Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:59

Putin Əsədə sığınacaq vermək qərarını şəxsən qəbul edib


Bəşər Əsədin Qamışlı şəhərində cırılmış portreti.
Bəşər Əsədin Qamışlı şəhərində cırılmış portreti.

Suriya prezidenti Bəşər Əsəd və ailəsinə Rusiyada sığınacaq verilməsi barədə qərarı bu ölkənin dövlət başçısı Vladimir Putin qəbul edib.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Beləliklə, o, dekabrın 8-də Suriyada hakimiyyətin süqutundan sonra Əsədin Moskvaya uçduğunu faktiki olaraq təsdiqləyib. Bu barədə bir gün əvvəl Kremldəki adı açıqlanmayan mənbə məlumat vermişdi.

Bununla yanaşı, Peskov əlavə edib ki, indi Əsədin harada olması ilə bağlı jurnalistlərə deyəcək heç nə yoxdur və onunla görüş Putinin rəsmi proqramına salınmayıb.

Bütövlükdə Suriyadakı vəziyyətdən danışan Peskov vurğulayıb ki, orada baş verənlər "bütün dünyanı təəccübləndirib" və Kreml də "bu məsələdə istisna deyil".

Putinin mətbuat katibinin sözlərinə görə, Suriyanı "qeyri-sabitliklə bağlı çox çətin dövr" gözləyir, lakin Kreml Suriya məsələlərində bütün region ölkələri ilə dialoqu davam etdirəcək.

8 dekabr

Əsəd Rusiyaya qaçıb, Moskvadan sığınacaq aldığı deyilir

Qiyamçıların Suriya paytaxtı Dəməşqə nəzarəti ələ keçirməsi ilə prezident Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb. Bu barədə Rusiya diplomatlardan biri bildirib. Beləliklə, Əsəd ailəsinin Suriyada yarıməsrlik hökmranlığına son qoyulub.

Rusiyanın Vyanadakı səfiri Mixail Ulyanov "mürəkkəb durumdan keçən" Əsəd və onun ailəsinin Moskvada olduğu barədə dekabrın 8-də axşam saatlarında sosial şəbəkə paylaşımında bildirib.

Rusiya kütləvi informasiya vasitələrinin (KİV) bilgilərinə görə, rəsmi Moskva Əsəd və onun ailəsinə siyasi sığınacaq verib. ABŞ prezidenti Co Baydenin administrasiyası bilgini təsdiqləməsə də, ona şübhə ilə yanaşmağa səbəb görməyib.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) bir müddət əvvəl bildirib ki, silahlı münaqişənin bir neçə iştirakçısı ilə danışıqlardan sonra Əsəd istefa barədə qərar verib. "Rusiya danışıqlarda iştirak etməyib", - XİN-in bəyanatında belə deyilib.

Rusiya Suriyanın uzun müddətdir ki müttəfiqidir. Rəsmi Moskva özəlliklə ölkədə 2011-ci ildə vətəndaş müharibəsi başyalandan Əsəd rejiminə hərbi və siyasi dəstək göstərib.

Qiyamçılar ölkə televiziyasıyla suriyalılara ünvanladığı bəyanatlarında bildiriblər ki, Dəməşq 1971-ci ildən ölkəyə rəhbərlik etmiş "Əsəd ailəsindən artıq azaddır". (Bəşər Əsəddən əvvəl atası Hafiz Əsəd Suriyaya rəhbərlik edib)

Əsədin hakimiyyətdən getməsini qeyd edən suriyalılar bütün ölkə böyü küçələrə axışıblar. Onlar rejimə aid heykəlləri qırıb hökumət binalarını qarət ediblər.

Suriya baş naziri Məhəmməd Qazi əl-Cəlali bildirib ki, hökumət xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlıq etməyə hazırdır. "İnanırıq ki, Suriya bütün suriyalılar, bütün övladları üçündür. O, heç bir regional ittifaqlara, bloklara daxil olmadan qonşuları və bütün dünya ilə yaxşı münasibətləri qura bilən normal dövlət ola bilər", - əl-Cəlali deyib.

Bəyanatdan sonra baş nazirin mühafizəçilərinin müşayiətiylə Əsəd rejimini devirmək üçün sonuncu hücuma başçılıq edən "Həyat Təhrir əş-Şam" (HTŞ) rəhbərləri ilə görüşə getdiyi iddia olunur.

Birləşmiş Ştatların terrorçu təşkilat kimi tanıdığı HTŞ son illər "əl-Qaidə" ilə əlaqələrini kəsib və Suriya hökumətinin alternativinə çevrilməyə çalışıb. Bununla belə, qruplaşmanın insan haqlarını pozmaq halları və terrorçu qruplarla əlaqələri narahatlıq doğurur.

Qruplaşmanın lideri Əbu Məhəmməd əl-Covlani suriyalı azlıqların nümayəndələrini, o sıradan (İslamın şiə təriqətinə aid) ələvilər və xristianlıları inandırmağa çalışıb ki, onlara qarşı ayrıseçkilik olmayacaq.

İŞİD-ə qarşı ABŞ-ın zərbələri

ABŞ prezidenti C.Bayden yeni hökumətə keçid prosesində Suriyanın bütün qruplaşmalarıyla əlaqə quracağını bildirib. O xəbərdarıq edib ki, son günlər "düz ifadələr işlədən" bir neçə qiyamçı qruplaşmanın insan haqları pozuntularıyla bağlı mənfi keçmişi var: "Getdikcə üzərilərinə daha çox məsuliyyət götürməkləriylə biz onların təkcə sözlərini yox, əməllərini də qiymətləndirəcəyik".

Onun sözlərinə görə, ABŞ boşluğun yaranmasından istifadə edərək öz hakimiyyətini qurmaq istəyə biləcək İŞİD ekstremist qruplaşmasının hərəkətlərini diqqətlə izləyəcək. ABŞ-nin qruplaşmanın Suriyadakı 75 mövqeyinə hava zərbələri endirdiyi bildirilir.

Dövlət katibi Antoni Blinken deyib ki, Əsəd rejiminin 2011-ci ildən bəri etibarlı siyasi prosesdən imtinası, Rusiya və İranın "qəddar" dəstəyinə arxalanması onun qaçılmaz çökməsinə səbəb olub. "14 illik münaqişədən sonra, nəhayət, indi suriyalıların ümidlənmək üçün bir səbəbi var", - o deyib.

Rusiyanın uğursuzluğu

Ekspertlərin fikrincə, Əsəd rejiminin süqutu rəsmi Tehranla vətəndaş müharibəsi zamanı Suriya hökumətini dəstəkləyən Rusiya üçün böyük geosiyasi uğursuzluqdur.

ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib ki, göründüyü kimi, ölkəyə əlavə hərbi qüvvələr yeridən Rusiya və İran sürətlə səpələnən Suriya ordusunu dəstəkləməkdən boyun qaçırıb.

Bayden deyib ki, Rusiya Ukraynada üç il apardığı müharibəyə görə zəifləyib. İranın bölgədə dəstəklədiyi qüvvələri isə İsrail darmadağın edib.

Suriyada 7 min 500-dək hərbçisi olan Rusiya Hmeymində hərbi hava, Tartusda isə strateji əhəmiyyətli hərbi-dəniz bazası olmaqla, bir sıra hərbi obyektlərə nəzarət edir. O, bunlardan həm də Şimali Afrika və Sahara səhrasının cənubundakı əməliyyatlara dəstək üçün istifadə edir.

Prezident Vladimir Putin Rusiyanın Hmeymim aviabazasına səfəri.
Prezident Vladimir Putin Rusiyanın Hmeymim aviabazasına səfəri.

Rusiyanın "RİA Novosti" agentliyinin bilgisinə görə, Suriya müxalifətinin hərbi liderləri ölkədəki Rusiya hərbi bazaları və diplomatik müəssisələrinin güvənliyinə zəmanət veriblər.

Rusiya XİN-nin başçısı Sergey Lavrov sözügedən bazaların gələcəyi ilə bağlı şərh verməkdən boyun qaçırıb.

Bayden administrasiyasının yüksəkvəzifəli nümayəndəsi bildirib ki, ABŞ Rusiyanın sözügedən bazalarını saxlamaq qabiliyyətində olmasına şübhəylə yanaşır. "Rusiyalılar Əsədi Moskvaya götürdüklərini elan ediblər. Görərik, oniliklərlə Əsəd rejimini devirməyə çalışan suriyalılar Rusiya bazaları haqda nə düşünəcəklər", - o deyib.

Rusiya parlamentinin yuxarı palatasının sədr müavini Konstantin Kosaçov dekabrın 8-də deyib ki, suriyalılar tammiqyaslı müharibənin öhdəsindən təkbaşına gəlməli olacaqlar. Lakin o əlavə edib ki, məlum şəraitlərdə rəsmi Moskva Suriya xalqını dəstəkləməyə hazırdır.

Yaxın Şərq üzrə rusiyalı ekspert Ruslan Süleymanov AzadlıqRadiosuna bildirib ki, qiyamçılar Dəməşqdə hakimiyyətə gəlsələr, Moskva onlarla əməkdaşlıq edəcək. Onun bilgisinə görə, HTŞ bir müddət əvvəl bildirib ki, Kremllə danışıqlara hazırdır: "Putin bölgədə mövcudluğunu qorumaq istəyir. İstənilən halda, o, həm cihadçılara (qiyamçılara), həm də onları dəstəkləyən (Türkiyə prezidenti) Rəcəb Tayyib Ərdoğana güzəştlər etməli olacaq".

Qiyamçıların qəfil hücumu noyabrın 27-də başlayıb. HTŞ -nın rəhbərlik etdiyi qiyamçı qruplaşmaların koalisiyası Suriyanın ən böyük şəhəri Hələbi ələ keçiriblər. Əsəd qüvvələrinin güclü dirənişiylə rastlaşmayan silahlılar digər iri şəhərləri də tutublar.

HTŞ ilə yanaşı, Türkiyəyə arxalanan qruplaşmaların bir araya gəldiyi Suriya Milli Ordusu da qiyamçıların sıralarına daxildir.

Türkiyə sözügedən hücuma dəstək verməsini inkar etsə də, ekspertlər deyir, onun razılığı olmadan qiyamçılar sonuncu hücuma başlamazdılar.

BMT-nın bilgisinə görə, noyabrın sonundan bəri döyüşlər nəticəsində 300 minədək suriyalı məcburi köçkünə çevrilib.

İsrailin zirehli texnikası təhlükəsizlik hasarını keçərək İsrailin ilhaq etdiyi Colan təpələrini Suriyadan ayıran "Alfa" xətti adlanan yerə doğru irəliləyir.
İsrailin zirehli texnikası təhlükəsizlik hasarını keçərək İsrailin ilhaq etdiyi Colan təpələrini Suriyadan ayıran "Alfa" xətti adlanan yerə doğru irəliləyir.

Qonşu ölkələr və dünya güclərin reaksiyaları

Dəməşqdəki hadisələr Suriyanın qonşularını təcili addımlar atmağa məcbur edib. Paytaxt Beyrutu Dəməşqlə birləşdirən bir yerüstü sərhəd-keçid məntəqəsindən savayı, Livan qonşusuyla olan bütün keçid məntəqələrini bağlayıb. İordaniya da Suriya ilə sərhəd məntəqəsini qapadıb.

Dekabrın 8-də İsrail Suriya ilə şimal sərhədi boyu demilitarizasiya olunmuş ərazidə qoşunlarının yerləşdirildiyini bəyan edib. Üstəlik, gərəkli digər yerlərə də qoşunlarının göndərildiyi bildirilir. İsrailin hərbi ekspertlərinin məlumatına görə, qoşunların yerləşdirilməsi Təl-Əvinin ilhaq etdiyi Colan yüksəkliklərində yaşayan dinc sakinlərinin güvənliyinin qorunması ilə əlaqədardır.

BMT-nın Suriya üzrə xüsusi elçisi Qeyr Pedersen bütün bu hadisələri "ölkə tarixində həlledici an" adlandırıb və bütün silahlı qruplaşmaları qanunu, asayışı və ictimai institutları qoruyub saxlamağa səsləyib.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin rəhbəri Tom Fletçerin sözlərinə görə, 14 il davam edən vətəndaş müharibəsi nəticəsində milyonlarla suriyalı acınacaqlı duruma düşüb və indidən sonra daha çoxu təhlükədə olacaqlar.

XS
SM
MD
LG