Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:37

Rusiya səfiri Ermənistandakı Aİ missiyasını ittiham edir


Səfir Mixail Yevdokimov
Səfir Mixail Yevdokimov

"Ermənistanın xarici siyasəti narahatlıq doğurur, təhlükəsizlik sahəsində Qərblə əməkdaşlıq yaxşı heç nəyə gətirib çıxarmır". Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov ölkəsinin "RİA Novosti" agentliyinə müsahibəsində deyib.

"Əminik ki, Cənubi Qafqazda istənilən problemi region ölkələri özləri xarici müdaxilə olmadan həll etməlidir. Bu planda "3+3" regional məsləhət platforması (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, İran, Türkiyə) faydalıdır. Hazırda bu platforma daxilində xarici işlər nazirləri səviyyəsində növbəti görüşün vaxtı razılaşdırılır", – səfir sözlərinə əlavə edib.

"3+3" platformasının müəllifləri Azərbaycan və Türkiyə sayılır, məqsədin region ölkələrini bir platformada birləşdirmək, bölgədə daimi sabitliyi, əməkdaşlıq mühitini təmin etmək olduğu deyilir. Prezident İlham Əliyev avqustun 29-da rusiyalı həmkarı Vladimir Putin ilə Bakıda görüşündə deyib ki, "Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır".

Səfirin dediklərinə Yerevan, hələlik, münasibət açıqlamayıb. Amma Azərbaycan Qarabağ üzərində nəzarətini bərpa edəndən sonra Moskva ilə Yerevanın münasibətlərində gərginlik yaşanır. Ermənistan Rusiya sülhməramlılarını xüsusilə 2023-cü il əməliyyatları vaxtı Qarabağdakı erməni əhalini qorumamaqda ittiham edib.

Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcək müşahidəçilərdən Gürcüstanda da var. Effektivdirmi?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Aİ missiyasına ittihamlar

Rusiya səfiri Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası barədə də bəzi fikirlər səsləndirib, onu faktiki olaraq Azərbaycan, İran, Rusiya barədə kəşfiyyat məlumatları yığmaqda ittiham edib.

"Vaşinqton və onun müttəfiqləri istənilən addıma, hətta Kiyev rejimi kimi marionet hökumətlər vasitəsilə Rusiya ətrafında münaqişə ocaqlarını qızışdırmağa hazırdır. Belə müdaxilələrdən biri Aİ-nin Ermənistandakı missiyasıdır. Kanadadan "ekspert"in qoşulması ilə missiya faktiki olaraq şübhəli məqsədləri olan NATO əməliyyatına çevrilib. Bu missiyanın Qərbin hibrid müharibə aləti olmasını onun gizliliyi, nə Ermənistanın, nə də Azərbaycanın nəzarətində olması təsdiqləyir. O, faktiki Azərbaycana, İrana və Rusiyaya qarşı kəşfiyyat məlumatları yığır", – Rusiya səfiri deyib.

Aİ-nin Ermənistandakı missiyası barədə daha öncə Azərbaycan tərəfindən də oxşar fikirlər eşidilib. Azərbaycan XİN bu ilin fevralında Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkonu çağırıb, ona deyilib ki, missiya "sərhəd bölgələrinə səfərlərin təşkilinə töhfə verən binokl diplomatiyasının agentinə çevrilib".

Aİ səfiri isə daha öncə X platformasında yazıb ki, mülki, silahsız bir missiyanın mandatı müşahidə aparmaqdır.

2023-cü ilin yanvarında Aİ sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədilə Ermənistanda mülki missiya yaradıb. Bakı missiyanın göndərilməsini xoş qarşılamayıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG