Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:52

ALÖV-ün rəhbərinə 3 ilə yaxın həbs cəzası verilib


Rza Səfərsoy
Rza Səfərsoy

Bir ildən çoxdur həbsdə olan Qarabağ müharibəsi veteranı, Azərbaycanın Ləyaqətli Övladlarının Vəhdəti (ALÖV) Partiyasının sədri Rza Səfərsoya 2 il 9 ay həbs cəzası kəsilib. Dekabrın 11-də Xəzər rayon Məhkəməsində ona hökm oxunub.

R.Səfərsoy Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə - qanunsuz silah saxlamaqda təqsirli sayılıb. İddia olunur ki, ötən il noyabrın 23-də onun evindəki axtarışda "TT" markalı silah tapılıb.

Hökmdən öncə məhkəmədə son sözünü deyən R.Səfərsoy bildirib ki, evindən tapıldığı iddia edilən silahı ora polislərin özləri atıb, özləri də götürüblər. O, siyasi sifarişlə həbs edildiyini vurğulayaraq deyib ki, siyasi baxışlarına, Əliyev hakimiyyətini tənqid edən fikirlərinə görə şərlənib.

R.Səfərsoy məhkəmədə ifadəsində polislərin evinə hücum edərək əl-qolunu bağladıqlarını, onu bir otaqda saxladıqlarını, silahı yataq otağındakı döşəyin altına qoyduqlarını söyləyib: "Mən evdən çıxmaq istəyəndə bir qismi maskalı olan polislər evə basqın etdilər. Yoldaşımı zorla evdən çıxarıb, öz maşınlarında üç saat girov saxladılar. Mənim də əl-qolumu bağladılar, evi gəzib-dolandılar, silahı yerləşdirdilər. Sonra gəldilər ki, evdə axtarış edirik. Özləri qoyduqları silahı özləri də döşəyin altından götürdülər".

Vəkil Nazim Musayev AzadlıqRadiosuna hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib.

Xatırlatma

R.Səfərsoy 2018-ci ildə də Facebook səhifəsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə atılan güllələr barədə yazdığı fikirlərinə görə həbs olunmuş və o zaman Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə açıq çağırışlar etmə və ya bu məzmunlu materiallar yayma) maddələri ilə 2 il azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 7 ay 2 günə endirmiş, bu müddəti də çəkdiyinə görə onu məhkəmə zalındaca azadlığa buraxmışdı. R.Səfərsoy o vaxt da özünü təqsirli bilməyib.

Hökumət təmsilçiləri Azərbaycanda heç kimin siyasi mövqeyinə görə cəzalandırılmadığını, həbs olunanların konkret faktlarla tutulduğunu bildirir.

ALÖV Partiyası dövlət qeydiyyatına alınmayıb.

XS
SM
MD
LG