Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:50

Tənqidçilər Rusiya tarixi dərsliyini təbliğat, müharibəyə hazırlıq sayır


Kremlin köməkçisi Vladimir Medinski avqustun 7-də Moskvada orta məktəb şagirdləri üçün ümumi dünya tarixi və Rusiya tarixinə dair yeni dərs vəsaitini təqdim edir.
Kremlin köməkçisi Vladimir Medinski avqustun 7-də Moskvada orta məktəb şagirdləri üçün ümumi dünya tarixi və Rusiya tarixinə dair yeni dərs vəsaitini təqdim edir.

Tədris ilinin başlanması ərəfəsində Rusiya və Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərindəki məktəblərə 11-ci siniflər üçün "Yeni tarix" dərsliyinin 650 min nüsxəsi paylanıb.

"1970-ci illərdən 2000-ci illərədək olan bölmə tamamilə yenidən işlənib", - Prezident Vladimir Putinin millətçi köməkçisi, keçmiş mədəniyyət naziri Vladimir Medinski avqustun 8-də dərsliyin təqdimatında deyib. O, həm də dərsliyin müəlliflərindən biridir.

"2014-cü ildən günümüzədək olan dövrü əhatə edən yeni hissə əlavə edilib… Çoxlu mikrotarixlər və maraqlı faktlar var. Çoxlu yeni illüstrasiyalar… Əlbəttə ki, xüsusi hərbi əməliyyata həsr edilmiş ayrıca fəsil var", - o, əlavə edib.

Tənqidçilər deyirlər ki, yeni dərsliyin tarixlə az əlaqəsi var və o, daha çox gəncləri hədəfə alan sovetdən qalma ideoloji tərbiyə praktikasına qayıdış xarakteri daşıyır. O gənclər qısa zamanda orduya çağırıla bilərlər. Rusiyada 18 yaş bir illik məcburi hərbi xidmətə çağırış yaşıdır.

"Yeni tarix dərsliyi çağırış öncəsi [gənclərə] və onların rəfiqələrinə ünvanlanmış kitabdır. Bu gün hökumətin gənclərlə ünsiyyət üçün az sayda effektiv üsulu var. Gənclər televizora baxmırlar və onları buna məcbur etmək mümkün də deyil", - Siyasi Texnologiyalar Mərkəzinin rəhbərinin müavini Aleksey Makarkin Telegram-da yazıb.

Rusiyalı təhsil mütəxəssisi Dima Zitser isə AzadlıqRadiosuna deyib ki, "tarix şagirdləri tabe olmağa məcbur etmə alətinə çevrilib".

"Xarici agentlərin mənfur əməlləri"

AzadlıqRadiosu avqustun 31-də hələ çapdan çıxmış hazır dərsliyi görməmişdi. Avqust ayında RBK dərsliyin bəzi səhifələrinin, o cümlədən mündəricatın, Ukrayna ilə müharibə və Qərblə münasibətlərə dair hissələrin şəklini dərc etmişdi. Bu səhifələrdə Prezident Vladimir Putinin Ukraynanın, guya, "ultramillətçi" və "neonasist" dövlət olması, Kiyevin Rusiyanı parçalamaq və onun təbii sərvətlərini ələ keçirmək istəyən Qərbin nəzarətində olması, NATO məşvərətçilərinin 2020-ci ildə Kiyevi Donbassa hücuma vadar etməsi, Ukraynada "tam məxfi" Amerika biolaboratoriyalarının yaradılması, Kiyevin fəal şəkildə nüvə silahı əldə etməyə çalışması haqda yalan iddiaları təkrarlanır.

Moskvanın 2014-cü ildə Krımı işğal etməsindən və Ukraynanın şərqində hibrid müharibəyə başlamasından sonra, habelə tammiqyaslı hücumun ardınca Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarsa beynəlxalq hüququn bütün normalarını pozan "tamamilə qanunsuz" hərəkətlər kimi təqdim edilir.

Mətnin müəllifləri şagirdləri "xarici agentlərin mənfur əməlləri" barədə xəbərdar edir, onları müxalifətçilərin, ictimai fikir liderlərinin və populyar bloqqerlərin təsirinə qarşı ayıq-sayıq olmağa çağırır. "Xarici agentlər" dedikdə ictimai fəallar, müstəqil media qurumları və vətəndaş cəmiyyəti qrupları nəzərdə tutulur. Son 10 il ərzində Rusiya hökuməti bu qrupları bağlayıb və onları amansız təzyiqlərə məruz qoyub.

"Saxta elmi dərəcəli fırıldaqçı"

Medinski ixtisasca tarixçi olsa da, reputasiyası mübahisəlidir. Onun çoxsaylı kitabları arasında "Miflər" adlı kitablar seriyası da var. Bu kitablarda o, öz iddiasına görə, xaricilərin Rusiya və ruslar haqda uydurduğu stereotipləri ifşa etməyə çalışır. Tarixçi Aleksey İsayev onun "Müharibə: 1939-45-ci illərdə SSRİ haqda miflər" adlı kitabını "aqitprop" və "hədyan" adlandırıb.

2012-ci ilin yanvarında bir qrup tarixçi Medinskini doktorluq dissertasiyasını köçürməkdə günahlandıraraq başqa tarixçilərin işlərindən götürülmüş iqtibaslarla birlikdə sənəddən ayrı-ayrı hissələri dərc etmişdilər. Tarixçi Lev Usıskin o zaman Medinskini "saxta elmi dərəcəli fırıldaqçı" adlandırmışdı.

2017-ci ildə Rusiyanın elmi şurası Medinskinin doktorluq dərəcəsinin geri alınmasını tövsiyə etmişdi. Şura onun dissertasiyasını "qeyri-elmi" adlandırmış, Medinskinin tezislərini inkar edən mənbələrə məhəl qoymadığını bildirmişdi.

Dilçi alim İvan Babitski isə dissertasiyanı "propaqanda broşürü" adlandırmışdı.

XS
SM
MD
LG