Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:22

Ukraynada cəmi iki ayın əsgəri də həlak olur


Tatarıstanda 19 yaşlı könüllü Sergey Murtazinin dəfni.
Tatarıstanda 19 yaşlı könüllü Sergey Murtazinin dəfni.

Rusiyanın Volqa bölgəsindən olan, azı, 24 min savaşda öldürülmüş əsgərin kimliyi müəyyənləşdirilib. "Idel.Realii" son həftə ərzində müharibədə həlak olanların yüzlərlə nekroloqunu təhlil edərək bir neçə könüllünün fərdi hekayətlərini diqqətə yetirib.

"İlahi, bütün bunlar nə zaman bitəcək?"

Beloretsk Başqırdıstanın cənubunda yerləşən 65 minlik şəhərdir. Sakinlərin 68 faizi rus, 22 faizi başqırd, 6 faizi tatardır. Bu ilin ilk altı günündə Ukraynada həlak olan, azı, altı beloretskli dəfn edilib.

Müdafiə Nazirliyi ilə müqaviləni apreldə imzalayan 33 yaşlı Sergey Serpkovu dekabrın 4-də basdırıblar. Beloretskdən olan hərbçilərin nekroloqlarını paylaşan Sergey şəhərlər bir dəfn bürosunun sosial şəbəkə hesabını da izləyirmiş. Bir neçə gün sonra həmin büro onun öz dəfni barədə bilgi paylaşıb.

"İlahi, bütün bunlar nə zaman bitəcək? Yaşayıb, uşaqlarını böyütməliydilər! Bizim rəhbərliyə nə olub, axı? Niyə bu qədər döyüşçümüz yox olur?!", - "Güzel Qalyamova" adlı istifadəçi yerli administrasiyanın savaşda ölən növbəti hərbçiyə aid VK sosial şəbəkəsi paylaşımını belə şərh edib.

Sergey Serpkovun VK-dakı şəxsi səhifəsi.
Sergey Serpkovun VK-dakı şəxsi səhifəsi.

Beloretskdə hər gün hərbçi dəfn edilir

27 yaşlı Aleksandr Bulıqin onun həmşəhərlisidir. Serpkov kimi, o da 2024-cü ilin aprelində müqavilə əsasında savaşa qatılıb. İyunun 3-də də ölüm xəbəri gəlib. Səhhətindəki problemlərlə bağlı hərbi xidmət keçməyən Aleksandr Ukraynadakı savaşa könüllü kimi qatılıb.

"Bu xüsusi əməliyyat nə vaxt bitəcək? Gör, nə qədər gənc ölür", - "Lili Qabitova" adlı bir başqa istifadəçinin sözləridir.

Dekabrın 3-də Beloretskdən daha bir hərbçini - 22 yaşlı Andrey Boçarovu da dəfn ediblər. O, Başqırdıstanın memarlıq, inşaat və kommunal təsərrüfat kollecinin məzunu idi. Animasiya, qrafika və kompüter texnikasıyla maraqlanırdı.

2021-ci ildə Boçarovu hərbi xidmətə çağırıblar. İki ay sonra o, Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb, bu ilin noyabrındasa cəbhədə həlak olub.

Müqavilə ilə xidmət edən 18 yaşlı tatarıstanlılar

Tatarıstanın Nus kəndindən olan Rinaz Qubaydulin 19 yaşının tamam olmasına az qalmış müharibəyə yollanıb. Cəbhədə cəmi 10 gün olub. Martın 1-dən sonra qohumları onunla əlaqə saxlaya bilməyiblər. Olub-bitəni dörd ay sonra anası "Ukraynadan qayıtmağımı gözləmə" Telegram sosial şəbəkəsindəki (savaşa qatılan hərbçilərin qohumları burada paylaşımlar edir - red.) videoçarxda dilə gətirib.

Rinaz Luqansk bölgəsindəki savaşa qatılıb. Martın 4-də - müqavilə imzalanandan cəmi iki həftə sonra həlak olub.

