Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:45

Rusiya müharibədə canlı qüvvə çatışmazlığının qarşısını necə alır


Kollaj
Kollaj

Rusiya prezidenti Vladimir Putin avqustun 1-dən dekabrın 31-dək Ukrayna müharibəsində iştirak üçün Müdafiə Nazirliyi ilə müqavilə bağlayanlara federal büdcədən birdəfəlik mükafat kimi 400 min rubl (4640 dollar) ödənməsini nəzərdə tutan fərman imzalayıb.

Xəbər verilir ki, fərman səfərbərliklə orduya çağırılanlara, bir il və daha uzun müddət üçün müqavilə imzalayan digər Rusiya vətəndaşlarına və xaricilərə aiddir.

Fərmanda qeyd olunur ki, müqavilələrdə onu imzalayanın Ukrayna ərazisində, habelə ilhaq edilmiş və Rusiyaya birləşdirildiyi elan olunmuş ərazilərdə keçirilən “xüsusi hərbi əməliyyatda” (Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsini belə adlandırır-red) iştirakı nəzərdə tutulmalıdır.

Bu o deməkdir ki, sözü gedən 400 min rubl yalnız birbaşa müharibədə iştirak öhdəliyi götürənlərə veriləcək.

Üst-üstə 10 min dollar

Fərman eyni zamanda Rusiya regionlarına sözü gedən səfərbərlərə yerli büdcədən daha 400 min rubl verilməsini tapşırır. Beləliklə müharibəyə getmək üçün müqavilə bağlayanlara üst-üstə 800 min rubl (9280 dollar) ödənməlidir.

2022-ci ilin noyabrından müharibədə iştirak üçün 195 min rubl (2262 dollar) ödənilirdi.

Cəbhə xəttində silsilə uğursuzluqların ardınca 2022-ci ilin sentyabrında Putin “qismən səfərbərlik” elan etmişdi. Bəzi təxminlərə görə bu tədbir çərçivəsində 300 min nəfər orduya səfərbər edilmişdi.

Müqavilələrdə müharibənin sonunadək ordudan tərxis nəzərdə tutulmur.

Rusiya hakimiyyəti səfərbərliyin sonu olaraq ordudan tərxis elan etsə də, bu, prezident fərmanı ilə təsdiqlənməyib.

Bu isə o deməkdir ki, “qismən səfərbərlik” hələ başa çatmayıb və orduya çağırışlar davam edə bilər.

Komissarlığa səfərbər gətirənə də pul mükafatı

Hakimiyyət nümayəndələri deyirlər ki, hazırda yeni səfərbərliyə ehtiyac yoxdur, çünki orduya kifayət sayda müqavilə imzalayan könüllü cəlb olunur. İddia edilir ki, günə min nəfərədək könüllü müraciət edir. Üstəlik məhkumların və əcnəbilərin orduya cəlb olunması da davam edir.

Buna baxmayaraq son zamanlar bir çox hərbi blogerlər gileylənirlər ki, döyüşən hərbi hissələrdə hərbi heyət çatışmazlığı var.

Hakimiyyət müqavilə imzalayanlara Rusiya üzrə orta əməkhaqqından (aya 200 min rubl) yüksək maaşlar, habelə müxtəlif sosial ödənişlər vəd edir.

Ukrayna müharibəsində həlak olmuş rusiyalıların dəqiq sayı məxfi saxlanır. Lakin 60 min nəfərdən çox hərbçinin həlak olduğu müstəqil qaydada təsdiq edilib.

“Vyorstka” saytının jurnalistləri yazırlar ki, hakimiyyət əsasən etnik azlıqların yaşadıqları Yamalo-Nenets Muxtar Dairəsində, Yakutiya və Mordoviyada, habelə Arxangelsk, Kaluqa və İvanovsk vilayətlərində səfərbərliyin “tövsiyə” formasını tətbiq etməyə başlayıb.

Belə ki, müharibədə iştirak etmək istəyənləri hərbi komissarlıqlara gətirən şəxslərə də adambaşına pul mükafatları verilir.

Müharibəyə getməyənə vətəndaşlıq yoxdur

Bu arada Rusiya Dövlət Dumasına Rusiya vətəndaşlığı almış şəxslərin icbari hərbi qeydiyyata götürülməsi haqqında qanun layihəsi təqdim olunub.

Hazırda Rusiya vətəndaşlığı almış hərbi xidmət yaşında bütün kişilər onsuz da yerli hərbi komissarlıqlarda icbari qaydada qeydiyyata düşməlidirlər. Lakin indiki qanun layihəsinin preambulasında deyilir ki, bir çoxları vətəndaşlıq aldıqdan sonra hərbi xidmətdən imtina edirlər.

Buna görə də Dövlət Duması vətəndaşlığın verilməsi ilə eyni zamanda hərbi qeydiyyata alınmasının tətbiqinə çalışır.

Bundan əvvəl Dövlət Duması Rusiya vətəndaşlığını sonradan almış şəxslərin icbari hərbi xidmət müddətinin artırılmasını təklif etmişdi.

Ailə ilə vidalaşma
Ailə ilə vidalaşma

Çoxuşaqlı atalara da güzəşt edilmir

Bu da xəbər verilir ki, Dövlət Duması çoxuşaqlı atalara hərbi xidmətdən möhlət verilməsinə dair qanun layihəsini rədd edib.

Səsvermənin nəticələri hələ ki, dərc olunmayıb, amma Baza teleqram kanalının məlumatına görə qanun layihəsinin rədd edilməsinə hakim Vahid Rusiya, qəbul edilməsinə isə Kommunist Partiyası və “Ədalətli Rusiya” deputatları səs veriblər.

Çoxuşaqlı atalara ordudan möhlət verilməməsi “kadr ehtiyatlarının azalması” ilə izah edilir.

Rusiya kommunistlərinin nümayəndəsi Nina Ostanina deyib ki, Ukrayna müharibəsinə indiyədək 903 çoxuşaqlı ata və 100-dək himayəsində əlil uşaqlar olan kişilər göndərilib.

XS
SM
MD
LG