Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:57

Rusiyanın qlobal silah ixracı azalıb, Azərbaycan...


Silah sərgisi
Silah sərgisi

Son beşillikdə Rusiyanın qlobal silah ixracında payı azalıb. Qərbin Moskvaya sanksiyaları, eləcə də Ukraynada davam edən müharibə səbəbindən Kremlin özünün silah ehtiyacının artması xaricə satışı məhdudlaşdırıb. Bunu Stokholm Sülh Tədqiqatları İnstitutu (SIPRI) martın 13-də yaydığı hesabatda bildirib.

2013-2017-ci illərdə Rusiyanın qlobal silah ixracında payı 22 faiz idisə, 2018-22-ci illərdə 16 faizə düşüb.

Rusiya

Birləşmiş Ştatlar silah ixracında lider olaraq qalır, beşillik dönəmdə payı 33 faizdən 40 faizə yüksəlib.

“Ukraynanın işğalı Rusiyanın silah ixracını daha da məhdudlaşdıra bilər”, – SIPRI-nin aparıcı tədqiqatçısı Piter Vezemən (Pieter Wezeman) deyib.

“Çünki Rusiya öz silahlı qüvvələrinin silahla təchizatına önəm verəcək, Rusiyaya ticarət sanksiyaları, ABŞ-nin və müttəfiqlərinin Rusiyadan silah almamaqla bağlı təzyiqindən dolayı digər ölkələrin tələbatı da aşağı səviyyədə olacaq”, – o, sözlərinə əlavə edib.

SIPRI qeyd edir ki, dünyada silah ixracına illərlə ABŞ və Rusiya liderlik edib, son 30 ildə bu ölkələr birinci və ikinci yerləri tutub.

Fransa

Üçüncü silah ixracatçısı Fransanın payı isə 7.1 faizdən 11 faizə yüksəlib.

“Rusiyanın silah ixracı azaldıqca Fransa bazarda daha böyük paya sahiblənir, bunu məsələn, Hindistanda görürük”, – Vezeman söyləyir.

Son beş ildə əvvəlki dönəmlə müqayisədə ABŞ-nin silah ixracı 14 faiz qalxdığı halda, Rusiyanınkı 31 faiz azalıb, Fransadan ixrac isə 44 faiz artıb.

Fransa əsasən Asiya, Okeaniya, Yaxın Şərq ölkələrinə silah göndərir. Hindistan son beş ildə Fransanın silahlarının 30 faizini əldə edib.

Rusiya Hindistana ən böyük silah təchizatçısı olaraq qalır, iki böyük ölkəyə satışı artıra bilib – Çinə satış 39, Misirə 44 faiz artıb.

Ukrayna üçüncü silah idxalçısına çevrilib

2022-ci ildə Ukrayna dünyanın üçüncü ən böyük (Qətər və Hindistandan sonra) silah idxalçısısa çevrilib. Rusiyanın işğalı öncəki dekadalardakı vəziyyəti dəyişdirib, Rusiya ötən il fevralın sonunda işğala başlayandan ABŞ və Avropa ölkələrinin hərbi yardımı güclənib.

“1991-ci ildən 2021-ci ilin sonunadək Ukrayna az sayda böyük silah idxal edib”, – hesabatda vurğulanır.

Son beşillikdə qlobal silah idxalının 2 faizi Ukraynanın payına düşüb.

Hesabatda qeyd olunur ki, “Rusiyadan təhdidin yüksəlməsi fonunda” Avropanın NATO üzvləri silah idxalını 65 faiz artırıblar.

“Rusiya Ukraynanı işğal etməyə başlayandan Avropa ölkələri sürətlə və daha çox silah idxal etmək istəyirlər”, – Vezeman vurğulayıb.

2018-2022-ci illərdə dünyanın silah idxalçıları sırasında Azərbaycan da var və ümumi ixracdakı payı 9.1 faiz olaraq göstərilib.

SIPRI-nin ötənilki hesabatına görə, Azərbaycan 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub. Ölkənin silahı əsasən İsraildən (61%), Rusiyadan (22%) və Belarusdan (6,6%) aldığı qeyd olunurdu.

Müstəqil beynəlxalq qurum olan SIPRI 1966-cı ildə yaradılıb, münaqişələr, silahlanma, silahlara nəzarət, tərksilah məsələləri üzrə tədqiqatlar aparır.

XS
SM
MD
LG