"Mənə doğmalaşmışdı. İki yaş böyük idi. Yaxşı dost idi. Deyirdi, pul çatmır, ailəsinə kömək etmək istəyir ki, anası yaxşı yaşasın", - onun ölümü barədə paylaşımın altında istifadəçilərdən biri belə yazıb.

Arks məhkəməsinin bilgisinə görə, Qubaydulinin onlayn mikrokreditlər verən şirkətə borcu varmış. Şirkət müştərilərinə 30-100 min rubladək kredit verirmiş.

"Idel.Realii" bildirir ki, ölən hərbçilərin siyahısında 189 nəfər 18-20 yaşlı gənclərdir. Bütün nekroloqlarda yaş qeyd olunmadığından bu say arta da bilər.

İki ayın əsgərləri

"Salam! Ərim, 10.07.1996-cı ildə doğulan Adutov Dmitri Maratoviçi axtarıram. Sentyabrın 23-də hərbi tapşırığı yerinə yetirməyə gedib. O gündən bəri əlaqə saxlamayıb", - Kristina Adutova oktyabrın 15-də "Ukraynadan qayıtmağımı gözləmə" kanalında belə yazıb.

Kirov vilayətinin Slobodskoy şəhərində yaşayan Kristina və Dmitri bir il əvvəl ailə qurublar və uşaqlarını böyüdürlərmiş. Avqustun 31-də müharibəyə gedən Dmitri bir ay sonra itkin düşüb, sentyabrın 30-da isə həlak olub.

K.Adutovanın sözlərinə görə, o, sosial şəbəkələrdə ərini axtarmağa başlayanda fırıldaqçılar VK-da onunla əlaqə saxlayaraq Dmitrinin onlarla olduğunu deyiblər. Özlərini "hərbiçini özünkülərdən gizlədən ruslar" kimi tanıdan fırıldaqçılar pul istəyiblər.

"Əvvəl bilet üçün, sonra da onu blok-postlardan keçirmək üçün pul istədilər. Sonda da dedilər ki, general 100 min rubl istəyir", - Adutovanın sözləridir.

Kristina deyir, Dmitri xidmətdən şikayət etmir, hər şeyin yaxşı olduğunu söyləyirmiş. Xanımı onu müharibəyə getmək fikrindən daşındırmağa çalışsa da, o, Kristinanı dinləməyib. Deyib, pul qazanacaq, mənzil alacaq.

Ötən həftə həlak olanlar arasında cəmi iki ay müharibədə olan hərbçilər çoxdur. Noyabrın 30-da Aleksey Strelkov Həştərxan vilayətinin Volodarski rayonunda dəfn edilib. 22 yaşlı Aleksey məktəbdən sonra Qafqazda hərbi xidmət keçib. Çavuş olan Aleksey artilleriya kəşfiyyatı taqımına başçılıq edib.

Ordudan qayıdandan sonra evlənib. Yeddi uşaq böyüdürmüş. Bu ilin avqustunda müqavilə imzalayıb savaşa yollanan Aleksey oktyabrın 11-də Ukraynada həlak olub.

Ölənlərin sayı dəqiq bilinmir

Noyabr ayında Həştərxan vilayətinin daha bir sakininin ölümü barədə bilgi yayılıb. Rafael Kafizovun 46 yaşı varmış. Kalmıkıstanda doğulan dörd övlad atası son illər qonşu bölgədə yaşayırmış. Avqustda müqavilə imzalamadan könüllü cəbhəyə yollanıb.

Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə 2022-ci il sentyabrın 21-də itkilər barədə bilgi verib. Ozamankı nazir Sergey Şoyqu "xüsusi hərbi əməliyyatda" 5 min 937 nəfərin öldüyünü demişdi.

Rusiyanın Ukraynadakı itkiləri İkinci Dünya müharibəsindən sonra qatıldığı bütün savaşlardakı toplam itki sayından çoxdur.

BBC-nin rus xidməti və "Mediazona" nəşri ölən 82 mindən çox Rusiya hərbçisinin kimliyini müəyyən edə bilib. Əslində, itkilər daha çox ola bilər.

XS
SM
MD
LG