Səfərov isə deyir ki, bu şəxsdən pul almaq bir yana, heç əvvəllər onun üzünü də görməyib. Həmin gün qarajda avtomobilini saxlayarkən bir nəfər ona hücum edib, ardınca qaraja 15-20 nəfər polis daxil olub və onu qandallayaraq aparıb.

43 yaşlı R.Səfərov 2015-ci ilin dekabrında Azərbaycanda insan haqlarının pozulması, qanunlara əməl olunmamasına etiraz olaraq, Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. Ardından Zərdabda onun kirayə yaşadığı evdə və iş otağında axtarış aparılıb və bir həftə sonra haqqında rüşvət ittihamıyla cinayət işi başlandığından həbs edilib. Bir həftə həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılıb. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il azadlıqdan məhrum edilən R.Səfərov 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa buraxılıb.

2019-cu ilin oktyabrında Milli Şuranın keçirdiyi etiraz aksiyasında saxlanılaraq 1 ay həbsdə qalıb.

XS
SM
MD
LG