Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:44

Azərbaycan Rusiyadan təhlükəni haradan gözləsin...


Rusiya sülhməramlıları getdikləri yerdən niyə çıxmırlar? Moldova və Gürcüstan təcrübəsi
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Rusiya sülhməramlıları getdikləri yerdən niyə çıxmırlar? Moldova və Gürcüstan təcrübəsi

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 20-də Qarabağda yerləşdirilən sülhməramlılarının ərazidən 2025-ci ildə çıxacaqları ilə bağlı Türkiyə Prezidenti Rəcəb Ərdoğanın çıxışına münasibət bildirib. Onun sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağda özlərinin mühüm stabilləşdirici rollarını oynamaqda davam edirlər: "Regionda gərgin vəziyyətin qaldığı nəzərə alınarsa, onların fəaliyyətinə indi daha çox ehtiyac var".

Zaxarova deyib ki, Türkiyə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tərəfi deyil, Rusiya sülhməramlıları isə Qarabağda bu razılaşma əsasında yerləşdirilib. Məhz bu sənəddə sülhməramlıların regionda qalma müddəti və bu müddətin daha beş il uzadılması üçün parametrlər əksini tapıb.

Üçtərəfli bəyanata görə, Rusiya sülhməramlı kontingentinin regionda qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hər hansı biri müddəanın tətbiqinə xitam verilməsini istəməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Azərbaycan rəsmiləri artıq bir neçə dəfə sülhməramlıların 2025-ci ildə Qarabağı tərk edəcəyini bildirib.

İkibaşlı açıqlama

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Zaxarovanın açıqlamasının ikibaşlı mənası var: "Sözlərindən dolayısıyla elə çıxır ki, əgər 2025-ci ilə qədər vəziyyət gərginləşərsə, sülhməramlıları Qarabağda saxlamaq məqbul olacaq".

E.Nəsirov
E.Nəsirov

Onun fikrincə, Rusiyada istərdilər ki, 2025-ci ildə regionda vəziyyət son dərəcədə gərginləşsin və sülhməramlılar olmadan prosesləri tənzimləmənin mümkün olmadığı təəssüratı yaradılsın: "Ona görə də 2025-ci ilə qədər prosesin süni şəkildə gərginləşdiriləcəyini də proqnozlaşdırmaq mümkündür".

Nəsirov düşünür ki, Rusiyanın Ukrayna ilə ağır müharibəsi öz şərtlərini diktə edəcək və Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti ilə bağlı üçtərəfli bəyanatın bəndi icra olunacaq. "Azərbaycanın Türkiyə, Pakistan, İsrailin timsalında beynəlxalq partnyorları var", - o, sözlərinə əlavə edir.

"Rusiya əlindəki bütün resurslardan istifadə edəcək"

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Zaxarovanın açıqlaması Azərbaycanı və Ermənistanı açıq-aşkar təhdid etməkdir: "Zaxarova dolayısı ilə demək istəyib ki, biz hər şeyi edəcəyik ki, Qarabağda qalaq, çünki məqsədimiz orada hərbi bazanı yerləşdirməkdir... Rusiya bugünlərdə başqa bir açıqlama da verib ki, Azərbaycan-Ermənistan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələrinin yerləşdirilməsi məsələsi həll olunub və Ermənistanın mövqeyini gözləyirlər. Yəni, hər iki tərəfə təzyiq olunur...".

Ə.Oruclu
Ə.Oruclu

Onun sözlərinə görə, Azərbaycan Rusiyadan təhlükəni bütün mümkün istiqamətlərdən gözləməlidir: "Ölkənin daxilindən - yəni, ya Qarabağ erməniləri, ya da Rusiyanın Azərbaycandakı "beşinci kolon"u tərəfindən, ölkənin şimalından və, nəhayət, Xəzər dənizindən. Rusiya əlində olan bütün resurslardan istifadə edəcək ki, bölgədə hərbi iştirakını qoruyub saxlasın".

Oruclu Rusiya qoşunlarını ölkədən çıxarmaq üçün birinci növbədə Ermənistanla sülh müqaviləsi imzalamağı, şimaldan və Xəzərdən sərhədləri hərbi-strateji baxımdan möhkəmləndirməyi vacib sayır.

Xatırlatma

İyulun 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək. O, Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG